Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında AZAL təyyarəsinin qəzaya uğramasından sonra yaranan gərginlik fonunda Azərbaycanla münasibətlərin normallaşdığını bildirib.
Musavat.com xəbər verir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqlardan sonra “pis səhifənin” qapandığını vurğulayıb.
“Biz bu barədə dünən Azərbaycan Prezidenti ilə danışdıq. Mən çox ümid edirəm ki, bu səhifəni çevirdik və irəliyə doğru gedəcəyik. Heç bir çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcək və hər iki ölkənin malik olduğu böyük planları – həm logistika, həm də sənaye əməkdaşlığı sahəsində – həyata keçirəcəyik”, - deyə Rusiya dövlət başçısı qeyd edib.
Putin bu fikirləri 9 oktyabrda İlham Əliyevlə görüşünün nəticələrini şərh edərkən səsləndirib. O, həmçinin bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və əməkdaşlıq dinamikası davam edir.
Vladimir Putinin sözlərinə əsasən, emosiyalar Rusiya-Azərbaycan münasibətlərinin inkişafına mane olmamalıdır:
“Emosiyalar - əlbəttə, onlarsız edə bilməzsən, lakin onları işə mane olmayan və tərəqqiyə mane olmayan bir vəziyyətdə saxlamaq həmişə daha yaxşıdır. Düşünürəm ki, bütün bunlar (Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki çətinliklər - red.) keçmişdə qalıb”.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2025
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ