Onlayn ictimai-siyasi qəzet
“Yekaterinburq zəlzələsi”nin afterşokları davam edir. Həm Rusiya, həm Azərbaycan, həm də digər postsovet ölkələrin analoq və internet TV-lərində bu mövzu geniş müzakirə olunur.
Bu, birmənalıdır ki, postsovet məkanında son bir həftənin ən ajiotaj doğuran hadisəsi məhz Yekaterinburqda Azərbaycan əsilli insanların evlərinə, iş yerlərinə edilən basqınlar, nəticədə iki qardaşın öldürülməsi və bunun Rusiya-Azərbaycan arasında partlayışa səbəb olmasıdır.
Hadisənin baş verdiyi ilk günlərdə hər iki tərəfdə təbii olaraq emosional ovqat soyuq mühakiməni üstələmişdi, amma indi baş verənlərə dair daha sağlam mülahizələr eşitmək mümkündür.
Artıq Rusiyada politoloqlar və jurnalistlər səviyyəsində belə fikirlər var ki, RF-nin hüquq-mühafizə orqanları, necə deyərlər, əl-üzlərinə bulaşdırıblar.
Hələ də radikal mövqedə olanlar, “güc strukturlar düz eləyiblər” deyənlər də var, amma “bespredel” kəlməsini çox adamın işlətməsi göstərir ki, çox adam baş verənlərin əsl mahiyyətini bilir.
Başqa necə ola bilər? Poqonlular günahı sübut olunmamış, adi ifadəsi alınmamış iki adamı öldürüb, daha üçünə ağır xəsarət yetirib, 40-dan artıq adamla terrorçu kimi davranıblar.
Normalda bu isterikaya, işğal edilmiş şəhərdəki müqavimət ocaqlarını zərərsizləşdirirmişcəsinə hərəkət etməyə heç bir ehtiyac yox idi. Qanuna hörmət edən ölkələrdə belə qanlı basqınlar yalnız silahlı müqavimət göstərənlərə qarşı ola bilər – o da əlac kəsiləndən sonra.
Aşırı güc tətbiqinin ağır nəticələrinin isə həmin şəxslərin qohumlarında, soydaşlarında diametral hiddət doğurması təbiidir.
Yekaterinburqda öldürülənlər, döyülənlər azərbaycanlılar yox, ermənilər olsaydı, Ermənistan dövlətinin reaksiya bundan betər olardı.
Bəlkə İsrail dövləti bu cür rəftara məruz qalmış yəhudilərə görə susardı, “bu, Rusiyanın daxili işidir” deyərdi? Əsla elə bir söhbət ola bilməzdi.
Çevik polislərimiz ölkəmizdəki rus icmasının rəhbəri Mixail Zabelinə qarşı eynilə Yekaterinburdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin avtomobildən silah qundağı ilə endirilib azfaltda uzadılması kimi hərəkət etsəydi, necə olardı? XİN rəhbəri Lavrov və onun sözçüsü Zaxarova ləngimədən sərt bəyanat yayardı.
Ancaq Rusiyada hadisənin ilk günlərində intellektual ictimaiyyət və neonasist qaragüruh Azərbaycan dövlətinin etirazını az qala rus dövlətinə asi çıxmaq, üzə ağ olmaq kimi qiymətləndiridi.
Sonrakı günlərdə, yuxarıda dediyimi kimi, hiddət bir qədər səngidi, çünki sərt reaksiyadan sonra daha bir sərtlik dalğası gördülər və anladılar ki, özləri də düz etməyiblər.
Azərbaycanda çoxlu dostları olan və həmişə obyektiv olmağa çalışan politoloq Maksim Şevçenko ard-arda verdiyi telemüsahibələrdə bildirir ki, bu mövzuda geniş şərhlər verir, ancaq sonda əmin olduğunu bildirir ki, yaxın vaxtlarda ixtilaf çözüləcək.
Onun sözlərinə görə, Azərbaycanın əlində Rusiyaya qarşı təzyiq rıçaqları çox və güclü deyil, amma Rusiyanın əlində böyük və effektiv təzyiq vasitələri var.
Şevçenko onlardan biri kimi, Rusiyada yaşayan və böyük iqtisadi kapitala malik olan Azərbaycan diasporunun Kreml tərəfindən seçim qarşısında qoyula biləcəyini və onların bu təqdirdə Rusiyadan yana olacağını iddia edir.
Onun daha bir ehtimalı da odur ki, Rusiya 2012-ci ildə Azərbaycana qarşı yeritdiyi strategiyaya əl ata bilər. Politoloq Rusiyada “Azerros”, Azərbaycanda isə “Milyarderlər ittifaqı” adlanan təşkilatın yazıçı Rüstəm İbrahimbəyovu Azərbaycan prezidentliyinə namizəd göstərməsini nəzərdə tutur.
Azərbaycan siyasətinin incəliklərini bilən, Rusiyanın Azərbaycana münasibətindən yaxşı xəbərdar olan Şevçenko bu sözləri əbəs yerə demir. O, Kremlin “asi düşənlər”ə qarşı hansı məkrli planlara əl atacağını da yaxşı bilir.
Başqa bir məşhur telejurnalist Aleksandr Nevzorov da baş verənlərə soyuqqanlı yanaşanlardan biri olaraq, iki dövlət arasında olub-keçənləri əsasən düzgün analiz edir. Ancaq onun işlətdiyi bir ifadə Rusiyada müəyyən bir qıcıq doğurmağa qadirdir. Nevzorov rusiyalı xakerlərin həbs edilməsini və qaz yerişi yeridilməsini belə qiymətləndirir: “Bu, Azərbaycanın Rusiyanı başından tutub ağzını masaya çırpması kimi bir şey idi”. Əslində belə ifadələrə ehtiyac yoxdur.
Yeri gəlmişkən, həmin epizod Orta Asiya respublikalarında riqqət doğurub və bunu sosial şəbəkələrdə aydın şəkildə görmək olur. Son vaxtlarda Rusiyanın xüsusi təyinatlıları tərəfindən bu cür yeridilmiş özbəklər, qırğızlar və taciklər gördükləri süjetdən məmnun qalıblar.
Ancaq hamı anlayır ki, 200 illik yarızor-yarıxoş inteqrasiyadan sonra birdən-birə dalaşıb pozuluşmaq, düşmənə çevrilmək düzgün olmaz. Necəsə anlaşmaq, dinc, yanaşı yaşamaq lazımdır.
Sadəcə, bundan ötrü Rusiyanın bizə münasibətdə son 6-7 aydakı yanlışlarını boynuna alması, Azərbaycana yönəlik tələblərdən və umacaqlardan imtina etməsi lazımdır.
Rus cəmiyyəti anlamalıdır ki, Azərbaycan 33 ildir müstəqil dövlətdir, heç bir imperiyanın arxa bağçası deyil və qapazaltı olmaq istəmir.
Görünür, iki dövlət arasında yeraltı layların yerinə oturması üçün “Yekaterinburq zəlzələsi”nə, yüngülvarı toqquşmaya ehtiyac varmış. Baş verənlər Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açmalıdır.
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ