Onlayn ictimai-siyasi qəzet
Moldovanın Avropa ilə münasibətləri qurmaq naminə Rusiya ilə qarşıdurma kursunu davam etdirəcəyi təqdirdə onu yaxşı heç nə gözləmir.
Musavat.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında deyib.
O, Moldovanın Rusiyanı “əsas təhlükə” adlandıran yeni hərbi strategiyasını şərh edib.
Peskov bildirib ki, Kreml bu sənədin qəbulunu Kişinyovun Moskva ilə münasibətlərdə “qarşıdurma xəttinin davamı” kimi qiymətləndirir:
“Hazırkı Moldova rəhbərliyi, bizim fikrimizcə, ciddi səhv edir. Onlar hesab edirlər ki, Avropa ilə münasibətləri inkişaf etdirmək Rusiyaya qarşı düşmənçilik tələb edir. Bu səhvi artıq bir dövlət edib. Bu, onlara heç bir xeyir gətirmədi”.
Xatırladaq ki, oktyabrın 8-də Moldova hökuməti 2035-ci ilə qədər yeni hərbi strategiyanı təsdiqləyib. Sənəddə qeyd olunan “milli təhlükəsizlik üçün hərbi risklər və təhdidlər” arasında Rusiyanın Ukraynaya qarşı müharibəsinə xüsusi yer ayrılıb.
Moldova Rusiyanın öz sərhədlərinə qədər “quru dəhliz” yaratmaq ehtimalından və döyüş əməliyyatlarının respublika ərazisinə “yayılma imkanından” narahatlığını ifadə edib.
Digər təhlükə kimi isə Dnestryanı bölgədə yerləşən təxminən 1000 rus hərbçisinin mövcudluğu göstərilib. Buna görə də hökumət milli ordunun sayını üçdəbir artırmaq və müdafiə xərclərini ÜDM-in 1 faizi səviyyəsinə yüksəltmək barədə qərar verib.
Yeni hərbi strategiya həmçinin NATO standartlarına keçidi də nəzərdə tutur. Sənəddə qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş neytrallıq prinsipi Moldovanı “özünü müdafiə üçün, o cümlədən hərbi tədbirlər daxil olmaqla, bütün addımları atmağa” məcbur edir və beynəlxalq təlimlərdə iştirakına da imkan yaradır.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ