Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla iki gün ərzində ikinci dəfə telefonla danışdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, O, danışıqları “çox məhsuldar və strateji əhəmiyyətli” adlandırıb.
Zelenskinin sözlərinə görə, söhbət zamanı hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli imkanlar və enerji təhlükəsizliyi məsələləri geniş müzakirə olunub:
“Dünən biz müəyyən mövzuları müzakirə etməyə razılaşdıq və bu gün vəziyyətin bütün aspektlərini əhatə etdik. Ölkəmizdə həyatı qorumaq, onu gücləndirmək – həm hava hücumundan müdafiə, həm dayanıqlılığımız, həm də uzaq mənzilli imkanlarımız baxımından vacibdir. Enerji ilə bağlı bir çox detallar müzakirə olundu. Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır. Söhbətimizi davam etdirmək üçün razılaşdıq və komandalar artıq hazırlaşır.”
Zelenski bildirib ki, Trampın komandasının Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün konkret təkliflər üzərində işlədiyini təsdiqləyib.
Zelenski açıqlamasında ilk dəfə olaraq ABŞ istehsalı olan “Tomahawk” tipli uzaqmənzilli qanadlı raketlərin Ukraynaya verilməsi məsələsinə də toxunub.
“Ukrayna əgər "Tomahawk"lara sahib olarsa, bu silahdan yalnız hərbi obyektlərə qarşı istifadə ediləcək. Bizim məqsədimiz mülki infrastruktur deyil, ölkəmizə hücum edən təcavüzkarın döyüş potensialını sıradan çıxarmaqdır,” – deyə Ukrayna lideri vurğulayıb.
Politoloqlar hesab edirlər ki, bu bəyanat Tramp administrasiyasının Ukrayna üçün yeni hərbi dəstək mərhələsinə keçməsinin siqnalıdır. ABŞ-da Respublikaçılar Partiyası daxilində artıq “Tomahawk paketi” adlanan təşəbbüs müzakirə olunur.
ABŞ Prezidenti Donald Tramp hələ sentyabr ayında demişdi ki, “Ukraynanın müdafiə qabiliyyətinin artırılması üçün bütün səmərəli variantlara açıqdır”.
Zelenskinin son açıqlaması göstərir ki, Vaşinqton–Kiyev əlaqələri yenidən aktivləşib və iki lider arasında “praktik və operativ əməkdaşlıq” mərhələsi başlayıb.
Ekspertlər qeyd edirlər ki, əgər Ukrayna "Tomahawk" raketlərini əldə etsə, bu, müharibənin gedişini tamamilə dəyişə bilər – Rusiyanın arxa cəbhə infrastrukturuna strateji zərbələr endirmək imkanı yaranacaq.
Mənbə: Ukrayna Prezident Administrasiyası, Fox News, Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ