İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriminalitet və generalitetin üzüquylu qoyduğu ölkə

Rusiyada baş verən hadisələrə, tuthatut, döyhadöy, qovhaqov olaylarına baxanda və hələ də bu ölkəyə getmək istəyənləri görəndə adamın yadına bir lətifə düşür.

Lətifə belədir: 1 il İsraildə yaşayandan sonra Rusiyaya qayıdan yəhudini hava limanında saxlayırlar. Onun pasportdakı şəklini, əl çantasını, çamadanlarını, üst-başını diqqətlə yoxlayırlar. Şübhəli və ya qanunsuz heç nə tapmırlar, nəhayət, ona belə bir sual verirlər: “Buraya qayıtmaqda məqsədiniz nədir?”

Yəni ağlı başında olan, canını bu ölkədən qurtarmış şəxs, özü də yəhudi, yenidən bu ölkəyə niyə qayıtsın? Deməli, ya xarab işi var, ya da casusdur.

Amma eyni sualı sərhəd-keçid məntəqələrində Orta Asiyadan, Qafqazdan olan miqrantlara vermirlər. Çünki pasport nəzarəti bölməsində işləyənlər Rusiyaya daxil olmaq istəyənlərin məqsədini, miqrasiyanın səbəbini bilirlər.

Səbəb hər kəsə aydındır. Böyük şairimiz Əliağa Vahid hələ 65-70 il əvvəl belə bir söz deyib:

“Üzü dönsün görüm o ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi ləçərə, oğraşa bizi”.

(Eldən ayıbdır deyə ikinci misranın dördüncü sözünü evfemizm qaydalarına uyğun olaraq dəyişdirmişəm, qəzəlxan şairimiz daha konkret ifadə yazıb).

İndi onun sözü olmasın, özbəkləri, qırğızları, tacikləri, eləcə də Rusiyaya axışan başqa qastarbayterləri şimalın bıçaq kimi kəsən şaxtasına aparan çörəkdir. O çörək milyonlarla insanı medvedyevlərə, tolstoylara, roqozinlərə möhtac edib.

Yuxarıdakı cümlədə “qastarbayter” dedik, amma reallıq belədir ki, artıq o əmək miqrantlarına qastarbayter-filan deyən yoxdur. Haımısına “alverçi”, “müftəxor”, “bandit”, “yanıq” deyirlər.
Yazıq özbəkləri o qədər gözüqıpıq ediblər ki, əkələr qız-gəlin çox olan ictimai nəqliyyata minmirlər, çünki kiməsə toxunsalar, üstlərinə “cinsi sataşma” və ya “zorlamaya cəhd” maddəsi qoyub basırlar içəri. Təcridxanalar özbək “manyak”larla doludur.

Taciklər heç, onların maddəsi daha ağırdır. Bir tacik metroya minsə və “mən tacikəm” deyə qışqırsa, yüzlərlə adam başını tutub yerə uzanar ki, indicə partlayış olacaq.

10-15 il əvvəl, “əl-Kaidə”nin vaxtında Londonda elə bir haqq-hesab olmuşdu, xuliqan bir ərəb metroda bərkdən “Allahu-əkbər” demişdi, ətrafında nə qədər adam var, hamısı yerə sərilmişdi ki, kamikadzenin qurbanı olmasın.

Bizimkilərin işi də asan deyil, Kalininqraddan Saxalinə qədər hansı şəhərdə pul qazanan azərbaycanlı var, xüsusi təyinatlılar tutub yıxırlar asfalta. Sanki onlara çağırış vərəqəsi verib istintaqa-filana çağırmaq olmaz, hamısı “xüsusi əməliyyat”la küçədən, özü də qəflətən “hop” götürülməlidir.

Tutqular çağırışla olsa, xalqa ləzzət eləməz. Xalq görməlidir ki, orqanlar işləyir, “xüsusi əməliyyat” keçirirlər. (Yeri gəlmişkən, nə işdirsə, rusların “xüsusi əməliyyat”ı uzun çəkir, bitmək bilmir ki, bilmir).
Ancaq bu cür realiti-şou elementləri ilə tutulanların bir çoxunu ertəsi gün, yuxarıdan tapşırıq və pul-para sayəsində buraxırlar, amma ta bunu çəkib göstərmirlər. Çünki kütləyə tutqu şousu lazımdır, buraxılma epizodlarını göstərsələr, insanlar yanlış anlayarlar, elə bilərlər, ortada korrupsiya və rüşvətxorluq elementləri var.

Korrupsiya və rüşvətxorluğa gəlincə, bu dəyirmanın başında elə safqanlı rus məmurlar özləri durur. Rusiyanın kriminal aləmində at oynadan etnomafiyaların çoxu slavyan qruplaşmalarıdır. “Monqol”ların, “Yaponçik”lərin, “Ded Xasan”ların, “Şişkan”ların, “Şakro”ların dəstələrində, eləcə də “Lyuberets” bandasında, “Tambov” qruplaşmasında azərbaycanlılar yox idi.

İllərdən bəridir Rusiya kriminalitetini polis generaliteti idarə edir. Onlar da qubernatorlara hesab(at) verir.
Yəni ortada bir hörümçək toru (“pautina”) var.

Durum anekdotluq olduğu üçün mövzuya dair bir lətifə də ərz edim. Bir nazirlik Moskvada ofis tikintisi üçün tender elan edir və podratçı axtarır. Müraciətlər daxil olur. Nazirliyin səlahiyyətli şəxsi oturub təkliflərə qulaq asır. İlk gələn türk olur və o, ofisi 1 milyon dollara başa gətirəcəyini deyir. Rəsmi şəxs onu “məsləhət olsa, sizə dönəcəyik” deyə yol salır. İkinci gələn alman şirkətinin təmsillçisi ofisi 2 milyona tikəcəklərini bəyan edir.

Rəsmi şəxs deyir: “Bəs niyə bu qədər?” Alman cavab verir: “Keyfiyyətli iş görəcəyik və vaxtında təhvil verəcəyik”.

Sonra bir rus şirkətinin nümayəndəsi gəlir və ofisi 3 milyona tikəcəklərini bildirir. Nazirliyin işçisi deyir, bu qiymət çox deyilmi.

Rus menecer izah edir: “Niyə çox olur? 1 milyon mənim, 1 milyon sənin, 1 milyon da ofisi tikən türklərin”.
Durum aşağı-yuxarı bu cürdür.

İndi xirtdəyəcən korrupsiyanın, cinayətin içində olan ölkənin poqonluları 3-5 miqrantı üzüquylu asfalta yıxmaqla “qanunçuluğu bərpa edəcəklərini” düşünürlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR