Onlayn ictimai-siyasi qəzet
“1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü, birbaşa iştirakı və qardaş Türkiyənin yardımı ilə tikilən Ümid körpüsü mühasirədə olan Naxçıvanın hərbi-siyasi təhlükəsizliyində və iqtisadi xilasında nə qədər mühüm rol oynamışdısa, indi azad Laçında 3 dövlət rəhbərinin Zirvə görüşü də eyni uzaqgörən məqsədlərə xidmət edir. Azərbaycanın son 100 ilində dövlət müstəqilliyimiz heç vaxt indiki qədər gerçək xarakter daşımayıb”.
Musavat.com xəbər verir ki, bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc plenar iclasda çıxışı zamanı deyib.
O fikrinin davamında aşağıdakıları qeyd edib:
“Bəli, azadlıq və hürriyət yalnız deklarativ akt deyil. 1918-ci ildə yaradılan bayraq yalnız indi qalib və qurucu bir liderin dəmir əlləri ilə hər qarış Vətən torpağında dalğalanır. O zaman Gəncədən Bakıya gətirilən Cümhuriyyətdən fərqli olaraq, indi İlham Əliyev qalib dövlətimizi paytaxtdan bölgələrə aparır.
Biz liderləri öz dövründən və tarixi şərtlərdən ayırıb müqayisə etmirik. Lakin bir geçək hamıya aydındır-torpağı, vətəni, milləti sevmək, yaxud proqramlar hazırlamaq, xalqı meydanlara toplamaq və şüar söyləmək, düşməni göstərməklə iş bitmir, əsil millət öndərliyi mənsub olduğun xalqın keçdiyi siyasi quruluşları, hərbi məğlubiyyət və faciələri düzgün təhlil edib, tarixin gedişini dəyişdirmək bacarığıdır.
İlham Əliyev 28 may inqilabını edib bütün ərazisində üçrəngli bayrağı yaymaq imkanı olmayan 100 il əvvəlki rəhbərlərin arzularını çin edir, Qərbi Zəngəzuru ermənilərə bağışlayıb Naxçıvanı Azərbaycandan ayıran sovetlərin qərarlarını geri oxutdurur. Nə Rəsulzadə, nə Nərimanov, nə də ondan sonrakı dövlət adamlarımız bir türk , yaxud dünya liderini Zəngilana, Şuşaya, Laçına gətirməyə nail ola bilmədilər. O coğrafiyada yalnız İran, Rusiya, sovet qoşunları hökmranlıq etdi, daha əvvəl Osmanlı orduları, ardınca Almaniya-Britaniya silahlı qüvvələrindən başqa müttəfiqlərimiz Arazboyu çiyin-çiyinə dayanmadılar”.
Zahid Oruc deyib ki, 30 il əvvəl o dağlar itiriləndə Qarabağ təslim oldu:
“Vətən müharibəsindən sonra da Laçını 25 km-lik dəhlizə çevirmək istədilər. Prezidentsə azad torpaqlara yeni siyasi status qazandırır, strateji hərbi yüksəkliyə, müdafiə istehkamına çevirir, bir daha işğala məruz qalmayacağının zəmanətini hazırlayır. Azad torpaqlara qoyulan hər daş, tikilən yol, hava limanı təkcə Böyük Qayıdışın deyil, daha uzaqvədəli planının tərkib hissəsidir. Prezident 7 yanvarda dedi ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir.
Geosiyasətin bir qanunu var-coğrafi böyümədən sonra mütləq siyasi və iqtisadi miqyasca genişlənməlisən. Biz imperiya qurmaq və başqa əraziləri ələ keçirmək xəstəliyinə tutulmamışıq. Lakin İqdırdan gələn qaz xəttinin açılışı da, Zəngilan, Laçın, Şuşa zirvələri də eyni mərama-Naxçıvanı Azərbaycanla birləşdirməyə, Zəfərimizin davamına xidmət edir.
İndi azad torpaqları zəhmətkeş, vətənsevər, təhsilli və sabahını yaxşı görən insanlarla zənginləşdirmək dövlət rəhbərinin başlatdğı Qalib Yüz İlə ən böyük töhfə olacaqdır”.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ