İnsanlara hürriyət, millətlərə istiqlal!

Mavzoleydə baş verən silahlı insidentlər - Leninin mumiyasından qisas almaq istəyiblər

1973-cü il sentyabrın ilk günü Qırmızı meydanda Vladimir Leninin məqbərəsində partlayış səsi eşidilib. Dərhal hadisə yerinə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib. Dünyanın ilk sosialist dövlətinin banisinin məqbərəsi ziyarətçilərin üzünə bağlanıb və qəzetlər heç vaxt baş verənlərlə bağlı heç nə yazmayıb. Lenin mumiyasına sui-qəsd cəhdi yalnız Sovet İttifaqının dağılmasından sonra məlum olub. Lakin mumiyaya hücumbir dəfə olmayıb.

Leninə etiraz

Sıravi sovet vətəndaşı növbəsini gözləyərək mavzoleyə maneəsiz daxil olub. Həmin vaxt dəfn zalını ziyarət etmək istəyənlərin çox olması səbəbindən təhlükəsizlik tədbirləri yumşaldılıbmış. Mühafizəçilər onu adi müəllim hesab ediblər.

0ddaef8d-8de2-45cb-b2d2-6197f0eea74a.jpeg (63 KB)

Həmin şəxs sarkofaqın yanında partlayıcı qurğunu işə salıb. Partlayış baş verib, terrorçunun özü və Həştərxandan olan cütlük həlak olub. Dörd məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, Kreml alayının əsgərinin isə beyni silkələnib. Vladimir Leninin cəsədinə heç bir zərər dəyməyib. Onu 1973-cü ilin aprelində quraşdırılmış sarkofaqın zirehli şüşəsi xilas edib. Hadisənin istintaqını DTK sədri Yuri Andropov şəxsi nəzarətinə götürüb, lakin müstəntiqlər bəzi suallara cavab tapmayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzləşdiyi ilk çətinlik hadisəni törədənin müəyyənləşdirilməsi olub. Onun şəxsiyyəti yalnız qalıqların yanında tapılan sənədlərlə müəyyən edilib. Məlum olub ki, partlayışı əvvəllər 10 il müddətinə azadlıqdan məhrum edilmiş residivist şəxs törədib.

O, paytaxta əvvəllər yerli sakini bıçaqlayaraq öldürdüyü Qorlovkadan gəlib. Residivist “tezliklə mənim haqqımda bütün ölkə eşidəcək” sözləri ilə Moskvaya gedib. Motivə gəlincə, hesab edilib ki, adam Leninin mumiyasını məhv edən şəxs kimi tarixə düşmək istəyib. Lakin müasir dövrdə dərc edilən məqalələrə əsasən həmin şəxs qanunsuz yerə həbs edildiyinə görə Lenindən qisas almaq istəyib

8554f150-eac9-442a-a5f1-9b322391538c.jpeg (224 KB)

Gizli saxlanılan hücumlar

1934-cü ilin mart günü, tez-tez olduğu kimi, Qırmızı meydandakı məqbərəyə girmək üçün növbə yaranıb. Mitrofan Nikitin diqqəti cəlb etmədən hamı ilə birlikdə içəri daxil olub və tapança ilə dünya proletariatının mərhum lideri istiqamətində iki atəş açıb. Güllələr hədəfə çatmayıb və Nikitin yerindəcə intihar edib. Şahidlərə gördükləri epizod barədə danışmaq qadağan edilib.

Nikitinin meytinin axtarışı zamanı onun üzərində tapılan qeyddə deyilib ki, o, bu əməli aclıqdan və xəstəlikdən ölən, lakin repressiyadan qorxaraq öz sözünü deməyən milyonlarla işçi adına etiraz olaraq edib. Bu qeyd 60 il ərzində “məxfi” başlığı altında saxlanılıb.

İyirmi beş il sonra, 1959-cu il martın 20-də Leninin cənazəsinə qarşı növbəti hücum olub. Ziyarətçilərdən biri Leninin sarkofaqına çəkic atıb. Lakin bu cəhddə yalnız şüşə çatlayıb. Hücum edən şəxsin daha sonra ruhi xəstə olduğu açıqlanıb. 1960-cı il iyulun 14-də Minibayev adlı işsiz vətəndaş Leninin cəsədi olan sarkofaqın şüşəsini ayağı ilə sındırıb, qırıntılar isə sonuncunun üzünü və əllərini yaralayıb.

570968fb-c9cd-4b58-94d3-b6b4486af1e5.jpeg (277 KB)

Hücumçunun taleyi və hərəkətlərinin səbəbləri barədə heç nə məlum deyil. Bununla belə, Leninin mumiyasını təmir etmək və gülləkeçirməz sarkofaqı düzəltmək lazım gəlib. 1960-cı illərdə İliçin cəsədinə ən azı dörd dəfə hücum edilib: ona tüpürüblər, daş atıblar və hətta raketlə atəş açıblar.

Oxşar hadisə 1967-ci ildə baş verib. Litvanın Kaunas şəhərinin Krısanov adlı sakini Leninin cəsədini partlatmağa cəhd edib. Nəticədə onun özü ölüb, italiyalı turist yaralanıb. Xəstəxanaya aparılan turistin bir ayağı amputasiya edilib. Bəzi mənbələr bir neçə ölümdən, bəziləri isə yalnız ağır yaralılardan bəhs edib.

2ed94496-b462-4aa5-a1ee-bc05f1e85d68.jpeg (75 KB)

Zaporojyedən olan təsadüfi bir şahid, fotoqraf Burbovski hadisəni belə xatırlayıb: “Partlayışdan sonra hamı mat qaldı. Sonra camaat qışqıra-qışqıra dağılışmağa başladı. İnsan axını azalanda gördüm ki, bir oğlan şalvarını qaldıraraq yanımdan keçdi, ayaqlarından da qan axırdı. Hərbçi isə qucağında qız uşağı aparırdı, onun ayağı az qala qopmuşdu, sallanırdı. Məqbərənin girişinin önündə daxili orqanları səkiyə səpələnmiş adam vardı, yanında isə yerə bir oğlan uzanmışdı və bir neçə nəfər ona kömək etmək istəyirdi”.
Müəyyən müddətdən sonra Leninin mumiyasına hücumlar dayanıb. Lakin onun SSRİ xalqına etdiyini tarix yaddaşında saxlayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR