Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq prezident Dmitri Medvedev yenidən sərt və tənqid edilən bir bəyanatla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, o, sosial media platforması X (keçmiş Twitter) hesabında Almaniya hökumətinə qarşı açıq şəkildə hədə dolu mesajlar paylaşıb.
Medvedevin paylaşımında deyilir:
“Wadephul adlı qulyabani, Rusiyanın nüvə silahlarına görə artıq tam məğlub ediləcəyini gözləmədiyini bildirir. Amma biz Almaniyanın bu axmaq siyasətləri nəticəsində yaxın zamanda iqtisadi baxımdan çökəcəyini səbirsizliklə gözləyirik”.
Sözügedən açıqlama, Almaniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi Yohann Vadefulun (Johann Wadephul) “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibəyə cavab olaraq verilib. Vadeful həmin müsahibədə “nüvə silahına sahib bir Rusiyanın tam şəkildə təslim olmasını gözləməyin real olmadığını” bildirmişdi.
Hazırda tez-tez qalmaqallı, təhqiramiz və hətta nüvə təhdidi dolu paylaşımlarla çıxış edən Medvedevin bir zamanlar Rusiya Federasiyasının prezidenti olduğunu xatırlamaq çətindir. Qərb mediası və beynəlxalq ekspertlər də dəfələrlə vurğulayıblar ki, Medvedevin son illərdəki ritorikası onu beynəlxalq siyasətdə ciddiyə alınmayan, lakin təhlükəli ritorikaya sahib bir fiqura çevirib.
Siyasi analitiklər hesab edirlər ki, Medvedev Kremlin sərt mövqelərini səsləndirməklə ictimai “təzyiq ventili” funksiyası daşıyır və onun bəyanatları Kremlin daha dərin mesajlarını cəmiyyətə ötürmək üçün alətə çevrilib. Bununla belə, Medvedevin dilində tez-tez yer alan “nüvə savaşı”, “qlobal zərbə”, “ölkələrin çöküşü” kimi ifadələr məsuliyyətli dövlət davranışına qətiyyən uyğun gəlmir.
Artıq Rusiya cəmiyyətində və eləcə də beynəlxalq ekspertlər arasında sual olunur:
“Bir zamanlar liberal yönlü prezident kimi tanınan Medvedev necə bu qədər dəyişə bildi?”
Cavab isə bəlkə də sadədir – Rusiya siyasi elitasında sağ qalmaq üçün ya sərtləşməlisən, ya da susmalısan.
R. Abbas,
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ