Onlayn ictimai-siyasi qəzet
Qurban bayramı ərəfəsində Azərbaycan xalqının qürur mənbəyi, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun ailəsi ziyarət olunub.
Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Səbinə Salmanova müqəddəs bayram öncəsində Polad Həşimovun anası Səmayə xanımı və qardaşı İlham Həşimovu ziyarət edib. Ziyarət zamanı isti, səmimi söhbətlər baş tutub, generalın döyüş yolu, şəxsiyyəti və ailəsinə bağlılığı bir daha yad edilib.
Millət vəkili ziyarətlə bağlı paylaşımında Polad Həşimovun yalnız rütbəsi ilə deyil, böyük ruhu və əsgərlərinə olan qardaşlığı ilə yaddaşlara həkk olunduğunu vurğulayıb:
“Poladın şücaəti, Vətənə sədaqəti və məharəti hər birimiz üçün parlaq örnəkdir. O, əsgərlərinə həm komandir, həm də böyük qardaş olmuşdu.”
Deputat Səmayə ananın yalnız Poladın deyil, bütün Azərbaycanın anası olduğunu qeyd edib:
“Səmayə ana kimi analarımızın sayəsində Poladlar yetişir, Azərbaycanımız güclü və azad, başımız isə dik olur. Bu xalqın gücü torpağının altındakı qəhrəmanların ruhundan, üstündəki anaların duasından gəlir.”
Səbinə Salmanova şəhidlərə Allahdan rəhmət diləyərək onların ailələri qarşısında baş əydiyini bildirib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ