İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin komitə sədrindən SENSASİON açıqlamalar

Prezidentin köməkçisi Hikmət Hacıyevin Slovakiya mətbuatına Azərbaycan və Ermənistan arasındakı sülh prosesi barədə səsləndirdiyi fikirlər təbii ki, çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ABŞ dövlət katibi Marko Rubionun da çıxışı sülhün bərqərar olması üçün bir çağırışdır.

Bunu Musavat.com-a açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Millət vəkili Prezidentin köməkçisi Hikmət Hacıyevin sülh prosesi ilə bağlı nikbin açıqlamasına xüsusilə diqqət çəkib:

“Hikmət Hacıyev haqlı olaraq qeyd edir ki, bölgədə artıq sülh və sabitlik hökm sürür. Sadəcə, bunun sənədləşdirilməsi, eyni zamanda dayanıqlı olması üçün mütləq şəkildə Azərbaycanın irəli sürdüyü təkliflər və tələblər Ermənistan tərəfindən qəbul olunmalıdır. Bu gün Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin, o cümlədən, Ermənistanın qoşunu yoxdur. Biz birmənalı şəkildə öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik.

Əsas maneə Ermənistan Konstitusiyasında dəyişikliyin edilməməsidir. Ermənistan Konsititusiyasında Azərbaycana qarşı ərazi iddiası var və bu müddəa mütləq şəkildə aradan qaldırılmalıdır. Bu mövzuda mütəmadi olaraq bəzi çıxışlar olsa da, konkret olaraq heç bir addım atılmır. Bu, Ermənistan tərəfindən məsələyə qeyri-səmimi yanaşmadır”.

Arzu Nağıyev vurğulayıb ki, kilsənin yenidən ortaya çıxması, seçkilərlə bağlı Rusiyanın müdaxiləsi və digər maneələrlə gələcəkdə parlament üçün zəmin yaradılır:

“Belə ki, bu gün dəyişiklik etmədən sülh sazişinə imza atılsa, gələcəkdə bunun parlamentdə ratifikasiya olması ciddi problemlərə gətirib çıxaracaq”.

Komitə sədri ABŞ-dən verilən reaksiyaları təsadüfi saymır:

“ABŞ-nin bölgədə sülh tərəfdarı olması iqtisadi və digər aspektlərdən doğan marağından irəli gəlir. ABŞ-nin verdiyi bəyanatlar bəyanatdan o tərəfə keçmir. Real siyasi və hüquqi ifadə ilə müşayiət olunmur. Bu da birmənalı şəkildə gələcəkdə vasitəçilik missiyasını üzərinə götürən bir ölkənin addımı kimi dəyərləndirilə bilər və bundan o tərəfə keçmir.

Vasitəçi format da mühüm əhəmiyyət kəsb edir. Bunu biz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlarda da gördük. Nə qədər ki, bu proses uzanır, sülhün 2025-ci ildə imzalanması sual altında qalır. Çünki hələ də ATƏT-in Minsk qrupu ilə bağlı mövqe tam şəkildə rəsmiləşməyib.

Ermənistan Konstitusiyasında dəyişiklik yoxdur. Ən əsası, gələn ilki seçkilərlə bağlı Ermənistan daxili siyasi risklərdən çəkinir. Sülhün imzalanmaması üçün kilsə və Qarabağ klanı kimi tanınan səhra komandirləri olmuş köçəryanlar, sərkisyanlar öz siyasi ambisiyalarını ortaya qoyurlar. Çünki sülh müqaviləsinin onlar üçün reallaşacaq ağır nəticələrindən qorxurlar”.

A.Nağıyev bildirib ki, Ermənistan sülh prosesi üçün bir sıra hüquqi öhdəlikləri yerinə yetirməlidir:

“Əsas məsələ də məhz konstitusiyanın dəyişdirilməsidir. Əks təqdirdə, bu hərəkətsizlik Ermənistanın gələcək imicinə və siyasi proseslərin gedişinə ciddi şəkildə təsir göstərəcək. Ermənistan tənəzzülə uğramış iqtisadiyyatını, siyasi və digər sahələrdə baş verən prosesləri tənzimləmək üçün sülh onun üçün vacib şərtdir”.

ABŞ-nin mövqeyinə gəldikdə, komitə sədri bunları söyləyib:

“Onların dediyinə görə, sülh Tramp hakimiyyəti dövründən başlayıb. Bu, belə deyil. Azərbaycan 10 noyabr 2020-ci il bəyanatı ilə öz ərazi bütövlüyünü bərpa edib. Həmin vaxt Amerikada Bayden administrasiyası hakimiyyətdə idi. O zaman Azərbaycanla Ermənistan arasında əsas vasitəçi kimi nəyə görəsə Rusiya çıxış etdi. ABŞ demək olar ki, bu proseslərdə passivlik nümayiş etdirmişdi. Sonradan artıq sərhədlərin delimitasiya və demarkasiya məsələsində Bayden administrasiyası bir neçə addım atdı.

ABŞ-nin bu gün aktivləşməsinin əsas məqamlarından biri Rusiyanı regiondan uzaqlaşdırmaq, Trampın seçkiqabağı verdiyi sözləri bu və ya digər şəkildə həyata keçirməkdir. Çünki Rusiya-Ukrayna məsələsində Amerika sülhməramlı qüvvə kimi özünü tam təsdiq edə bilmədi.

Azərbaycan və Ermənistan öz arasında hər biri azad iradə göstərərək sülhün bərqərar olmasına nail olmalıdır. Yəni Azərbaycan ABŞ, Rusiya və yaxud digər Qərb dövlətlərindən, Avropa İttfaqından asılı olmayaraq, bu prosesi sona çatdırmalıdır. Bu məsələdə xarici qüvvələr özü maraqlı olmalıdır ki, Cənubi Qafqazda sülhün tam şəkildə bərqərar olması gələcək investisiyalar, eyni zamanda siyasi-iqtisadi prosesləri tənzimləmək üçün önəmli amilə çevrilsin”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR