Onlayn ictimai-siyasi qəzet
AZAL 10–13 iyul tarixlərində Milli mətbuatın 150 illiyi münasibətilə Türkiyənin Adana və Mersin şəhərlərinə media-tur təşkil edib.
Musavat.com xəbər verir ki, səfər çərçivəsində media nümayəndələri Mersinin tarixi və təbii gözəllikləri ilə yaxından tanış olublar. Tur çərçivəsində onlar Kız kalesi, Kanlı Divane və Cənnət–Cəhənnəm çuxurlarını ziyarət ediblər.
Səfərin diqqətçəkən məkanlarından biri Kanlı Divane olub. Mersinin Erdemli rayonunda yerləşən bu qədim şəhər yerin dərinliyində təbii şəkildə yaranmış nəhəng çuxurun ətrafında formalaşıb. Eramızdan əvvəl III əsrdə təməli qoyulan Kanlı Divane Roma və Bizans dövrlərində dini və iqtisadi mərkəz kimi fəaliyyət göstərib.
Əfsanəyə görə, burada bir vaxtlar cinayətkarlar xalq qarşısında cəzalandırılırdı və bu səbəbdən məkan “qanlı divan” – yəni “Kanlı Divane” adını alıb. Çuxurun ətrafında müxtəlif dövrlərə aid kilsə qalıqları, yazıtlar, qayalara oyulmuş qəbir kompleksləri və zeytinyağı istehsalına dair tikililər bu ərazinin qədim dövrlərdə nə qədər mühüm bir mədəniyyət mərkəzi olduğunu sübut edir. Bura eyni zamanda açıq hava musiqi tədbirləri və arxeoloji turlar üçün də istifadə olunur.
Media-turun növbəti dayanacağı isə Kız kalesi olub. Dənizin içində, sahildən təxminən 200 metr məsafədə yerləşən bu möhtəşəm qala görüntüsü ilə turistləri valeh edir. Əfsanəyə görə, bir padşah qızını qorumaq üçün onu bu qalaya göndərir. Lakin qız taleyindən qaça bilmir və ilan sancmasından həyatını itirir. Tarixi baxımdan isə Kız kalesi orta əsrlərdə müdafiə məqsədilə və liman kimi istifadə edilib. Bu gün isə turistlərin ən çox maraq göstərdiyi simvolik məkanlardan biridir.
Jurnalistlər səfər zamanı həmçinin Cənnət və Cəhənnəm çuxurları ilə də tanış olublar. Bunlar Mersin vilayətinin ən məşhur təbii və mifoloji yerlərindən sayılır.
Cənnət çuxuru təxminən 250 x 110 metr ölçüsündə, 70 metr dərinlikdədir. İçərisinə daş pillələrlə enmək mümkündür və dibində eramızın V əsrinə aid Meryəm Ana kilsəsinin qalıqları yerləşir.
Cəhənnəm çuxuru isə 128 metr dərinliyindədir və maili divarlarına görə oraya enmək mümkün deyil. Qədim yunan mifologiyasına görə, tanrı Zeus tərəfindən məğlub edilən canavar Typhon bir müddət bu çuxurda saxlanılıb.
Media nümayəndələrinin bu zəngin və fərqli məkanlarla tanışlığı həm tarixi bilgilərin yerində öyrənilməsi, həm də iki qardaş ölkə arasında mədəni körpülərin qurulması baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, AZAL Çukurova Beynəlxalq Hava Limanına uçuşları həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçirir. Bu marşrut Adana və Mersin kimi böyük şəhərlərə, eləcə də ətraf bölgələrə daha rahat və əlçatan səyahət imkanı yaradır. Uçuşların artırılması Türkiyə ilə Azərbaycan arasında hava nəqliyyatı, turizm və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Əli Rais,
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ