Onlayn ictimai-siyasi qəzet
Son illər Moskvanın Cənubi Qafqaz siyasətində qəribə bir anlayış formalaşıb – “pomidor diplomatiyası”. Əslində bu, rəsmi sənədlərdə yazılmayan, amma hər kəsin bildiyi gerçəklikdir. Kreml siyasi münasibətlərin havasına uyğun olaraq Azərbaycanın məhsullarını, xüsusən pomidoru ya qəbul edib güvə var deyib utilizasiyasını təşkil edir, ya da gömrükdə“ bir bəhanə tapıb geri qaytarır. Nəticədə isə ən çox zərəri nə siyasətçi, nə də məmur görür. Əziyyəti yenə də kəndli, torpaqda alın tərilə çalışan fermerin boynuna düşür.
Bu “diplomatiyanın” izləri bu gün Xaçmazda daha aydın görünür. Pomidor sahələri bərəkətlə doludur, anbarlar məhsulla daşır, amma bazar ölü vəziyyətdədir.
Qafqaz konserv zavodunun önündə “pomidor karvanı”
Xaçmazda yerləşən Qafqaz konserv zavodunun qarşısına gələn adam bir anlıq elə bilər ki, kənd təsərrüfatı sərgisinə düşüb. Zavodun darvazası önündə diz-dizə dayanmış ağır tonnajlı yük maşınları, hər biri ağzına qədər pomidor yeşikləri ilə yüklənmiş nəhəng karvan. Sıra bir neçə maşınla bitmir, kilometrlərlə uzanır.
Fermerlər və sürücülər günlərlə bu növbədə gözləməyə məcbur qalırlar. Bəzən bir gün, bəzən üç gün, bəzən isə düz bir həftə. Səbəb isə zavodda yaranan texniki fasilələrdir. Avadanlıqlar dayananda emal prosesi də dayanır, məhsul isə maşınlarda gözlədikcə əzilir, keyfiyyətini itirir, suya dönüb əldən çıxır.
Bu gecikmələrin nəticəsi dərhal hiss olunur. Dünən zavodda 1 kiloqramı 17 qəpiyə alınan pomidor, bu gün artıq 15 qəpiyə düşüb. “Sudan ucuz” ifadəsi belə kəndlinin halını anlatmağa kifayət etmir.
Fermerlərin ironiya dolu giley-güzarı
Sahələrdə bərəkət var, məhsuldarlıq yüksəkdir. Amma kəndli gülmək əvəzinə, ah-nalə edir. Onların danışığında həm istehza, həm də acı reallıq var:
– “Keçən il pomidorun qiyməti baha idi, hamı qazandı. Bu il isə hər kəs, kəndli də, alverçi də, hətta məmur da hektarlarla pomidor əkdirdi. İndi isə heç kim sata bilmir. Məmur kresloda oturmağı azmış, tarlada da ayaq açdı. Zavodun qabağında biz hamımız bir yerdə növbə gözləyirik. Görəsən, sabah pomidoru kim yeyəcək, kim çürüdəcək?”
Başqa bir fermer daha sərt danışır:
– “Kreml böyük siyasətdə "pomidor diplomatiyası" oynayır, sərhəddə maşınları saxlayır. Putin pomidoru qaytarır, amma kəndlinin çörəyini də qaytarır. Sadə rus alıcısı isə Azərbaycan pomidorunun dadına həsrət qalır. Bizim pomidorun dadı damaqlarda qalıb, amma o pomidor Moskva bazarına yox, Xaçmazda torpaqda çürüyür”. Rusiyada alıcıların ən çox axtardığı kənd təsərrüfatı məhsullarından biri məhz Azərbaycan pomidorudur. Onun dadı, qoxusu, təbiiliyi nə Türkiyə, nə İran, nə də başqa ölkələrin məhsulu ilə müqayisə oluna bilməz. Rusiyanın iri şəhərlərində yaşayan milyonlarla istehlakçı üçün Azərbaycan pomidoru adətən yay fəslinin ən dadlı neməti sayılırdı.
Amma indi rus bazarları boş qalıb, sadə istehlakçı isə tamarzı. Bir tərəfdə Rusiyanın diplomatik hesabları, digər tərəfdə Azərbaycan kəndlisinin göz yaşları, rus alıcısının isə damaqda qalan tamı...
Əslində məsələ aydındır: “pomidor diplomatiyası” Kreml üçün təsir alətidir. Münasibətlərdə ən kiçik gərginlik yaranan kimi ilk zərbə kəndlinin alın tərinə dəyir.
Xaçmazlı fermerlərin ironiyası isə bu həqiqəti açıq göstərir: kəndli siyasətçi deyil, diplomat deyil, onun yeganə istəyi məhsulunu satmaqdır. Amma böyük dövlətlərin “oyunu” kəndlinin süfrəsindəki çörəyə qədər təsir edir.
Və nəticədə Xaçmazın sahələrində qızıl kimi məhsul günəş altında qaralır, zavodun qarşısında karvan günlərlə növbədə qalır, bazarda isə qiymətlər sudan ucuz düşür. Fermerlər dövlətdən Rusiyanın "pomidor diplomatiyası"nı kompensasiya edəcək qərar gözlədiklərini də gizlətmirlər.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ