İnsanlara hürriyət, millətlərə istiqlal!

Yay istisi çəkilir, bazarlarda qiymətlər alışıb-yanır- FOTOLAR  

Payız yaxınlaşdıqca bazarlarda və meyvə-tərəvəz dükanlarında qiymətlərin artması müşahidə olunur. Yay mövsümündə bolluq səbəbilə nisbətən ucuz satılan məhsullar indi getdikcə bahalaşır.

Musavat.com əməkdaşı satıcıların fikirlərini öyrənib. Satıcılar deyiblər ki, qiymət artımı artıq başlayıb. İndi Rusiya sərhədi bağlayıb, ərazisinə tək-tük pomidor dolu maşını buraxır. Bu da ölkədə pomidor bolluğu yaradıb, ona görə də qiymət 40-50 qəpiyə qədər düşüb. Bir azdan pomidorun qiyməti qalxmağa başlayacaq, qışda yenə 4-5 manata qədər qalxacaq. Xiyar bir neçə gün əvvələ qədər 80 qəpik - 1 manat idi, indi 1 manat 50 - 1 manat 80 qəpik arası olacaq. Meyvələrdən alma və armudun qiyməti indi 1 manat 70 qəpik - 2 manat arasında dəyişir. Bir azdan  3 manatdan da çox olacaq.

 Satıcıların sözlərinə görə, məhsul bolluğu azalır, ona görə də qiymətlər qalxır. Yay fəslində kənd təsərrüfatı məhsullarının bazara çıxışı çox olduğu üçün qiymətlər aşağı idi. İndi isə məhsul azaldığından həm təklif azalır, həm də daşınma və saxlama xərcləri artır. Bəzi satıcılar hətta xəbərdarlıq edirlər ki, sentyabr ayından etibarən qiymətlərin ikiqat artması gözlənilir. Onların fikrincə, xüsusilə pomidor, xiyar, bibər kimi gündəlik tələbat məhsulları payızda daha da bahalaşacaq. Hazırda isə həm satıcılar, həm də alıcılar vəziyyətdən narazıdır. Satıcılar məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını desələr də, alıcılar qiymət artımının ailə büdcəsinə əlavə yük yaratdığını bildirirlər. Alıcıların bir neçəsindən bu barədə soruşduq cavabları isə ürəkaçan olmadı. Əksəriyyəti qiymətlərin ciblərinə uyğun olmadığını bildirdi: “Əvvəllər 20 manata həftəlik bazarlıq edirdim, indi isə eyni məhsulları almaq üçün ən azı 50-60 manat xərcləməli oluram. Maaşımız artmır, amma qiymətlər hər gün qalxır. Ən çox da gündəlik lazım olan tərəvəzlər bizi çətin vəziyyətdə qoyur”.

 

Sultan Məmmədli,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR