Onlayn ictimai-siyasi qəzet
"Türkmənistanın “bitərəf” mövqeyi şəraitində Azərbaycan–Türkmənistan əlaqələrinin inkişafı xüsusi əmək və peşəkar siyasət tələb edir".
Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçının sözlərinə görə bu əməkdaşlığın uğuru həm siyasi, həm də iqtisadi sahədə ardıcıl addımların atılmasından asılıdır:
"Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri bir daha göstərir ki, ölkəmiz Aşqabadla əməkdaşlığı daha da ədərinləşdirmək üçün ardıcıl addımlar atır. Türkmənistanın beynəlxalq hüquqi “bitərəf” statusuna baxmayaraq, biz həm siyasi, həm də iqtisadi sahədə əlaqələri genişləndirməkdə maraqlıyıq".
İqtisadçı bildirir ki, ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində də artım müşahidə olunur:
"2023-cü ildə ikitərəfli ticasrət dövriyyəsi rekord həddə – təxminən 774 milyon dollara çatdı. 2024-cü ildə bu rəqəm 383,7 milyon dollar səviyyəsində sabitləşdi, 2025-ci ilin ilk yarısında isə 140,2 milyon dollar təşkil edib. Enerji əməkdaşlığı da diqqətçəkəndir: 2021-ci ildən İran üzərindən həyata keçirilən qaz “swap” mexanizmi 2025-ci ilin martından Türkiyəyə qədər uzanaraq yeni mərhələyə qədəm qoyub. Türkmənistan mənşəli neftin Bakı–Tbilisi–Ceyhan kəməri ilə tranzit həcmləri də ardıcıl artır.
Bundan əlavə, Bakı–Türkmənbaşı bərə və dəmir yolu xətti, Türkmənbaşı limanının gücləndirilmiş imkanları, həmçinin Transxəzər rəqəmsal layihələri iki ölkəni Orta Dəhliz və Lapis-Lazuli dəhlizində mühüm tərəfdaş edir. 2021-ci ildə imzalanmış “Dostluq” yatağı ilə bağlı saziş isə illərlə davam edən siyasi maneəni aradan qaldıraraq Xəzərdə yeni birgə imkanlar açdı".
Eldəniz Əmirov vurğulayır ki, Türkmənistan 1995-ci ildən BMT tərəfindən tanınmış daimi bitərəf statusunu qoruyur. Bu mövqeyin davamlılığı ölkəni hərbi bloklardan kənarda saxlayır:
"Lakin hazırkı reallıqlar göstərir ki, Türk Dövlətləri Təşkilatı və regionun bütöv inteqrasiya prosesləri üçün Türkmənistanın mövqeyinə yenidən baxması faydalı ola bilər.
İnanıram ki, Azərbaycanın ardıcıl təşəbbüsləri bu istiqamətdə öz müsbət effektini göstərəcək. Çünki Türkmənistanla sıx əməkdaşlıq həm ikitərəfli iqtisadi maraqlara xidmət edir, həm də Türk Dövlətləri Təşkilatının güclənməsinə, Orta Asiyanın Qafqaza daha sıx inteqrasiyasına.
Eyni zamanda Zəngəzur dəhlizinin Qafqazlara daha böyük faydalı olmasında Türkmənistan faktorunun rolu böyük olacaqdır".
Xalidə Gəray
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ