Onlayn ictimai-siyasi qəzet
Gündəlik hasilatı könüllü olaraq 2,2 milyon barel azaldan səkkiz OPEC+ ölkəsi nazirlərinin görüşü iyunun 1-dən mayın 31-nə irəli çəkilib.
Musavat.com "İnterfaks"a istinadən xəbər verir ki, iclasda iyul ayı üçün neft hasilatının həcmi ilə bağlı qərarın qəbul edilməsi planlaşdırılır.
May və iyun ayları üçün ölkələr hasilatı daha sürətlə artırmaq qərarına gəliblər - ümumilikdə aprel ayından etibarən hasilat təxminən 950 min barel artırılıb.
Bir neçə gün öncə Bloomberg məlumat yayıb ki, 8 ölkə iyulda hasilatın daha 411 min barel artırılmasına dair müzakirələr aparır. Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə Qafqaz İnvestisiya Forumu (CIF) çərçivəsində jurnalistlərə bildirib ki, 2023-cü ildən neft hasilatını könüllü olaraq sutkada 2,2 milyon barel azaldan səkkiz OPEC+ ölkəsi iyul ayında hasilatın artımını sürətləndirmək variantını hələ müzakirə etməyib: "Hazırda bütün iştirakçılar üçün kvotalara düzəlişlər edilmir. Söhbət yalnız 2023-cü ildə səkkiz ölkə tərəfindən həyata keçirilən könüllü azalmalardan gedir - biz onları yalnız bu yaxınlarda tənzimləmişik, yəni bunlar bütün OPEC+-un kvotaları deyil".
Bəzi analitiklərə görə, Rusiya ABŞ-ın sanksiya təzyiqlərinin bərpa olunması variantına hazırlaşır. Buna görə də OPEK+ daxilində hasilatın daha sürətli artımının qarşısını almaq üçün hərəkətə keçib. Nazirlərin görüşünün 31 maya çəkilməsi ABŞ Senatında Rusiya neftini alanlara 500 faizlik rüsum tətbiqini nəzərdə tutan qanunun qəbulunu önləmək məqsədi daşıyır.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ