Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin vida mərasimindən nadir görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, bu video-kadrlar indiyədək ictimaiyyətə tam detallı şəkildə təqdim edilməmişdi.
Görüntülərdə mərhum prezident Heydər Əliyevin Elmlər Akademiyasında təşkil olunan vida mərasimindəki iştirakı əks olunub.
Kadrların görünür ki, mərasimdə Heydər Əliyev Akademiyanın binasına daxil olur, mərhum prezidentin ailə üzvləri və yaxınlarına başsağlığı verir, daha sonra isə Elçibəyin tabutu qarşısında fəxri qarovulda dayanır. Dövlət protokoluna uyğun şəkildə həyata keçirilən mərasim zamanı Heydər Əliyevin üzündəki ifadə, duruşu və davranışları bir dövlət başçısının siyasi rəqibinə olan son ehtiramının təcəssümüdür.
Musavat.com xatırladır ki, Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyədə müalicə olunduğu Gülhane Hərbi Tibb Akademiyasında vəfat etmişdi. Onun nəşi Azərbaycana gətirilərək rəsmi dövlət mərasimi ilə vida tədbiri təşkil edilmiş, daha sonra Fəxri Xiyabanda dəfn olunmuşdu.
İndi, Elçibəyin vəfatının 25-ci ildönümünə yaxınlaşdığımız bir vaxtda bu görüntülərin yayılması həm siyasi tariximiz baxımından, həm də milli yaddaşımız üçün xüsusi əhəmiyyət daşıyır. Video, sadəcə bir arxiv sənədi deyil, həm də Azərbaycan siyasi tarixində bir dönəmin yekunu və başqa bir dönəmin başlanğıcını təcəssüm etdirən səssiz şahidlikdir.
Allah hər iki Azərbaycan övladına – Elçibəyə və Heydər Əliyevə rəhmət eləsin!
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ