İnsanlara hürriyət, millətlərə istiqlal!

Oleq Bakinski bəraət istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş “Günay Bank”dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib. Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub.

Onların görüşü Xətai rayonunda yerləşən “Babək Plaza”da baş tutub. İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar.

Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir.

Valeriy Zaxarenkonun rəhbərlik etdiyi “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.

Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib.

Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub.

Artıq prosesdə dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək təqdirləndirilən Konstantin Antonoviç Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini, barəsindəki ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.

Təqsirləndirilən Konstantin Kuçerin vəkili Elşad Hacıyev çıxışında müvəkkilinə bəraət verilməsini istəyib.

Oleq Krapivinin vəkili Xeyransa Babayeva ittihamların əsassız olduğunu bildirib və müvəkkilinə bəraət verilməsini xahiş edib.
Oleq Krapivin ona qarşı irəli sürülmüş ittihamları rədd edib:“Bu əməli törətməmişəm. Mənim üstümə şər atılıb. Hadisə ilə bağlı dinlənilən şahidlər də bunu təsdiqlədilər. Sizdən xahiş edirəm ki, mənə bəraət verəsiniz”.

Konstantin Kuçer isə çıxışa hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Bu səbəbdən proses iyulun 25-nə kimi təxirə salınıb.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR