Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iki ay əvvəl Bakıda saxlanılan "Sputnik-Azərbaycan"ın əməkdaşları və digər Rusiya vətəndaşlarının ailələri ilə görüşdüyünü açıqlayıb.
Musavat.com-a bu barədə Ombudsman aparatından məlumat verilib.
Aparatdan bildirilib ki, bu məsələ Milli Preventiv Qrupun diqqətindədir və ailələrin qəbuluna, müraciətlərin qanunvericilik çərçivəsində araşdırılmasına və lazım gəldikdə dəstək göstərilməsinə nəzarət olunur.
Qeyd olunub ki, həbsdə olan jurnalistlərin ailələri ilə növbəti görüşü yaxın günlərdə baş tutub.
Eyni zamanda, Ombudsman qeyd edib ki, həbsdə olan rusiyalı vətəndaşlar saxlanma şəraiti və rəftarla bağlı heç bir şikayət etməyiblər.
Onu da qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya saxlanılan vətəndaşları ilə konsulluq əməkdaşlarının görüşünə və onların səhhəti ilə bağlı sorğu göndərib, lakin Bakı hələlik bu müraciətə cavab verməyib.
Zaxarovanın sözlərinə görə, saxlanılan Rusiya vətəndaşlarının azad olunması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması yolunda mühüm addım ola bilər.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ