Onlayn ictimai-siyasi qəzet
Misirdə təşkil olunan Yaxın Şərq Sülh Sammiti son zamanların ən çox diqqətçəkən və bütün dünya tərəfindən müsbət qəbul olunan tədbirlərdən biri kimi tarixə keçməkdədir. Azərbaycan adına xarici siyasətdə qorunan balans öz bəhrəsini burada da verməkdədir.
Siyasətin usta isimlərindən sayılan dövlət başçısı İlham Əliyevə Misirdə göstərilən yüksək etimad Azərbaycanın son illərdə qazandığı böyük uğurlara verilən növbəti qiymət idi. Təsadüfi deyil ki, Azərbaycana ayrılan xüsusi diqqətin sübutu idi ki, dünyanın əsas gündəmində olan Qəzza probleminin aradan qaldırılması üçün 25-ə yaxın ölkənin rəhbərləri sırasında İlham Əliyev də ölkəsini yüksək səviyyədə Misirdə təmsil edir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Musavat.com-a deyib ki, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın qlobal sülh və təhlükəsizlik proseslərində artan nüfuzunun bariz göstəricisidir:
"Dövlətimizin başçısı regional və beynəlxalq müstəvilərdə sülhün, ədalətin və qarşılıqlı hörmətin tərəfdarı kimi tanınır. Azərbaycan müstəqil, balanslaşdırılmış və prinsipial xarici siyasəti ilə dünyada etibarlı tərəfdaş kimi çıxış edir. Cənab Prezidentin bu sammitdə iştirakı bir daha göstərdi ki, Azərbaycan regionda və Yaxın Şərq kimi mürəkkəb məkanda sabitlik və əməkdaşlıq təşəbbüslərinə mühüm töhfə verir.
Ölkə başçısının Sülh Sammitində iştirakı bir neçə aspektdən diqqət çəkir. İlk növbədə, dəvət ABŞ prezidenti Donald Tramp tərəfindən edilib və bu nüans Azərbaycanla Birləşmiş Ştatların ikitərəfli münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Digər tərəfdən, ölkəmizin sülh masasında iştirakı Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunmasında göstərdiyimiz təşəbbüslərdən qaynaqlanır. Azərbaycan həm Ərəb dünyası, həm də İsraillə kifayət qədər müsbət impluslara sahib əməkdaşlıq portfeli formalaşdırıb. Bir çox müsəlman ölkəsi İsraillə məhz bizim vasitəçiliyimizlə dialoq qurmaq cəhdləri edir.
Nümunə kimi ən son Suriyanı qeyd etmək olar. Bu kontekstdə Qəzza ilə bağlı proseslərdə Azərbaycanın təcrübəsi olduqca əhəmiyyətlidir. Bütün bunlar dövlət başçımız cənab İlham Əliyevin beynəlxalq arenada nümayiş etdirdiyi diplomatik uzaqgörənlik və siyasi qətiyyətin nəticəsindədir.
Bu gün dünya yeni təhlükələr və qarşıdurmalarla üz-üzə qalsa da, Azərbaycanın dövlət başçısının ortaya qoyduğu sülh platforması ümid və inam yaradan nümunədir. Azərbaycan regionda və beynəlxalq miqyasda sülhə, ədalətə və qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşmasına daim dəstək verir".
Cavanşir ABBASLI
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ