İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan nüvə silahını dünyadan gizli belə YARADIB

“Biz ot yeyəcəyik, amma özümüz nüvə bombası yaradacağıq” deyən prezident Bhutto və pakistanlı nüvə mühəndisi Xan...

Pakistan yeganə ölkədir ki, nüvə silahını yarıgizli şəkildə əldə edib.

Musavat.com bu prosesin tarixini oxuculara təqdim edir.

1971-ci ilin dekabrında Pakistan Hindistanla müharibədə sarsıdıcı məğlubiyyətə uğradı. Ölkənin şərq hissəsi ayrıldı və xəritədə Banqladeş adlı yeni bir dövlət peyda oldu. Həmin savaşda 90 mindən çox Pakistan əsgəri təslim oldu. Bu, dövlətin dayağı, milli qürur rəmzi sayılan Pakistan ordusu üçün ağır zərbə oldu. O vaxtkı xarici işlər naziri, sonralar isə dövlət başçısı olan Zülfikar Əli Bhutto üçün bu məğlubiyyət Pakistanın nüvə bombasına ehtiyacı olduğu qənaətinə gəlmək üçün əsas oldu.
Hələ 1965-ci ildə Bhutto deyirdi ki, Hindistan nüvə bombası əldə edərsə, biz Pakistanda ot yeyəcəyik, amma özümüz də nüvə bombası yaradacağıq. Məlum 1971-ci il məğlubiyyətindən sonra bu Bhuttonun əsas siyasi proqramına çevrildi. Bhutto hələ 1972-ci ildə gizli iclaslarda ölkənin aparıcı alimlərini bir araya toplayıb, onlara nüvə silahını yaratmağın yollarını axtarıb tapmağı tapşırmışdı.

Pakistana əvvəlcə nüvə başlıqları üçün təbii uran və plutonium əldə etməyin yollarını axtarmağa başladı. Bəllidir ki, 1950-60-cı illərdə Pakistan Qərb ölkələri ilə hərbi texnologiya sahəsində fəal əməkdaşlıq edirdi. O cümlədən, Kanada Kəraçi Atom Elektrik Stansiyasının dinc nüvə proqramının bir hissəsi kimi imşa etmişdi. Lakin Hindistan 1974-cü ildə ilk nüvə sınağını keçirdikdən sonra Kanada və digər ölkələr Pakistanla əməkdaşlığı məhdudlaşdırdı və beynəlxalq ictimaiyyət nüvə texnologiyalarının ixracına nəzarəti gücləndirdi. Nüvə silahı üçün vacib olan texnologiyaların Pakistana yolu bağlandı.

1975-ci ildə Niderlanddakı URENCO Avropa nüvə konsorsiumunda işləyən nüvə mühəndisi Abdul Qadir Xan Pakistana “əlidolu” qayıtdı və bundan sonra nüvə texnologiyası sahəsində əsl çevriliş başladı. Çünki Xan oradan nüvə silahı yaratmağın başqa bir yolu olan qaz sentrifuqalarından istifadə edərək uranın zənginləşdirilməsinin sirrini gətirmişdi. Pakistanlı mühəndis ölkəyə təkcə sentrifuqaların texniki çertyojlarını deyil, həm də təchizatçılar və logistika sxemləri haqqında məlumatları, eləcə də avadanlıqların qurulmasına köməklik göstərə biləcək Avropa şirkətlərinin əlaqə məlumatlarını da gətirmişdi.

Qadir Xan o vaxt hələ baş nazir olan Zülfikar Əli Bhuttoya məktub yazdı, Qərbin qadağalarından yan keçərək nüvə silahı əldə etməyi təklif etdi. Bhutto dərhal razılaşdı.

Tezliklə İslamabadın ətrafında gizli laboratoriya (sonradan Xan Tədqiqat Laboratoriyaları adlandırıldı) quruldu. Məhz orada qaz sentrifuqalarının hazırlanması və zənginləşdirilmiş uranın yığılması başlandı. Bu laboratoriyalar Pakistanın nüvə proqramının ürəyinə çevrildi. Xana bu işi uğurlu başa çatdırmaq üçün qeyri-məhdud səlahiyyətlər, daha sonra milli qəhrəman statusu verdi...

Nüvə silahı yaratmaq üçün Pakistana təkcə nəzəri bilik deyil, həm də mürəkkəb sənaye bazası- yüksək dəqiqlikli dəzgahlar, xüsusi ərintilər və ikili təyinatlı komponentlər lazım idi. Məhz o zaman, 1970-1980-ci illərdə gizli təchizat şəbəkəsi yarandı və Abdul Qadir Xan atom bombası yaratmaq üçün “qara bazarı” təşkil etməyi bacardı.

İsveçrə, Almaniya, Böyük Britaniya, BƏƏ və Sinqapurda qurulan şirkətlər vasitəsilə Pakistan tibbi və ya sənaye avadanlıqları adı altında həyati vacib komponentləri satın aldı. Sentrifuqalar, vakuum nasosları, rotorlar, maqnit podşipnikləri və idarəetmə qurğuları ixrac nəzarətindən yan keçməklə saxta sənədlərlə Pakistana gətirildi.

Pakistana bu işdə Çinin də dəstəyi vardı. Çin hakimiyyəti Hindistanı cilovlamaqda maraqlı idi (1960-cı illərdə ölkələr arasında bir neçə sərhəd münaqişəsi olub) və Pakistana müttəfiq kimi baxırdı. Qərb kəşfiyyat agentliklərinin məlumatına görə, 1980-ci illərin ortalarında Pekin Pakistana öz nüvə başlığı üçün dizaynlar verib, mühəndislər öyrədib və plutonium istehsalı üçün lazım olan avadanlıqla təmin edib.

ABŞ 1970-ci illərin sonlarında Pakistanın gizli nüvə silahı əldə etməyə çalışdığından xəbərdar idi. Lakin Əfqanıstan müharibəsi olduğu üçün buna göz yummağa məcbur qaldı, çünki Pakistan SSRİ-yə qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiq idi. Yalnız 1990-cı ildə Sovet qoşunları Əfqanıstanı tərk edəndə ABŞ rəsmi olaraq Pakistanın nüvə texnologiyasına malik olduğunu etiraf etdi.

1987-ci ilə qədər Pakistan bir və ya iki nüvə silahı yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malik idi. Lakin ölkə beynəlxalq qınaqlardan yayınmaq üçün nüvə sınaqlarından çəkindi. 1998-ci ilin mayında Hindistan bir sıra nüvə sınaqları həyata keçirdi. İki həftə sonra isə Pakistan dünyanı şoka saldı. Bəlucistan dağlarında keçirilən altı güclü yeraltı sınaq Pakistanın nüvə dövlətinə çevrildiyini dünyaya duyurdu.

Pakistanın baş naziri Nəvaz Şərif həmin gün təntənəli şəkildə bəyan etdi: “Bu gün biz Hindistan eyni səviyyədəyik”. Beləliklə, bütün dünyanın bildiyi, lakin heç kimin dayandıra bilmədiyi uzunmüddətli proqram başa çatdı.

2003-2004-cü illərdə məlum oldu ki, Pakistanın nüvə proqramının “atası” Əbdül Qadir Xan nüvə texnologiyalarının satışı üçün gizli şəbəkə qurub. Məlum oldu ki, o, İran, Liviya və Şimali Koreya kimi ölkələrə sentrifuqa konstruksiyaları, avadanlıq və təlimatlar ötürüb. Xan günahını etiraf etdi, lakin yalnız simvolik cəza aldı - bir neçə il ev dustaqlığı...

Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, Pakistan hazırda təxminən 170 nüvə başlığına malikdir və onu dünyanın ən böyük nüvə güclərindən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

17 May 2025

BÜTÜN XƏBƏRLƏR