İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyalara nə qədər pul ayrılıb?

12 partiya “boş hesabat”a görə kənarda qalıb

“Siyasi partiyalar haqqında” Qanuna edilmiş son düzəlişlərə əsasən, artıq parlamentdə təmsil olunmayan müəyyən siyasi partiyalar da dövlət büdcəsindən maliyyə dəstəyi ala bilirlər. 2024-cü ilin sentyabrında keçirilən parlament seçkilərinin nəticələrinə görə, 13 siyasi partiya Milli Məclis təmsilçiliyi qazana bilmədi. Onlar aşağıdakı partiyalardır:

Müsavat Partiyası, AĞ Partiya, Ümid Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Ədalət Partiyası, Müasir Musavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Azad Vətən Partiyası. 

“Yeni Müsavat” bu partiyaların hazırda dövlət büdcəsindən maliyyə alıb-almadıqlarını araşdırıb. Araşdırma zamanı partiyalardan verilən məlumatlar əsasında bəlli oldu ki, bu partiyalardan cəmi biri - Müsavat Partiyası qanunda nəzərdə tutulan vəsaiti (ayda təxminən 3000 manat) dövlət büdcəsindən əldə edə bilir. Digər 12 partiyanın vəsaiti hansı səbəbdən almadıqları da araşdırma zamanı aydın olub. 

Belə ki, “Siyasi partiyalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 6 milyon manat nəzərdə tutulub və həmin vəsait qanunvericiliyə uyğun olaraq Milli Məclisdə təmsil olunan, həmçinin irəli sürdüyü namizədləri keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin təmsilçiliyi olmayan siyasi partiyalar arasında bölüşdürülür. İrəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmaların (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz. Həmin partiyalara il üzrə təqdim edilmiş maliyyə hesabatında göstərilən illik daxilolmaları nəzərə alınmaqla vəsaitin partiyalar arasında bölüşdürülməsi təmin edilir. Təqdim olunmuş hesabatda illik daxilolmaları mövcud olmayan sözügedən siyasi partiyalara vəsaitin ayrılması nəzərdə tutulmur.

Qanundakı sonda qeyd etdiyimiz tələb 12 partiyaya dövlət büdcəsindən maliyyə ayrılmasına mane olub. Azərbaycanda bir sıra siyasi partiyalara dövlət tərəfindən verilməli olan vəsaitin verilməməsinə həmin partiyaların illik maliyyə hesabatlarının boş təqdim edilməsi səbəb olub. 

“Siyasi partiyalar haqqında”  Qanuna görə, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:

- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür;

- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. 

- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılır;

- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR