Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişini Konstitusiya Məhkəməsi təsdiqləməsə, ölkənin əsas qanununa dəyişiklik edilməsinə şəxsən təşəbbüs göstərəcək.
Musavat.com xəbər verir ki, Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumu çərçivəsində deyib:
“Saziş Konstitusiya Məhkəməsinə göndərilməlidir. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi qərara gəlsə ki, saziş Ermənistanın qanunlarına uyğun deyil, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edəcəyəm. Çünki hesab edirəm ki, sülh imkanı əldən verilməməlidir”.
Qeyd edək ki, Ermənistanın Xarici İşlər Nazirliyi martın 13-də bəyan edib ki, Azərbaycanla sülh sazişinin mətni razılaşdırılıb və rəsmi İrəvan sənədin imzalanma vaxtı və məkanı ilə bağlı təklifləri müzakirə etməyə hazırdır.
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə isə bildirib ki, sazişin imzalanması bir sıra şərtlərin yerinə yetirilməsindən asılıdır. Bu şərtlərə sərhəddə atəşkəsə əməl olunması və Ermənistan Konstitusiyasında Bakıya qarşı ərazi iddialarını istisna edən dəyişikliklərin edilməsi daxildir. Bundan əlavə, Azərbaycan tərəfi artıq fəaliyyətsiz hesab edilən ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğv edilməsində israrlıdır.
Şahanə Rəhimli
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ