Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz yeni geopolitik situasiya ilə üzləşməyə başlayıb. Belə ki, bu regionun cənubunda dağıdıcı müharibə hələ də davam edir. Ona görə də, ABŞ və İsrailin İrana qarşı başlatdığı ortaq savaşın gepolitik təsirləri Cənubi Qafqazdan da yan keçmir. Hər halda, hazırda bu regionda geopolitik, geoiqtisadi və geostrateji proseslərin hansı istiqamətlərə yönələ biləcəyi ilə bağlı həssas dövr yaşanmaqdadır. Və region dövlətləri nə qədər yayınmağa çalışsalar da, bu həssas dövrün Cənubi Qafqaza təsirlərini öz geopolitik manevrlərində nəzərə almaq məcburiyyətində qalıblar.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda ən real təhlükə qarşısında məhz Ermənistan qalmış kimi görünür. Çünki rəsmi İrəvan son illərdə Ermənistanı dünya nəhənglərinin regional qarşıdurma poliqonuna çevirib. İndi Ermənistanda bir-birinə düşmən olan əksər dövlətlərin təsir mexanizmləri mövcuddur. Belə ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə məhz Rusiyanın nəzarətindədir. Eyni zamanda, Ermənistanda Rusiya hərbi bazaları mövcuddur. Və Kreml bu önəmli faktorlardan istifadə edərək, Ermənistana təzyiqləri daha da artırmağa başlayıb.
Digər tərəfdən, Ermənistanda ABŞ və Qərbin də təsir mexanizmləri mövcuddur. Rusiyadan uzaqlaşıb, Qərbə inteqrasiya siyasəti yürüdən Paşinyan hakimiyyəti Ermənistanın “qapılar”ını ABŞ və Qərbin üzünə taybatay açıb. Fransa Ermənistanda özünü çox rahat hiss edir. Hətta rəsmi Paris Ermənistanın beynəlxalq məkanda əsas himayədarı rolunda çıxış edir. Avropa Birliyinin mülki müşahidə missiyası adı altında Ermənistana yerləşdirilmiş “casus şəbəkəsi” isə Azərbaycan, Türkiyə, Rusiya və İranla bağlı kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Və bu, Ermənistan ərazisində qlobal rəqiblərin qarşıdurmasını təsəvvür etməyə tamamilə imkan verir.
Təbii ki, Kremldə rəsmi İrəvanın Rusiyaya qarşı belə “siyasi xəyanət” mövqeyindən çıxış etməsindən ciddi şəkildə narahatdırlar. Ancaq Ukraynada “savaş bataqlığı”na düşmüş Rusiya hələlik Ermənistana münasibətdə sərt addımlar atmaqda tərəddüd edir. Bununla belə, Kreml son vaxtlar Rusiyanın Cənubi Qafqazda itirilmiş mövqelərinin bərpa olunmasına can atdığını qətiyyən gizlətmir. Rusiya bu istiqamətdə ilk olaraq, məhz Ermənistanı öz nəzarəti altına qaytarmaq niyyətini biruzə verməkdədir. Və Kremlin bu hədəfə yönəlik geopolitik manevrləri isə Rusiyanın beynəlxalq rəqiblərinin kəskin səhnəarxası müqaviməti ilə üzləşir.
Ancaq buna baxmayaraq, Rusiya öz rəqibləri ilə müqayisədə Ermənistanda daha güclü təsir mexanizmlərinə malikdir. Üstəlik, Ermənistanın siyasi məkanına ciddi şəkildə müdaxilə imkanları olan erməni kilsəsi, silahlı “Qarabağ klanı” və biznes sahəsinin təmsilçiləri Rusiya kəşfiyyatının tam nəzarəti altında fəaliyyət göstərirlər. Ona görə də, Kreml məhz bu faktorlar üzərindən Ermənistanda Rusiyanın mövqelərini gücləndirməyə çalışır. Və indiki vəziyyətdə Rusiyanın əsas hədəfinin Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyətini Kremlə yaxın siyasi qüvvələrlə əvəzləmək olduğu müşahidə edilir.
Maraqlıdır ki, Kreml Ermənistanda Paşinyan hakimiyyətinə qarşı savaşı uzun müddətdən bəridir, davam etdirir. Belə ki, rəsmi İrəvanın Qərbə inteqrasiya siyasətini elan etməsindən sonra radikal-revanşist erməni müxalifəti dərhal aktivləşdirilmişdi. Ancaq “Qarabağ klanı”nın avanqard rolunu oynadığı bu siyasi düşərgə Ermənistan cəmiyyətində dəstəyini artıq çoxdan itirdiyindən, Kremlin bu cəhdi boşa çıxdı. Paşinyan hakimiyyəti növbədənkənar parlament seçkilərində qalib gəlməyi bacardı. Və bu, Kreml üçün olduqca məyusedici situasiyanın yaranmasına səbəb oldu.
Ona görə də, Rusiya kəşfiyyatı Erməınistanda “casus keşişləri” hərəkətə gətirdi. Ancaq “keşiş qiyamı” da Kremlin Ermənistanda hakimiyyət dəyişikliyi planlarına uğur qazandırmadı. Bir müddət erməni keşişin “liderliyi” ilə kütləvi etiraz aksiyaları keçirilsə də, Kreml radikal-revanşist düşərgənin yararsız siyasi qüvvə olduğunu qəbul etmək məcburiyyətində qaldı. Ona görə də, Rusiya kəşfiyyatı növbəti mərhələdə ümumiyyətlə, erməni kilsəsini irəli verməyə çalışdı. Və böyük ehtimalla Kreml Ermənistan cəmiyyətində erməni kilsəsinin geniş təsir imkanları olmasına ümid bəsləyirdi.
Ancaq Paşinyan hakimiyyəti erməni kilsəsi qarşısında da geri çəkilmədi. Əksinə, baş nazir Nikol Paşinyan erməni kilsəsinin Rusiya kəşfiyyatı tərəfindən idarə olunduğunu iddia edərək, nüfuzlu keşişlərə qarşı ifşaedici materiallara malik olduğunu da bəyanladı. Nəticədə Paşinyan hakimiyyəti və erməni kilsəsi arasında amansız savaş başlamış oldu. Üstəlik, Paşinyan hakimiyyətinin erməni kilsəsi vasitəsilə zəiflədilərək, sıradan çıxarılmasının mümkün olmayacağı da demək olar ki, aydınlaşdı. Və Kreml erməni kilsəsinə dəstək olaraq, Rusiyaya bağlı biznes təmsilçilərini də hərəkətə gətirdi.
Maraqlıdır ki, hazırda Ermənistanın siyasi məkanında Paşinyan hakimiyyəti və erməni kilsəsini dəstəklədiyini qətiyyən gizlətməyən “Taşir” holdinqin rəhbəri Samvel Karapetyan arasında kəskin qarşıdurma yaşanmaqdadır. Bu şəxs Rusiyanın Ermənistandakı əsas biznes təmsilçisidir. Kreml Ermənistanda Rusiyaya aid olan iqtisadi obyektləri məhz Samvel Karapetyanın ixtiyarına buraxıb. Və bu şəxs hazırda Ermənistanda Kremlin “emissarı” rolunu oynayır.
Ermənistan KİV-lərində yayılan məlumatlara görə, Samvel Karapetyan əslində, Kremlin Ermənistanda hakimiyyətə gətirilməsini planlaşdırdığı siyasi fiqurdur. Yəni, Paşinyan hakimiyyətinin devrilməsi baş tutsaydı, bu şəxs Ermənistanda baş nazir postuna sahibləndiriləcəkdi. O, Kremlin bütün təlimatlarını icra edərək, Ermənistanı yenidən Rusiyanın orbitinə qaytaracaqdı. Və bu baxımdan, Rusiyanın bu planının hazırda böyük risk altında qaldığını da düşünmək olar.
Məsələ ondadır ki, indiyə qədər çevriliş planları boşa çıxdığından, Kreml Ermənistanda hakimiyyətə gətirmək niyyətində olduğu “gizli namizədi” də erməni kilsəsinə dəstək üçün siyasi meydana çıxartmaq məcburiyyətində qalıb. Yəni, baş nazir Nikol Paşinyan hazırda müəyyən mənada, məhz özünün Kremli təmsil edən əsas rəqibi ilə üz-üzədir. Ona görə də, Paşinyan hakimiyyəti Samvel Karapetyanın da erməni kilsəsi kimi ifşa olunaraq, küncə sıxışdırılmasın cəhd göstərir. Və hətta onun seçkilərə qədər həbs edilməsinə hazırlıq görüldüyü də bildirilir.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti indi Kremlin Ermənistandakı “emissarı” ilə amansız savaşa başlayıb. Üstəlik, hər iki tərəf bu savaşın onlar üçün həlledici xarakter daşıdığını da birmənalı şəkildə anlayırlar. Çünki əgər, Kreml öz “emissar”ını hakimiyyətə gətirməyə nail olarsa, bu, baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı üçün əsl fəlakət ssenarisinə çevrilə bilər. Bunun əksi baş verərsə, yəni, Paşinyan hakimiyyəti iqtidarda qalarsa, Kremlin “emissar”ının uzun müddət həbsdə qala biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, Ermənistanın gələcək taleyi böyük ölçüdə məhz Paşinyan hakimiyyəti ilə erməni kilsəsinin müttəfiqi olan Kremlin “emissarı” arasında başlamış savaşdan asılı ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ