Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan 9 May – Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək tədbirlər çərçivəsində paytaxtda gecələməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Paşinyan səfər çərçivəsində Rusiya ilə gərginləşən münasibətləri düzəltməyə və Kreml rəhbərliyinin inamını yenidən qazanmağa çalışacaq. Məlumata görə, bu cəhdlər əsasən pərdəarxası görüşlər və diplomatik danışıqlar vasitəsilə həyata keçiriləcək.
Məqalədə bildirilir ki, səfərin rəsmi detalları ictimaiyyətə açıqlanmayıb. Baş nazirin ofisi isə qəzetin sorğusuna cavab olaraq yalnız bu bəyanatla kifayətlənib: “Paşinyanın bütün səfərləri ilə bağlı vaxtında və lazımi şəkildə məlumat təqdim olunur".
Ekspertlər hesab edirlər ki, Moskva ilə münasibətləri normallaşdırmaq Paşinyan üçün həm daxili siyasi sabitlik, həm də regional təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, son aylarda Ermənistan və Rusiya arasında münasibətlər xeyli gərginləşib və İrəvanın Qərbə doğru meyllənməsi Kremldə narazılıq yaradıb.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ