Onlayn ictimai-siyasi qəzet
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, avqustun 5-də keçirilən əməliyyat tədbirləri zamanı dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb və istintaqa təhvil verilib.
Son illərdə bu kimi məlumatlar artıq adi hala çevrilib. Azərbaycanda dələduzluq halları kəskin artıb.
Daxili İşlər Nazirliyinin statistikasına görə, son 5 ildə dələduzluq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə onlayn dələduzluqlar önə çıxıb.
Sosial şəbəkə fırıldaqları, saxta investisiya layihələri, sürətli kredit və hədiyyə qazandınız tipli fırıldaqlar vətəndaşların əsas qurbanı olur. Belə dələduzluqların qurbanları əsasən yaşlı, texnologiyadan az anlayışı olan vətəndaşlar, iş axtaran və ya borc yükündə olan insanlar olur. Asan qazanc vəd edən investisiya layihələrinə aldanan gənclər də az deyil.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, dələduzluq hallarının artmasında iqtisadi faktorlar böyük rol oynayır:
“İşsizlik, borc yükü və sosial təzyiq insanları qeyri-qanuni gəlir yollarına yönəldir. İctimai şüurda asan pul qazanmaq istəyi təhlükəli dərəcədə yayılıb. Bu, yalnız hüquqi məsələ deyil, həm də sosial böhran göstəricisidir”.
N.Ələsgərov bildirib ki, vətəndaşların asanlıqla dələduzlara inanmasının səbəbi maariflənmə səviyyəsinin aşağı olması ilə əlaqədardır:
“İnsanlar şübhəli maliyyə əməliyyatlarına asanlıqla qoşulur. Çünki hüquqi bilikləri zəifdir və dövlətin genişmiqyaslı maarifləndirmə proqramı yoxdur. Bu gün yüzlərlə insan investisiya yatırmaq adı ilə aldanır və şikayət edə bilmir. Bu, fırıldaqçılar üçün açıq meydandır”.
Natiq Ələsgərovun sözlərinə əsasən, mövcud cəza siyasəti kifayət qədər profilaktik təsir göstərmir:
“Dələduzluğa görə həbs müddətləri qanunda sərt görünsə də, məhkəmələr zərərin qismən ödənməsi halında daha yüngül cəza təyin edir. Bu isə fırıldaqçıları çəkindirmir. Zərərçəkmişlərin əksəriyyəti də ziyanını tam şəkildə geri ala bilmir. Məhkəmələrin hökm və qərarları ziyanla bağlı hissədə çox vaxt icra edilmir. Dələduzlar da bunu çox yaxşı bilirlər. Ona görə bacardıqca çox vətəndaşı aldatmağa və daha çox vəsait ələ keçirməyə çalışırlar. Bilirlər ki, gec-tez əməllərinə görə ələ keçəcəklər. Bu halda isə dələduzluqla ələ keçirdikləri vəsaitin bir hissəsini geri qaytarıb, istintaq və məhkəmə dövründə sərf edib şərti cəza ilə azadlığa çıxırlar”.
N.Ələsgərov deyib ki, ənənəvi pul alıb “atmaq” üsullarını bu gün onlayn dələduzluqlar əvəzləyib:
“Saxta bank və investisiya platformaları yaradıb yüksək gəlir vədi ilə pul yığır, aradan çıxırlar. Sosial şəbəkə üzərindən saxta hədiyyə kampaniyaları, “hesabınız bağlanacaq” mesajları ilə kart məlumatlarını ələ keçirməklə vəsaitlərin silinməsi kimi hallar da var. Zəng edib “qohumunuz həbs olunub”, “borcunuz var” kimi yalan məlumatlarla vəsaitlərin ələ keçirilməsi halları da var. Kiberfırıldaqların aşkarlanmasının çətin olmasından istifadə edən cinayətkarlar daha rahat fəaliyyət göstərir”.
Natiq Ələsgərov vurğulayıb ki, problemin həlli üçün 3 əsas istiqamətdə addımlar atılmalıdır:
“Özəlliklə dələduzluq cinayətləri ilə bağlı cəza siyasətinin gücləndirilməsi və real icrası olduqca vacibdir. Dələduzluq əməllərinə görə daha sərt və çəkindirici cəza tətbiqi ilə problem müəyyən qədər aradan qaldırmaq mümkündür.
Ziyanın tam ödənilməsi üçün məcburi mexanizmlər işlək olmalıdır. Dələduzluq edən bilməlidir ki, ələ keçirdiyi vəsaiti istənilən halda ödəyəcək. Yəni həyatda olduğu müddətdə özü, olmadığı müddətdə varisləri onun vurduğu ziyanı ödəməlidir.
Bundan başqa, xüsusi kiberpolis və texnoloji mübarizə üsullarını da tətbiq etməklə dələduzluq cinayətlərini önləmək olar. Onlayn fırıldaqlara qarşı mübarizə üçün müstəqil kiberpolis qurumunun səlahiyyətlərinin artırılması, bank və ödəniş sistemlərində daha güclü təhlükəsizlik mexanizmlərinin qurulması vacibdir”.
N.Ələsgərov deyib ki, vətəndaşın dələduzluq cinayətinin qurbanı olmaması üçün maarifləndirilməsi də vacib faktordur:
“Kütləvi informasiya vasitələrində, məktəblərdə və sosial şəbəkələrdə vətəndaşlara fırıldaqdan qorunma təlimləri olmalı, banklar və mobil operatorlarla birgə maarifləndirici aksiyalar təşkil edilməlidir”.
Natiq Ələsgərovun sözlərinə əsasən, Azərbaycanda dələduzluq yalnız cinayət statistikasında artan rəqəm deyil, bu, sosial, iqtisadi və hüquqi boşluqların nəticəsidir:
“Əgər dövlət həm sərt hüquqi tədbirlər görməsə, həm də vətəndaşları maarifləndirməsə, dələduzluqların sayı azalmayacaq”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ