İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada yanğınlar törədən 32 Rusiya agentindən 5-i erməni çıxdı: Baş nazir Tusk açıqlama verdi

Polşanın Baş naziri Donald Tusk Rusiya kəşfiyyatının Polşa ərazisində həyata keçirdiyi sabotaj planlarını ifşa edərək təhlükəsizlik strukturlarını “real təhlükə rejimi”nə keçməyə çağırıb.

Musavat.com xəbər verir ki, o, konkret cinayət faktlarını, iştirakçıları və arxasındakı Kremlin planlarını açıqlayıb.

Onet.pl-ə istinadən yayılan məlumata əsasən, Donald Tusk hökumətin təhlükəsizlik müşavirəsində bildirib ki, Rusiyanın diversiya şəbəkəsi Polşada artıq ifşa olunub. 32 nəfər saxlanılıb, onlardan biri artıq məhkəmə tərəfindən təqsirli bilinərək cəzalandırılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, saxlanılanların ən azı 5 nəfəri etnik ermənidir və onlar Rusiya xüsusi xidmətləri ilə əlaqəli şəkildə Polşa ərazisində sabitliyi pozmaqda şübhəli bilinirlər.

Saxlanılan şəxslərin arasında polşalılarla yanaşı, ruslar, ukraynalılar, belaruslar və bir kolumbiyalı da var. Onlar Polşa ərazisində ictimai sabitliyi pozmaq, kütləvi yanğınlar törətmək və fiziki zorakılıq kimi əməllərlə məşğul olublar. Varşava və Radomda törədilən böyük yanğınların arxasında da bu şəbəkənin durduğu müəyyən edilib.

“Bu, artıq təsadüfi cinayətkarlar deyil – bu, planlı şəkildə həyata keçirilən Rusiya dövlət təxribatıdır. Fiziki və psixoloji təxribatların, informasiya sabotajlarının hamısı bir mərkəzdən idarə olunur. Artıq siqnal verməyin deyil, müdafiəyə keçməyin vaxtıdır!” – deyə Tusk bəyan edib.

Baş nazir bildirib ki, NATO və ABŞ hərbi kəşfiyyatından daxil olan məxfi məlumatlara əsasən, Rusiya 2027-ci ilə qədər Avropa ilə açıq hərbi qarşıdurmaya hazırlaşır. Bu barədə NATO-nun Avropadakı Ali Hərbi Komandanı ilə keçirilən görüşdə məlumat verilib. Tusk vurğulayıb ki, bu qarşıdurma təkcə tank və raketlərlə deyil, hibrid müharibə metodları – kibertəhdidlər, etnik təxribatçılar, miqrasiya böhranları və sosial destabilizasiya vasitəsilə həyata keçirilir.

Donald Tusk yeni milli təhlükəsizlik planının detallarını da açıqlayıb:
• Daxili işlər orqanları daha geniş səlahiyyətlərlə təchiz olunur;
• Mülki müdafiə sistemləri yenidən qurulur;
• Silahlı qüvvələr modernləşdirilir, NATO standartları ilə uyğunlaşdırılır;
• Miqrasiya nəzarəti sərtləşdirilir, hibrid təhdidlərə qarşı cavab mexanizmləri yaradılır.

Eyni zamanda Tusk 2025-ci ildə keçirilmiş prezident seçkiləri ərəfəsində Rusiya tərəfindən həyata keçirilən kiberhücumları və feyk informasiya kampaniyalarını da xatırladıb: bu, artıq informasiya müharibəsindən ibarət hibrid hücumların bir parçasıdır.

Musavat.com-un təhlilinə görə, Tuskun səsləndirdiyi faktlar Azərbaycana da birbaşa mesaj verir. Azərbaycan da öz milli təhlükəsizlik sistemini hibrid təhdidlərə qarşı modernləşdirməlidir – enerji infrastrukturu, Orta Dəhliz və informasiya məkanına qarşı ehtimal olunan sabotajlara qarşı qabaqlayıcı müdafiə sistemi qurulmalıdır.

Donald Tuskun çıxışı NATO daxilində açıq təhdid siqnalıdır. Polşada ifşa olunan Rusiya-erməni sabotaj şəbəkəsi göstərir ki, Kreml təkcə Ukrayna deyil, Şərqi Avropanın mərkəzinə qədər irəliləyən destabilizasiya planını icraya başlayıb. Bu şəraitdə Azərbaycan da geosiyasi cəbhədə susmamalı, təhdidlərə qarşı strateji mövqe sərgiləməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR