Onlayn ictimai-siyasi qəzet
“Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova və onunla birlikdə hakim önünə çıxarılan xəzinədar Samirə Əliyevanın cinayət işinin təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, onlar “Premium Bank”ın 5 saylı filialından 461 min manat mənimsəməkdə təqsirli biliniblər.
Nəzakət Məmmədxanova elan olunmuş ittihamla özünü təqsirli bilərək bu əməli niyə törətdiyini izah edib.
N. Məmmədxanova 2002-ci ildən bank sektorunda işləməyə başlayıb. 2015-ci ildən sonra “Premium Bank”da çalışırmış. 2020-ci ildən bankın 5 saylı filialının müdiri vəzifəsinə təyin olunub.
O, 2023-cü ildə ipoteka ilə aldığı evi satdığını, şəhərdən kənarda ailəsi üçün ev tikməyə qərar verdiyini deyib.
Ev tikintisinə başlayanda çətinliyə düşdüyünü bildirib:
“Əvvəlcə öz əlimdəki pulları qoydum. Sonra 2 bankdan kredit götürdüm. Son 7 il ərzində həyat yoldaşım işləmirdi. 2 uşağımı tək oxutmuşam. Həyatda heç kəsi aldatmamışam. Amma özüm aldandım. 2024-cü ilin aprel ayında xarici nömrədən Artyom Romanov adlı şəxs zəng edib kriptovalyuta birjasında iştirak etməyi təklif etdi. Çoxlu pul qazanacağımızı dedi. Bunun üçün “Main Capital.com” və “Binanse.com” saytlarından qeydiyyatdan keçdim. Artyom “Main.Capital.com” saytının ancaq kriptovalyuta ilə işlədiyini, “Binanse.com” saytının isə canlı pulu kriptovalyutaya çevirə biləcəyini izah etdi.
O, hansısa aksiyalarda enmə olduqda onu almaq, bitkoinin, qızılın, gümüşün və s. qiymətinin ucuz vaxtında alıb, bahalı vaxtda satışa çıxarmaq mövzularında mənimlə treninqlər, yəni dərslər keçdi. Bundan sonra maliyyə vəsaiti axtarmağa başladım. İlkin olaraq öz yaxınlarımdan borca pul tapıb kartıma yüklədim. Bundan sonra həmin kriptovalyuta üzərindən Artyom Romanovun köməkliyi ilə müxtəlif sahələrə qoyuluş edərək gəlir əldə etməyə başladım.
Artyom Romanov gəlirin eyni zamanda necə asan əldə edilməsini göstərmək üçün 200 dolları hesabından çıxarmağı göstərdi. 15 dəqiqəyə pul çıxarmaq mümkün oldu və ona inamım yarandı”.
Nəzakət Məmmədxanova bundan sonra bankın kassasına mədaxil olunmalı vəsaitləri kriptovalyutaya yönləndirməyə başlayıb.
O, ümumilikdə 32 ədəd mədaxil qəbzi əsasında 461 min 170 manat pul vəsaitini bankın kassasına mədaxil etmədən mədaxil qəbzləri əsasında öz plastik kartına və cari hesabına köçürdüyünü etiraf edib.
Bundan əlavə, özünün 122 min manat pulunu da həmin şəxsin təklifi ilə adı çəkilən saytlara yükləyib.
“Sonradan vəziyyətin pisləşdiyini gördüm. Saytların köçürülən pulu qaytarmadığını və aldadıldığımı gördüm. Vəziyyətdən çıxa bilməyəcəyimi fikirləşib bankın rəhbərliyinə məruzə etdim. Samirəyə özümü öldürəcəyimi demişdim. Amma bunu Samirəyə hədə-qorxu gəlməkdən ötrü deməmişdim. Sadəcə, özümü itirmişdim. Nə edəcəyimi bilmirdim.
Rəhbərliyə bildirdikdə onlar qeyd etdiyim saytlar tərəfindən aldadıldığımı başa düşdülər. Köçürülən vəsaitdən bir qəpik də gəlir götürməmişdim. Bankın pulunu qaytarmaq üçün bir az zaman verilməsini xahiş etdim. Pulun qaytarılması üçün çox çalışdım, lakin bacarmadım”, - deyə Nəzakət Məmmədxanova ifadəsinə əlavə edib.
N. Məmmədxanova xəzinədar Samirə Əliyevanın bu işdə heç bir təqsirinin olmadığını bildirib.
Sabiq filial müdiri qeyd edib ki, aldadılması ilə bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edib. Açılan cinayət işi ilə zərərçəkmiş şəxs qismində tanınıb.
Onun sözlərinə görə, istintaq zamanı siyahıya alınmış əmlakları, yəni Qusar rayonunun Hil kəndində olan 22 sot torpağı və Bakıda olan 14 sot torpaq sahəsində olan yarımtikilini banka vurulmuş maddi zərəri ödəmək məqsədilə satışa çıxarılıb.
Məhkəmə hər iki şəxsi qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Samirə Əliyevaya isə şərti cəza verilib.
İlkin Muradov
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ