Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin 26 oktyabr 2025-ci ildə Donbas istiqamətindəki birləşmiş qoşun qruplaşmasının komanda məntəqələrindən birinə səfəri zamanı hərbi formada videogörüntülərdə peyda olub. Bu barədə Musavat.com xəbər verib.
Kremlin sahibinin bu görüntüləri Rusiya dövlət mətbuatı və Kremlin təbliğat kanalları tərəfindən geniş şəkildə tirajlanıb. Moskvaya yaxın tanınmış təbliğatçı Vladimir Solovyov öz Telegram kanalında yazıb ki, prezidentin hərbi formada çıxışı “Rusiya ordusunun Donbasda təşəbbüsü ələ keçirdiyinin” göstəricisidir və “təcili atəşkəsə ehtiyac olmadığı” mesajını ABŞ Prezidenti Donald Trampa ünvanlayır.
Solovyov iddia edir ki, Rusiya ordusu Donbas cəbhəsində sürətlə irəliləyir, Ukrayna ordusu isə hələlik bölgənin təxminən 20 faizini nəzarətdə saxlayır. Onun sözlərinə görə, bu görüntü “Ukrayna üçün psixoloji təzyiq və Qərbə siqnaldır”.
Məlumat üçün bildirək ki, görüş zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cəbhə xəttindəki vəziyyətlə bağlı Putinə məruzə edib. Kremlin yaydığı məlumatda deyilir ki, Putin ukraynalı hərbçiləri “silahı yerə qoymağa” çağırıb, rus hərbçilərinə isə “mülki şəxslərə yardım göstərilməsi” barədə göstəriş verib.
Putinin hərbi formada işğal etdiyi ərazilərdə görünməsindən sonra bir sıra suallar yaranıb.
Kremlin sahibi nə üçün hərbi geyimə üstünlük verdi?
![]()
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Putinin bu mesajı həm daxilə, həm də xaricə yönəlib. Onun sözlərinə görə, Putinin hərbi geyimdə döyüş bölgəsində görünməsi, sadəcə, simvolik bir hadisə deyil, çoxplanlı siyasi mesaj daşıyan addımdır: “Bu, bir tərəfdən ölkə daxilində "liderin cəbhədə olması" imicini gücləndirir, digər tərəfdən isə Qərbə, xüsusilə də Trampa “Rusiyanın hələ də güc amili üzərində dayanmaqda qərarlı olduğu” siqnalını verir.
Bu görüntü həm də Rusiyanın “döyüşən dövlət” imicini möhkəmləndirərək, onun beynəlxalq aləmdəki mövqeyinə təsir göstərir. Bir dövlət başçısının hərbi paltarda döyüş bölgəsində görünməsi əsasən güc nümayişi və siyasi simvolizmin zirvə nöqtəsidir. Bu baxımdan Putinin davranışı həm psixoloji, həm də geosiyasi anlamda mesaj doludur: Rusiya nəinki məğlub olmayıb, əksinə, müharibəni öz milli gücünü və iqtisadi dayanıqlığını sərgiləmək üçün fürsətə çevirməyə çalışır".
Onun fikrincə, Tramp kimi liderlər üçün bu hadisələr iqtisadi nəticələr baxımından önəmlidir: “Çünki Trampın idarəetmə fəlsəfəsi siyasi ideologiyadan çox iqtisadi nəticələrə əsaslanır. Putinin hərbi imici və Rusiyanın iqtisadi adaptasiyası ABŞ-nin potensial liderləri üçün də mesajdır: iqtisadiyyat artıq təkcə bazar göstəriciləri ilə deyil, geosiyasi güc balansı ilə ölçülür. Bütün bunların fonunda təbii ki, Tramp bunu nəzərə alaca”.

Aqşin Kərimov
Siyasi təhlilçi Aqşin Kərimova görə, Tramp Rusiya-Ukrayna müharibəsinin sonlandırılmasının memarı kimi çıxış etmək istəyir: “Tramp müharibənin nəticəsi ilə bağlı ABŞ-nin verəcəyi son qərara yaxınlaşdıqca, bunun Rusiyanın xeyrinə arqumentləşdirilməsi hiss olunur. Rusiya isə müharibə ilə bağlı ABŞ-yə qarşı ittiham dilini əməkdaşlıq və sövdələşmə parametri ilə əvəzləyir. Başqa sözlə, Rusiya Donald Tramp-Vladimir Putin münasibətlərindən sonra Ağ Evlə Kremlə bir-birilərinə qarşı ritorik xətlərini yumşaldır.
Rusiyanın Birbaşa İnvestisiya Fondunun baş direktoru və Kremlin ABŞ ilə danışıqlarda üzrə əsas müzakirəçisi qismində çıxış edən Kirill Dmitriyev ABŞ-Rusiya ikitərəfli iqtisadi təkliflərini təkrarlamağa davam edir. Ehtimalla, bu, Ağ Evlə Kremlin danışıqlarda əldə etdiyi şifahi razılıqlara əsaslanır.
Rusiya bu amili ABŞ-ni Ukraynaya “Tomohawk” raketləri vermək qərarından çəkindirmək üçün tərtib edilən güzəşt modeli kimi təqdim edir. Buna baxmayaraq, Rusiya ABŞ-yə qarşı təhdid lüğətindən də istifadə edir - ancaq daha ehtiyatla.
Moskvanın niyə “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsi ideyasına qarşı çıxdığını başa düşmək asandır. 2500 kilometrə qədər potensial uçuş məsafəsi ilə bu güclü raketlər Ukrayna ordusuna Rusiyanın dərinliklərindəki hərbi və sənaye obyektlərinə qarşı hazırkı uzaqmənzilli zərbələr kampaniyasını radikal şəkildə genişləndirməyə imkan verə bilər. Bu, Rusiyanın Ukraynadakı hərbi kampaniyasının yaratdığı nəzarət zolağına əsaslı təsir göstərməsə də, proses Putin hakimiyyətinin legitimliyi üçün daxili çatları dərinləşdirə bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ