Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqında Rusiya ilə əlaqələrin dondurulması nəticəsində yaranan problemlər qitədə getdikcə daha sərt müzakirələrə səbəb olur.
Musavat.com dünyaca nüfuzlu nəşr olan "Politico"-nun məqaləsinə istinadən bildirir ki, artıq “bütün qitə üzrə çat səsləri eşidilir” – böyük biznes dairələri və bəzi siyasi qüvvələr hakimiyyətləri Moskvaya münasibəti yenidən nəzərdən keçirməyə çağırırlar.
Nəşr bildirir ki, xüsusilə Almaniya, Macarıstan və Slovakiya kimi ölkələrdə sənaye nümayəndələri Rusiya ilə enerji əməkdaşlığının bərpasını açıq şəkildə tələb etməyə başlayıblar. Sanksiyalar fonunda sürətlə artan enerji qiymətləri, sənaye istehsalında yaranan xammal və logistika problemləri Avropa şirkətlərini siyasi rəhbərliyə təzyiq göstərməyə vadar edir.
Bu vəziyyət Avropa siyasi elitasını çətin seçim qarşısında qoyur. Bir tərəfdə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək məsələsi dayanır, digər tərəfdə isə milyonlarla iş yerinin, bütöv sənaye sahələrinin taleyi. Politico-ya danışan ekspertlər qeyd edirlər ki, Avropa hökumətləri hazırda iqtisadi maraqlarla siyasi mövqe arasında zərif tarazlığı qorumağa çalışır.
Müşahidəçilər hesab edirlər ki, Avropada Ukraynaya verilən dəstək hələlik əsas xətt olaraq qalır. Lakin artan sosial və iqtisadi narazılıq fonunda bəzi dövlətlərin tədricən daha praqmatik mövqelərə keçməsi ehtimalı da güclənir. Enerji təhlükəsizliyi məsələsi isə yaxın illərdə Avropa-Rusiya münasibətlərində ən mühüm gündəm mövzusu olaraq qalacaq.
Musavat.com
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ