İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin adamından ŞOK iddia: “SSRİ qanunsuz dağılıb” – Guya qanuni yaradılmışdı ki...

Ermənistanda “artsax” tamaşası davam edir. Dünən mifik qurumun mifik parlamentinə hətta yeni “sədr seçilib”. Sırada isə oyuncaq qurumun qondarma “prezidenti”inin “seçkisi”dir. Məlumatlara görə, bu da mayın 31-dək, yəni 10 gün ərzində dəqiqləşməlidir, çünki axırıncı “prezident” Samvel Şahramanyanın “səlahiyyətləri” mayın 21-də “bitib”.

Maraqlıdır ki, rəsmi İrəvan bu hoqqalara hər hansı reaksiya bildirməyib. Uydurma parlamentə yeni “sədr seçkisi” isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfərindən cəmi bir gün sonra baş verib. Təsadüfmü? Çətin.

Məsələ ondadır ki, Qarabağdan Ermənistana qaçan separatçı ünsürlər əvvəllər Nikol Paşinyan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalırdısa, axır vaxtlar sanki bir loyallıq müşahidə edilməkdədir. Bunun nəticəsidir ki, İrəvanda qondarma “artsax nümayəndəliyi” rahat fəaliyyət göstərir, separatçılar vaxtaşırı orada toplaşıb Azərbaycan dövlətinə meydan oxuyurlar...

Bu arada “Hraparak” qəzeti Ermənistan hakimiyyətinin separatçılara loyal münasibətinin səbəblərini öyrənib (Publika.az). Nəşr yazır ki, hakimiyyət əvvəllər “dövlət içində dövlətin varlığına” dözməyəcəyini bəyan eləsə də, son aylar separatçı-revanşistlərə xeyli dərəcədə loyal münasibət sərgiləyir.

“Hakimiyyət “artsax”ın “prezident” və “parlament” institutlarını qoruyub saxlamağa imkan verən “konstitusiya” dəyişikliyində də, Şahramanyanın qondarma “artsaxın” buraxılması qərarını dəyişəndə də reaksiya bildirməyib. Mənbələrimiz deyir ki, hökumətin bu loyallığı Rusiyadan aldığı xəbərdarlıqla birbaşa bağlıdır. Məlumata görə, Kreml Ermənistan iqtidarından “artsax” qurumlarının ən azı formal olaraq saxlanılmasını, ümumiyyətlə, “artsax” məsələsinin tam bağlanmamasını istəyib”, - qəzet qeyd edib.

Erməni hərbi ekspert Ayk Nahapetyan isə Lavrovun İrəvan səfəri ilə bağlı (20-21 may) sensasion sayılacaq iddialarla çıxış edib. O, öncə Rusiya baş diplomatının Ağrı dağının fonunda çəkdirdiyi fotosunu Rusiya XİN-in sosial şəbəkə hesabında paylaşmasının təsadüf olmadığını söyləyib.

“Zəngəzur Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Lavrov mətbuat konfransı zamanı Qafanda Rusiya konsulluğunun açılması ilə bağlı işlərin davam etdirildiyini bir daha vurğuladı. Onun səfərinin növbəti mühüm mesajı isə Ermənistana gələn kimi ilk olaraq Qələbə parkını ziyarət etməsi və Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini yad etməsi, Ağrı dağının fonunda öz fotosunu yayımlamasıdır”, - Nahapetyan vurğulayıb.

Erməni təhlilçinin fikrincə, Türkiyə Qara dəniz, Suriya və Cənubi Qafqazda Rusiyanı sıxışdırır. “Lavrov İrəvana Moskvanın Cənubi Qafqazda böyük müharibəyə hazırlaşdığını göstərməyə gəlmişdi, ona görə də Paşinyan hakimiyyətinin mövqeyini aydınlaşdırmaq vacibdir”, - Nahapetyan əlavə edib...

Bu qəbil iddialar son günlər Rusiyada “1991-ci ildə SSRİ qanunsuz dağılıb” kimi avantürist söhbətlərin kifayət qədər yüksək siyasi dairələrdə qızışması fonunda əsassız görünmür. Belə iddia müəlliflərindən biri kim olsa yaxşıdır - prezident Vladimir Putinin müşaviri Anton Kobyakov.

Əcəb məntiqdir. Guya Sovet İttifaqı zorakı və işğal yolu ilə yox, qan tökməklə yox, qanuni və xalqların könüllülüyü əsasında, halallıqla qurulubmuş ki, dağılması da gərək o cür olmalıymış. Kələklə gəlmişdi, küləklə də getdi! Nə hüquq, nə qanun? Hər şey qırağa, bəs SSRİ-nin sonuncu (1977) konstitusiyasının 72-ci maddə necə olsun? Harda ki, yazılmışdı: “Müttəfiq respublikanın SSRİ tərkibindən çıxmaq hüququ var”.

Məlumat üçün: eyni hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud olub. Üstəgəl, 1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd edilirdi. 80-ci maddədə isə deyilirdi ki, “hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər”. Təsadüfi deyil ki, sovet dövründə Ukrayna SSRİ kimi BMT-nin üzvü idi...

Nəzərə alsaq ki, Rusiya indi diktatura əlamətləri güclü olan avtoritar idarəçilikli bir dövlətdir və orada Lavrov, Kobyakov kimilərin bu kimi məsələlərdə şəxsi mövqeyi ola bilməz, o zaman fitnənin haradan qaynaqlandığını anlamaq qəliz olmaz. Bu yerdə məxsusən yada salaq ki, Dalıq Qarabağ kimi konfliktlər Kreml tərəfindən məhz milli respublikalarda müstəqillik əzmini zəiflətmək üçün, süni şəkildə yaradılmışdı.

Sonrası bəlli. Pislik Rusiyanın özünə qaldı. Əgər yenə eyni cəhdlər olacaqsa, nəticə Moskva üçün daha acınacaqlı ola bilər. Çünki “SSRİ qatarı” artıq gedib. Azərbaycan kimi əksər postsovet ölkələri ayaqda durmağı öyrənmiş, BMT, ATƏT üzvü olan suveren dövlətlərdir. Siyasətdə bir suya iki dəfə girmək isə mümkünsüz. Şəkk edənlər yoxlaya bilər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR