Onlayn ictimai-siyasi qəzet
SSRİ-nin dağılmasından keçən zamanda Cənubi Qafqazın üç respublikası birlik yarada bilməyibsə, bunun əsas səbəbkarı Rusiyadır demək asandır. Əlbəttə, Moskva dağılan imperiyanın xarabalıqlarından sərhədində “yeni Pribaltika”nın (Azərbaycan, Gürcüstan və Ermənistan) yaranmasına hər vasitə ilə əngəl olmalı idi.
SSRİ rəsmən dağılandan sonra, 1992-ci ilin sentyabr ayında Qroznıda “Qafqaz Evi” yaradıldı və onun başçısı İçkeriya prezidenti Cövhər Dudayev təyin edildi. “Qafqaz Evi”nin yaradılması ideyası Çeçenistanda müharibənin başlanması ilə dayandı.
“Qafqaz Evi”ndə isə Ermənistan Azərbaycanla, abxazlar və osetinlər Gürcüstanda separatçı müharibəyə başlamışdılar. Beləliklə, qan-qadalı uzun illər başladı. Rusiyanın daxilində də təlatümlər və silahlı münaqişələr olsa da, Moskva daxili çəkişmələrdən də xeyli zəifləmiş Cənubi Qafqazı öz sərt nəzarətindən kənara buraxmadı...
Azərbaycan 29 illik işğala son qoya bildi, Ermənistanı məğlub etdi. İndi ermənilərlə aramızdakı düşmənçiliyi götürmək, etimad yaratmaq üçün təməlli sülh müqaviləsinə ehtiyac var. Ermənistan təkcə Azərbaycanı deyil, işğalçılıq əməlləri ilə Qafqazı üç onillik geri atdı. Rusiyanın vassalı, əmr qulu olmağının bədəlini 44 günlük müharibədə çəkdi. İndi ayılıblar, amma daxildəki revanşistlər mövqelərini tam vermirlər. Ermənistanı Avropa Birliyinə üzv edəsi deyillər, ən azı yaxın 5 ildə belə bir perspektiv görünmür. Amma Ermənistan regional layihələrə qayıda, korlanmış işğalçı imicini tədricən təmizləyə, özünü izolyasiyadan çıxara bilər.
Nikol Paşinyanın indi çalışdığı məhz bu deyil, daxili təlatümlər indi daha çox onun hakimiyyətdə qalmasına hesablanıb. Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq niyyətində səmimidirsə, təzyiqlər qarşısından geri çəkilməməlidir. Onun ölkənin enerji sistemini milliləşdirməsi (dövlətin nəzarətinə qaytarması) doğru addımdır, Rusiyanın təsirlərini azaltmaq üçün bu prosesin davamını gətirə bilsə, Moskvanın Ermənistanda “işığı” zəifləyəcək. Rusiyanın Cənubi Qafqazda ən güclü olduğu respublika hələ də Ermənistandır. Rusiya bu regionda bütün çirkli planlarını ermənilər üzərindən aparıb. Ona görə Rusiyanın Ermənistanda zəiflədilməsi Qafqaz üçün çox mühümdür.
Gürcüstan bu illər ərzində “sağa-sola” çox meylləndi, NATO və Avropa Birliyi üzvlüklərinə can atdı. Son illər isə Tiflis daha praqmatik siyasət yürüdür. Gürcülər xarakter olaraq qəliz adamlardırlar, SSRİ dövründə də Qafqazlarda fərqlənməyə meylli idilər. Rusiya ilə 5 günlük müharibə onlara çox baha başa gəldi. Amma onlar da anlamamış deyillər ki, Rusiyanın orbitinə yaxınlaşmaqla işğaldakı əraziləri nəzarətlərinə qaytarmaları mümkün kimi görünmür.
Biz sözümüzü demiş xalqıq və Rusiya bizim israrlı səylərimizlə regionda çox ciddi mövqeləri əldən verib, məsələn, ərazimizdə separatizmi yenidən alovlandırmaq riski xeyli azalıb. Dövlət başçısı İlham Əliyev hələ Vətən müharibəsinin davam etdiyi günlərdə xarici mediaya verdiyi müsahibələrdə “regionda yeni situasiya yarandığını” xüsusi qeyd edirdi. “Yeni situasiya” təkcə Azərbaycanın müharibədə ədalətli mövqeyini ehtiva etmirdi, həm də müharibədən sonra bölgədə qüvvələr nisbətinin yenidən formalaşacağına açıq işarə idi. Prezident açıqlamalarında qardaş Türkiyənin regionda söz sahibinə çevrildiyini də xüsusi vurğulayırdı və bölgəmizdə yeni əməkdaşlıq formatlarının yaranacağını anons edirdi. İlham Əliyev çıxışlarında regionda “ən zəif bənd” olduğu üçün İrəvana müharibədən düzgün nəticələr çıxarmağa və gələcəyə baxmağa çağırırdı. Xatırlayıram ki, müharibədən sonra Gürcüstanın o vaxtkı xanım prezidenti Salome Zurabişvili də Bakıda “Qafqaz sülh platforması”nın yaradılması ideyası ilə çıxış etmişdi.
Son aylar yenidən aktuallaşan “Qafqaz Evi” yaradılması ideyası tarixən də Azərbaycan mütəfəkkirlərinə məxsus olub. Bu ideyanın əsas təbliğatçıları Mirzə Fətəli Axundzadə və görkəmli publisist Mirzə Bala Məmmədzadədir. “Qafqaz Evi”nin yaradılması ideyasını rəsmi səviyyədə irəli sürmək missiyası isə Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. Məlumdur ki, Rusiyada oktyabr inqilabından sonra Qafqazda Ermənistan, Gürcüstan və Azərbaycan qısamüddətli (24 fevral–26 may 1918-ci il) Qafqaz Federasiyası yaratdılar. Bu, “Qafqaz Evi”nin yaradılması istiqamətində ilk addım idi. Federasiya 26 may 1918-ci ildə Gürcüstanın, iki gündən sonra isə Azərbaycanın və Ermənistanın öz müstəqilliklərini elan etmələri ilə süquta uğradı.
Sonralar Gürcüstan və Azərbaycanda “Qafqaz Evi”nin yaradılması ilə bağlı çağırışlar edilsə də, heç bir real nəticə əldə edilmədi. Bu ideyanın gerçəkləşməsinin qarşısını alan isə təkcə Azərbaycana qarşı əsassız ərazi iddiası sürən Ermənistan deyildi, aydındır ki, Kreml də bu cür birliyin yaradılmasına qarşı çıxırdı.
Son hadisələr bir daha təsdiqlədi ki, Qafqazda təməli möhkəm və qarşılıqlı etimada söykənən birlik yaratmağa çox ehtiyac var. Rusiyanın təmsilçiliyi olduğu Şimali Qafqazdan uzaqlaşdırmaq olmaz, amma Cənubi Qafqazdan uzaq tutmaq üçün çoxsaylı variantlar axtarmağa ehtiyac da yoxdur. “Qafqaz Evi”ni yaradıb “qapını” hər tərəfdən Rusiyanın üzünə bağlamaq olar...
Nazim SABİROĞLU
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ