Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan dünənki xalqa müraciətində Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, o, bu mövzuda spekulyasiyalara son qoyaraq bildirib ki, Qarabağdan köçmüş ermənilər Azərbaycana qayıtmayacaq, onların yeri Ermənistandır.
Paşinyanın sözlərinə görə, bu insanlar beynəlxalq ictimaiyyətin və Ermənistan dövlətinin dəstəyi ilə ölkədə tam hüquqlu vətəndaş kimi yaşamalı, işləməli və birdəfəlik məskunlaşmalıdırlar. Baş nazir Qarabağ ermənilərinin Azərbaycana qaytarılması ilə bağlı səslənən fikirləri “reallıqdan uzaq və Ermənistanın dövlətçiliyi üçün təhlükəli” adlandırıb.
O, həmçinin əlavə edib ki, bu məsələdən spekulyasiya kimi istifadə edən qüvvələr var və onların fəaliyyəti Ermənistanın dövlət və milli təhlükəsizliyinə birbaşa təhdiddir. Paşinyan müxalifəti də ittiham edərək bildirib ki, siyasi qüvvələr Qarabağ ermənilərindən öz maraqları üçün alət kimi istifadə ediblər.
Musavat.com-a görə, Paşinyan “Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunur” dedikdə, əslində birbaşa Rusiyanı nəzərdə tutur.
Məhz Moskva açıq şəkildə bəyan edir ki, Qarabağ ermənilərinin Azərbaycana qayıtması onun siyasətinin prioritetlərindən biridir. Bu barədə Lavrovun müavini Qaluzin dəfələrlə açıq və təhdid xarakterli çıxışlar edib. Azərbaycana qarşı olan bu xətlə Rusiya həm də Qarabağ ermənilərinin narazılıqlarından süni protest elektoratı formalaşdıraraq, onları Paşinyana qarşı istifadə etməyə çalışır. Bu qruplar həmin insanları təşkilatlandıraraq küçə etirazlarına yönəltməyi və beləliklə də Ermənistan daxilində siyasi rıçaqlar əldə etməyi hədəfləyirlər.
Paşinyanın son açıqlaması Ermənistanda vəziyyəti qarışdırmaq istəyən müxalif qüvvələrin mövqeyinə də zərbə vurub. Rusiyaya bağlı siyasətçilər onu sərt şəkildə tənqid etsələr də, təcrübə göstərir ki, onların Ermənistan daxilində kütləvi dəstək toplamaq gücləri yoxdur. İndiyədək Moskvayönlü müxalifətin yaratmaq istədiyi qarışıqlıqlar uğursuzluqla nəticələnib.
Məlumatın tamamlanması üçün qeyd edilməlidir ki, Rusiyanın müəyyən dairələri son bir ay ərzində Qarabağ ermənilərini yenidən gündəmə gətirərək, onlara ərzaq yardımı kampaniyaları təşkil edir. Bu “humanitar yardım” adı altında həyata keçirilən təşəbbüslərin əsas məqsədi həmin kütləni strukturlaşdırmaq və siyasi alətə çevirməkdir. Beləliklə, Moskva Qarabağ mövzusundan istifadə etməklə həm Azərbaycana (kənardan), həm də Ermənistana daxildən təsir imkanlarını saxlamağa çalışır.
Qeyd edək ki, Paşinyanın bu açıqlaması Ermənistan ictimaiyyətində böyük rezonans doğurub. Dünəndən bəri mövzu ətrafında müzakirələr bütün siyasi dairələri əhatə edib və ciddi polemikalara səbəb olub.
Bildiririk ki, Paşinyanın xalqa bu müraciəti dünən Musavat.com tərəfindən yayımlanıb. Lakin bu mövzunun təkrar işıqlandırılmasında, geniş ictimai rəyə təqdim edilməsində fayda var. Çünki Ermənistan baş naziri deyir ki, Ermənistandan didərgin düşmüş azərbaycanlıların da geri qayıtmasını müzakirə etmək sülhə təhdiddir. Biz də bu mövzuda cəmiyyət olaraq öz mövqeyimizi formalaşdırmalıyıq.
Buna görə, “BBC Azərbaycan”ın hazırladığı bu video-xülasə ilə birlikdə, Paşinyanın sensasion və cəsarətli müraciətini oxucularımızla təkrar paylaşırıq.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ