Onlayn ictimai-siyasi qəzet
Bakıda korrupsiya ilə mübarizə haqda beynəlxalq konfrans keçirilmişdir, səhv eləmirəmsə, prokurorluq orqanlarımızın bayrağı altında. Çox yaxşı tədbir idi, dünyanın gözü dikilmişdi, şəxsən mən heyran qalmışam, hələ də özümə gələ bilmirəm.
Bu, bir daha onu isbat edir ki, Azərbaycan dünyada korrupsiya ilə mübarizə üzrə lider dövlətlərdən biridir. Biz istəsək rüşvətxor və korrupsionerlərin qulağını kəsərik, lakin cərrahlarımız imkan vermir - dərhal yerinə tikirlər. Dünən bu barədə də informasiya var idi, deyir həkim kəsilmiş qulağı 36 saat sonra yerinə tikmişdir.
Möcüzədir. Hazırda həmin yoldaşın qulağı ziyarətgah kimi bir şey olubdur. Gedib nəzir verirsən, ondan sonra sonsuz gəlinlər uşağa qalır, ayaqsızlar yeriyir, dilsizlər dil açır. Gözü açılanlarımız haqda ta yazmıram, ötən saylarımızda xəbər vermişik, təkrar niyə edək?
Digər həkim 9 qaşıq udanı müalicə edib, qaşıqları çıxarmışdır. Bəs deyirdilər camaat yeməyə nəsə tapmır? Qaşıq-qaşıq udurlar.
Elə bu cür müqəddəs məkan olmağımızın təsiridir ki, deputatlar da Məkkəyə müraciət yazır, Kəbənin örtüyünü istəyirlər. Orada hər il örtük dəyişilirmiş, ərəb kralı köhnəni müsəlman dövlətlərinə hədiyyə edirmiş.
Açığı, bu prosedur haqda məlumatım yox idi və xəbər mənə çox qəribə gəldi. Axı dünyada nə qədər müsəlman dövləti var? Niyə indiyəcən o örtüyün biri bizə qismət olmamışdır? Şeyximiz və qudası Hacı Qalib müəllim 37 dəfə ziyarətə gedərkən nə üçün həmin örtükdən bir arşın kəsib gətirməyibdir? Düşündürücüdür. Bunlar heç xalqı fikirləşmir. Bəlkə paxıllıq edirlər, istəyirlər müqəddəs örtüyə ancaq özləri üzlərini sürtsün.
İnşallah, ümid edək kral deputatımızın xahişini eşidər. Hərçənd yenə bizim çoxumuz örtüyü görməyəcək, çünki deputat onu Naxçıvana, Əshabi-Kəhf mağarasında nümayiş etdirmək üçün istəyibdir. Bildiyiniz kimi, orada müqəddəs yerlər Bakı və Abşeron yarımadasına nisbətən daha çoxdur. Məsələn, Nuhun məzarı. O qəbrin üstünü Vasif müəllim vaxtilə götürübdür, abadlaşdırıbdır. Yəqin yenə tufan olsa, dünyanı bir daha su bassa, əlaqədar orqanlar Vasif müəllimin bu ülvi fəaliyyətini unutmayacaq, gəminin bir neçə kayutasını şəxsən Talıbovlara verəcəkdir. Lakin bu prosedurun özü də xeyli çətindir, çünki Vasif müəllimin cütünü, bənzərini bulmaq asan iş deyildir. Nə qədər adam ona qibtə edərək ölübdür.
Qayıdaq mövzuya, mövzu isə ölkəmizdə korrupsiya ilə mübarizə konfransıdır. Yuxarıda yazdım, sevindirici hadisədir, ancaq bir yandan da şübhəlidir. Əgər bizdə korrupsiya yoxdursa (mən buna şübhə etmirəm), konfrans niyə keçirilir? Yox, konfrans varsa, korrupsiya haradadır? Məsələn, niyə biz futbol üzrə beynəlxalq konfrans etmirik? Çünki futbolumuz yoxdur. Hamı da bunu bilir. Bəs nəyimiz var? Təmiz dağ havası var (bu yerdə “Bulaq suyu, dağ havası” mahnısı oxucular üçün səsləndirilməlidir). İqlim konfransını ona görə keçirdik. Musiqi var, muğam festivalı edirik. Təndir çörəyi var, yemək festivalı da var. İstər-istəməz ortaya sual çıxır ki, korrupsiya haqda biz nə bilirik, dünyaya nə öyrədə bilərik, bir zadın ki ömrü boyu üzünü görməmişik? Şəxsən mən axırıncı dəfə 1989-cu ildə, SSRİ vaxtı Narxozun yataqxanasında komendant Mikayıl müəllimə 25 manat rüşvət vermişəm, vəssalam. Ondan sonra müstəqillik dövrümüzdə bir qəpik korrupsiyaya rast gəlinməyibdir. Yalnız AXC-Müsavat dövründə xırda istisnalar olmuşdur.
Təxribat da ola bilər. Ancaq bunu araşdırmaq hüquq-mühafizə orqanlarının vəzifəsidir. Buyurun, izahat verin görək nə üçün bu konfransı Bakıya salmısınız.
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ