Onlayn ictimai-siyasi qəzet
1950-ci il iyunun 25-də “soyuq müharibə” dövründə ABŞ və onun müttəfiqləri ilə Çin və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə üç il davam edib. 1953-cü ilin iyulunda Panmuncom kəndində atəşkəs sazişi imzalandıqdan sonra Koreya yarımadası ərazisində genişmiqyaslı hərbi əməliyyatlar başa çatıb. Tərəflər bütün təmas xətti boyunca dörd kilometrlik silahsızlaşdırılmış zonanın yaradılması və onun sərhədləri boyunca təhlükəsizliyin birgə qorunması barədə razılığa gəliblər.
Ancaq heç vaxt sülh tam təmin edilməyib. Koreyalararası sərhəddə atışmalar və “düşmən” ərazisinə qarşılıqlı reydlər adi hala çevrilib. 1976-cı ilin avqustunda amerikalılar və cənubi koreyalılar silahsızlaşdırılmış zonanın ortasında dayanan və müşahidə məntəqəsindən sərhəd keçid məntəqəsinə qədər olan mənzərəni kəsən 30 metr hündürlüyündə qovaq ağacını budamaq qərarına gəliblər. Avqustun 18-də 15 amerikalı və cənubi koreyalı hərbçidən ibarət qrup missiya üçün yola düşüb.
İş başlanandan qısa müddət sonra Şimali Koreya əsgərlərindən ibarət qrup qovaqa tərəfə gəlib. Onların komandiri “Buldoq” ləqəbli Pak Çul budamanın dayandırılmasını əmr edib, çünki ağac guya Kim İr Senin özü tərəfindən əkilib və ona görə də müqəddəsdir. Amerikalı kapitan Artur Bonifas zəhlətökən şimali koreyalıya məhəl qoymayıb və işi davam etdirməyi əmr edib.
Şimali koreyalı zabit daha sonra əlavə qüvvələrin əraziyə cəlb olunması ilə bağlı göstəriş verib. Tezliklə yük avtomobili ilə əlavə 20 hərbçi gəlib. Demilitarizasiya zonasında odlu silah gəzdirmək qadağan olunduğundan bütün tərəflər balta, çapaq, gürz və digər soyuq silahlarla təchiz olunub.
Kapitan Bonifas yenidən budamanın dayandırılması tələbinə məhəl qoymayıb. Bu zaman şimali koreyalı zabit saatını çıxarıb, diqqətlə dəsmala büküb, cibinə qoyub və “Öldürün onları!” əmrini verib. Hücum təxminən 30 saniyə davam edib.
Bu müddət ərzində şimali koreyalılar Bonifası yıxaraq öldürə biliblər. Cənubi Koreya-Amerika komandasının daha 9 üzvü yaralanıb. Amerikalı baş leytenant Mark Barret harasa yoxa çıxıb. Bir müddət sonra o, yaxınlıqdakı çuxurda tapılıb. Ölümcül yaralanan leytenant xəstəxanaya göndərilsə də, yolda ölüb.
Şimali Koreya lideri Şri-Lankada qoşulmayan dövlətlərin konfransında çıxış edərək, ABŞ-ni təcavüzdə ittiham edib. Onun sözlərinə görə, “14 baltalı xuliqan” özünü müdafiə etmək məcburiyyətində qalan KXDR sərhədçilərinə hücum edib.
ABŞ-nin hərbi və siyasi rəhbərliyi çıxılmaz vəziyyətə düşüb. İki amerikalı zabitin ölümü ilə nəticələnsə belə, heç kim insident üzündən II Koreya müharibəsini başlamaq istəməyib. Ancaq ABŞ prezidenti Cerald Ford hadisənin cəzasız qalmaması barədə göstəriş verib.
“Qızıl orta” bədbəxt ağacın kəsilməsində tapılıb. Avqustun 21-də müvafiq texnika ilə təchiz edilən hərbi mühəndislərdən ibarət işçi qrup qovaqa tərəf gedib. Onları tapança və baltalarla silahlanmış iki tağım mühafizə edib. Şimali koreyalıların əməliyyatı dayandırmaq üçün gələ biləcəkləri körpü minalanıb. Bundan əlavə, körpüyə doğru artilleriya qurğusu nişanlanıb və onun ətrafında Cənubi Koreya xüsusi təyinatlılarından ibarət qrup şimallıları gözləyib.
Xüsusi təyinatlılardan bəziləri üzərində partlayıcı qurğu gəzdirib və əllərində detonatorlar olub. Ümumilikdə əməliyyatda 800-dən çox hərbçi iştirak edib.
Bundan əlavə, ərazidə həmçinin 20 helikopter və “B-52 Stratofortress” bombardmançıları dövrə vurub. Bombardmançıları F-4 Fantom II qırıcıları, Cənubi Koreyanın F-5 və F-86 təyyarələri müşayiət edib. “Midvey” adlı təyyarədaşıyan gəmi Yaponiya dənizinə daxil olub. Demilitarizasiya zonası boyu bütün qoşunlar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Əməliyyat Şimali Amerika folklorundan nəhəng odunçu Pol Banyanın adını daşıyıb.
Bədbəxt qovaq 42 dəqiqə ərzində kəsilib və yalnız altı metr uzunluğunda kökü qalıb. Şimali koreyalılar 200-ə yaxın adamı əraziyə cəmləsələr də, qarşı tərəfin say üstünlüyünü dərk edərək heç nə etməyiblər.
Üstəlik, Kim İr Sen tezliklə avqustun 18-də baş vermiş insidentdən təəssüfləndiyini bildirərək, bununla da Şimali Koreyanın məsuliyyətini etiraf edib və gələcəkdə demilitarizasiya zonasında təxribatların qarşısını almağa çağırıb. Lakin bu günə kimi orada insan tələfatına səbəb olan müntəzəm atışmalar davam edir.
Altı metrlik kötük, nəhayət, 1987-ci ildə kökündən çıxarılıb və onun yerinə ölən iki amerikalı zabitin xatirəsinə lövhə qoyulub.
Yeri gəlmişkən amerikalı zabitləri baltalayaraq öldürən şimali koreyalı hərbçilərindən biri ölkəsində qəhrəman kimi təqdim edilib və silahsızlaşdırılmış zonada xidmət etməyə davam edib. Lakin o, 1984-cü ildə mübadilə əsasında SSRİ-dən Şimali Koreyaya gələn tələbənin Cənubi Koreyaya qaçmağa cəhd etmədikdən sonra təhlükəsizlik bölgəsində baş verən atışmada öldürülən üç hərbçidən biri olub.
Videonun linki: https://www.youtube.com/watch?v=rSbT0ovfuZA
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ