İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubadlı Zəfəri - Dəmir Yumruğun səsi ilə azad olan şəhər

Beş il əvvəl - 2020-ci ilin 25 oktyabrı Azərbaycan tarixinin qızıl səhifələrindən birinə çevrildi. Həmin gün qəhrəman Azərbaycan Ordusu Qubadlı şəhərini və ətraf kəndləri düşmən tapdağından azad edərək, Vətən müharibəsində növbəti böyük Zəfərin müəllifinə çevrildi.

Xatırladaq ki, o gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqımıza bu tarixi xəbəri belə çatdırmışdı:
“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Cəbrayıl və Zəngilan rayonlarının azad olunması Qubadlıya aparan yolun açılmasında həlledici rol oynadı. Coğrafi baxımdan dağlıq ərazidə yerləşən Qubadlıya yaxınlaşmaq həm taktiki, həm də strateji cəhətdən çətin idi. Lakin Azərbaycan Ordusunun planlı, yüksək peşəkarlıqla aparılan əməliyyatları nəticəsində bu çətinliklər bir-bir dəf edildi. Cəbrayıl istiqamətində düşmənin müdafiə xəttinə endirilən sarsıdıcı zərbələr, Zəngilan tərəfdən həyata keçirilən uğurlu hücumlar nəticəsində Qubadlı rayonunun inzibati sərhədlərinə çıxmaq mümkün oldu. Döyüşlər zamanı hər bir əsgər, hər bir zabit bu torpaqlar uğrunda canını qoymağa hazır idi.

Oktyabrın 23-də Ordumuz Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndlərini azad etdi. İki gün sonra isə Qubadlı şəhəri və ətraf kəndlər - Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq düşməndən təmizləndi.

Qubadlı əməliyyatı zamanı ən ağır və strateji döyüşlərdən biri Yazı düzü yüksəkliyində baş verdi. Bu yüksəkliyin azad olunması uğrunda aparılan döyüşlər həm Qubadlı əməliyyatının, həm də ümumilikdə Vətən müharibəsinin dönüş nöqtələrindən biri idi. Məhz burada Azərbaycanın igid oğlu, Milli Qəhrəman polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucaldı.

Qubadlının azad edilməsi həm də Laçın və Şuşaya gedən yolun açılması demək idi. Ordumuz Qubadlı-Laçın yolunu nəzarətə götürərək düşmənin əsas təminat xətlərini kəsdi. Zəngilan istiqamətindən irəliləyən bölmələrimiz düşməni tam mühasirəyə aldı, çox sayda texnika və canlı qüvvə məhv edildi. Beləliklə, Qubadlının azad olunması ilə Laçın dəhlizinə doğru irəliləmək üçün hərbi üstünlük tam şəkildə Ordumuzun əlinə keçdi.

Prezident İlham Əliyev sonradan bu əməliyyatın əhəmiyyətini belə dəyərləndirib:

“Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Qubadlı 238 şəhid vermiş, 190 nəfər yaralanmış, 78 nəfər itkin düşmüşdü. Vətən müharibəsində də Qubadlı övladları ön cəbhədə mərdliklə döyüşdülər, 300-ə yaxın sakini könüllü olaraq döyüşlərdə iştirak etdi, onlardan 11-i şəhid, 40-dan çoxu qazi oldu. Qubadlının Yusifbəyli kəndindən olan 19 yaşlı əsgər Vüsal Yaqubov Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
Bu gün Qubadlıda həyat yenidən doğulur. Şərqi Zəngəzurun qərb hüdudunda yerləşən bu torpaqlarda infrastruktur layihələri, yeni yaşayış massivləri, məktəblər, enerji və su layihələri sürətlə həyata keçirilir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıya dəfələrlə səfər edərək bərpa prosesinə şəxsən rəhbərlik ediblər.

2021-ci ildə “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Xanlıq-Qubadlı yolunun təməlqoyması bu torpaqlarda həyatın yenidən qayıdışının rəmzinə çevrildi.
2022 və 2023-cü illərdə Prezident və birinci xanım şəhərin Baş planı ilə tanış olub, Zəfər və İşğal muzeylərinin, su anbarlarının, məktəblərin və kəndlərin təməllərini qoyublar.

Böyük Qayıdış proqramına əsasən, Qubadlı yaxın illərdə kənd təsərrüfatı və turizm sahəsində yeni iqtisadi mərkəzə çevriləcək. Bərgüşad və Zabux çaylarının qovuşduğu bu ərazi yenidən yaşıllığa bürünür, yollar, körpülər və evlər dirçəlişin nəfəsini daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Qubadlı şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə paylaşım edib. Paylaşımda “Zəfər Tariximiz: 25 Oktyabr 2020-ci il Qubadlı” sözləri yer alıb.

Beləliklə, hər oktyabrın 25-i bu torpaq üzərində bir daha səslənir:
Qarabağ Azərbaycandır! Qubadlı Azərbaycanındır!

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR