Onlayn ictimai-siyasi qəzet
Erməni icması İsrailin ictimai televiziya kanalı Kan 11-də “Eurovision” şərhçisinin bəyanatından möhkəm inciyib. “Sputnik Ermənistan” xəbər verir ki, bu barədə “Save the ArQ” hərəkatı məlumat yayıb. Belə ki, “Eurovision”un erməni iştirakçısı Parqın çıxışından sonra müsabiqənin israilli şərhçisi, “Mən inana bilmirəm ki, biz bunlara Qüdsdə bütöv bir məhəlləni vermişik” deyib. Yerusəlimdəki ermənilər şərhçinin bu sözlərini irqçi adlandırıblar və azərbaycanlılara da yaxşı tanış olan ifadələrlə öz etirazlarını bildiriblər.
“Müqəddəs Qüds şəhərinin erməni icmasının 1700 illik irsi belə ucuz təhqirlərə və revizionist şərhlərə dözmək fikrində deyil. SavetheArQ Qüds hərəkatı ictimai televiziya kanalında verilən biabırçı açıqlamalara qarşı öz qəzəb və kəskin qınağını bildirir”, - etirazda bildirilir.
Erməni Savethe ArQ hərəkatının bununla da ürəyi soyumayıb və bəyan edib ki, Yerusəlimdəki erməni məhəlləsi heç kimə “hədiyyə edilməyib”, bu məhəllə guya əsrlər boyu Qüdsdə həmişə mövcud olub, “ermənilər tərəfindən tikilib və qorunub saxlanılıb”.
Hər kəsə məlumdur ki, ermənilərin Qüdsdə “1700 illik icma” yaratdıqları iddiası əsassız və tarixdən tamamilə uzaqdır. Qüds şəhəri tarix boyu müxtəlif imperiyaların nəzarətində olub - yəhudilər, romalılar, bizanslılar, müsəlman ərəblər, səlcuqlar, osmanlılar və nəhayət, müasir dövrdə İsrail dövləti. Bu şəhərdə erməni icmasının kiçik dini-ticari məkanları olmuş ola bilər, lakin bu, onlara bütöv bir məhəllənin, yaxud Qüds üzərində “mülkiyyət hüququ” verdiyi anlamına gəlmir.
Əslində bu cür uydurma iddialar, ermənilərin tarix boyu müxtəlif ölkələrin ərazilərinə yönəltdiyi torpaq iddialarının davamıdır. Ermənilər sadəcə Qüds yox, tarix boyu bir sıra ölkələrin ərazilərinə torpaq iddiaları irəli sürüblər.
Ən bariz və uzunmüddətli iddialar məhz Azərbaycana qarşıdır. Qarabağ bölgəsi əsrlər boyu Azərbaycan türklərinin yaşadığı coğrafiya olsa da, ermənilər 19-cu əsrin əvvəllərindən başlayaraq bu ərazilərə köçürülüb və sonradan buraların “qədim erməni torpaqları” olduğunu iddia ediblər. 1988-ci ildən başlayan Qarabağ münaqişəsi və 30 ilə yaxın davam edən işğal bunun nəticəsi idi.
Ermənilər Osmanlı imperiyasının Şərqi Anadolu bölgələrini - Van, Ərzurum, Bitlis, Kars və s. - öz “tarixi torpaqları” kimi qələmə verərək “Böyük Ermənistan” xəritələri çap edir və həmin bölgələri hələ də “qayıtmalı olduqları ərazilər” kimi göstərirlər.
Həmçinin Gürcüstanın Cavaxetiya bölgəsində də özlərinə qarşı guya “zülm” edildiyini iddia edir, bu bölgədə mədəni muxtariyyət və ya “erməni ərazisi” statusu tələbi ilə çıxış edirlər.
İranın Urmiya, Xoy, Mərənd və Salmas kimi bölgələrində də tarixi erməni icmaları olub. Bu gün həmin icmalar demoqrafik baxımdan azlıqda olsa da, bəzi radikal erməni dairələri bu bölgələri də “tarixi Ermənistan”ın tərkibi kimi təqdim edir.
Beləliklə, daha bir erməni həyasızlığı: 1700 il yalanı haradan çıxdı?
Ceyhun Məmmədov
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb: “Belə bir xəstəlik var - bu, erməni xəstəliyidir. Harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər və həmin ərazilərin iki min, üç min ildir onlara məxsus olduğunu iddia edirlər. Bu, artıq onların bir xəstəliyinə çevrilib. Necə ki, gəlib Qarabağda məskunlaşıb, bura qədim erməni torpağıdır deyirdilərsə, indi də İsraillə bağlı bunu edirlər və həmin ərazilərlə bağlı eyni iddiaları irəli sürürlər. Ona görə də bu, artıq birinci dəfə deyil ki, baş verir. Tarix boyu belə hallarla rastlaşmışıq və bu gün də onların həyasız şəkildə bu torpaqların onlara məxsus olduğunu bildirdiklərini və bu istiqamətdə tez-tez qarşıdurmaların baş verdiyini görürük. Yəni hamıya məlumdur ki, Qüds müqəddəs məkandır və orada tarix boyu müsəlmanlar da yaşayıb, yəhudilər də. Uzun müddət müsəlmanlar bu ərazilərə nəzarət ediblər”.
Deputat bildirib ki, sonrakı dövrlərdə isə müxtəlif ölkələrdən ermənilər gələrək bu ərazilərdə məskunlaşıblar: “İndi isə başlayıblar deməyə ki, guya bu ərazi onlara məxsusdur, guya onlar bu ərazilərin sahibidir və burada yaşayırlar və sair. Düşünürəm ki, yəhudilər də bu məsələni nəzərə almalıdırlar. Onlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Ola bilsin, bir azdan desinlər ki, ora onların dövləti olub və orada dövlət yaratmaq istəyirlər, ərazi iddiası qaldırırlar. Xatırladım ki, bir müddət əvvəl saxta bayraq da qaldırmışdılar. Bu, növbəti bir yalandır, saxtakarlıqdır və heç bir əsası olmayan məsələlərdir ki, ermənilər tərəfindən ortaya atılır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ