İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quş”ların və gədələrin “qul”lara quş tutdurması

O gün söz necə fırlanıb gəlmişdisə, bir rəfiqlə harın və qudurğan adamlardan, onların küçədə, restoranlarda, bağ evlərində çıxardıqları hoqqalardan danışırdıq. Qəfildən yadıma düşdü ki, opera solisti Ülvi Qılınc bu yaxınlarda harınlamış adamların bəzi müğənni qadınları gecə yarısı bağlarda təşkil etdikləri eyş-işrət məclislərinə apardıqlarından bəhs edib.

Sənətkar demişdi ki, o müğənnilər özlərinə hörmət etmir, masanın üstündə oynayırlar, masanın altında oynayırlar. Müğənni qızların masanın üstündə oynadılması vaqiəsi çox da təəccüblü yenilik olmasa da, amma masanın altında oynamaları nəydi, anlaşılmadı. Uşaq deyillər ki, masanın altında evcik-evcik oynayalar. Qaranlıq qaldı. Tanışlığı olan varsa, Ülvi Qılınca söyləsin ki, xalq izahat tələb edir. Amma bu heç.

Əsas məsələ odur ki, söhbətin bağda kef məclisi hissəsində həmsöhbətim bir məzəli əhvalat danışdı. İndi ictimai-siyasi əhəmiyyət kəsb etdiyi, ibrətamiz olduğu üçün o hadisəni qulluğunuza ərz edirəm.
Deməli, hadisə mobil telefonların video çəkə bilmədiyi dönəmlərdə baş verib. Bu detalı ona görə qeyd edirəm ki, o vaxt indiki smartfonlar olsaydı, yəqin ki, biz kuryoz video izləyər, bəlkə də qəşş edərdik.

Həmin işsizlik və kasıbçılıq illərində Ağsudan təxmini yaşı 24 olan bir gənc Bakıya, böyük dayısının yanına işləməyə gəlir. “Böyük dayısı” söhbəti sizi çaşdırmasın, təxminən 45 yaşında olan dayı “Xalqlar dostluğu” metrosu tərəfdəki körpülərdən birinin altındakı “qul bazarı”na çıxırmış.

Oğlan gəlir, dayı onu öz yanına işə düzəldir. Yəni, dayı-bacıoğlu, rus demişkən, “naparnik” olur. Bir gün körpünün altında bir cip dayanır, içindən iki cavan oğlan düşür, deyirlər, iki fəhlə lazımdır, Mərdəkanda bağ evində iş görəcəklər. Dayı təcrübəli “qul” olduğundan bütün rəqiblərindən cəld tərpənir, hamını qabaqlayır və işin nə olduğunu soruşmadan “işi götürür”. Cavanlar və “qullar” cipə oturub Mərdəkana üz qoyurlar.

Maşın darvazadan içəri girəndə “qul” cütlük baxır ki, bura bir hovuzlu villadır. Hovuzun kölgə tutan yerində masa açılıb, kabab qoxusu bağı başına götürüb, 3-4 cavan oğlan nəsə oynayırlar, 3 gənc qız çimərlik libasında hovuzda çimişir, daha ikisi şezlonqda uzanıb. Bacıoğlu özünü cənnətə düşmüş kimi hiss edərkən, dayı narahat olur, onları bağa gətirən cavanlara deyir ki, iş nədən ibarətdir, deyin, işimizi görək, pulumuzu alaq, gedək, sizə mane olmayaq.

Gənclər razılaşmırlar, deyirlər, süfrə üstünə gəlmisiniz, bizimlə oturub yeyib-içəcəksiniz, iş qaçmır. Məclis toplanır, qızlar da masa arxasına keçirlər. Dayı onların danışığından, qaqqıldaşmaqlarından anlayır ki, məclis lotu məclisidir, qızlar da salon, bar “quş”larıdır, buraya kef məclisinə gətiriliblər.

Xüləs, “qullar”a yemək verilir, içki süzülür. 50, 100, 150, dayı yenə “işəgötürən”ə deyir ki, bu qədəri bizə bəsdir, işimizin adını de.

Ev yiyəsi oğlan işarə edir, masaya qulluq edən gənc həyətdəki yardımçı tikiliyə gedir, oradan hər əlində cələklənmiş iki beçə çıxarıb gətirir. Ev sahibi quşların ayağındakı ipi kəsib həyətə buraxır, “qullar”a deyir, bax, artıq ”iş” qaçır, cumun, tutun.

Dayı anlayır ki, bu, iş deyil, gədələr məzələnmək istəyir. Artıq tutulmuş quşların ayağını açıb həyətə buraxmaq və təzədən tutdurmaq nə deməkdir? O, əvvəlcə istəyir bu “iş”dən imtina eləsin. Amma yediyi kababa və içdiyi arağa görə qırılır, qalır, başa düşür ki, quşları tutmasalar, bunları bağdan buraxmayacaqlar. Bacıoğlu da elə bilir ki, kənd uşağıdır, beçələri asanca tutacaq.

“Qullar” quşları hərləməkdə olsun, beçələr qıvraq çıxır, tutduq vermirlər. Cavan oğlanlar və bikinili qızlar beçələrin dalınca sağa-sola tüyünən “qullar”a baxır, qəşş edir, uğunub gedir, şezlonqa yıxılırlar.

Həyət geniş, beçələr gənc olduğundan quşların hamısını ələ keçirmək mümkün olmur. Nəhayət, “qullar” yorulur, dirənirlər. Dayı deyir, təngnəfəs oldum, ta mənlik deyil. Əyləncə yarımçıq kəsildiyinə görə cipsürən oğlan hirslənir, “qullar”ı dürtmələyir, hətta istəyir ki, tamam şillə-təpiyin altına salsın. Amma qızlar ürəyiyumşaq çıxırlar, qoymurlar. Məlum olur ki, əyləncənin ideya müəllifi qızlardan biridir, ürəyi gülüb-əylənmək istəyib.

Axırda dayı və bacıoğlunun hərəsinə 5 “şirvan” verib yola salırlar.

Bacıoğlu elə ertəsi gün rayona qayıdır və başına gələn əhvalatı yaxınlarına danışır, deyir, ta Bakıyla qurtardım. Onun bibioğlularından biri isə bu hadisəni çayxanada tay-tuşlarına nəql edir və söhbət ictimailəşir.

Dünən Bakıdan inciyən bacıoğlu bu gün də bibioğlusundan inciyir. Əsas da ona görə kəndin aralığında yol gedərkən gədə-güdə ona “ey, quştutan” və “cip-cip-cip” deyirmişlər.

Bu, hələ paytaxtımızda cipin indiki kimi çox olmadığı illərdə olub. Görün, indi bağlarda nə əyləncələr, kef-damaqlar cövlan edir. Tam mövsümüdür.

P.S. Yuxarıdakı vaqiə kimlər üçünsə ideya ola bilər, ona görə də müasir “qullar” sərvaxt olsunlar, onları “bağda iş görməyə” aparanlardan işin quş tutmaq olub-olmadığını soruşsunlar.

P.P.S. Hardan baxsan, sırf əylənmək xatirinə bir parça çörəyə möhtac bığlı-saqqalı kişiləri beçə dalınca qovdurmaq gədəlikdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR