Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə baş verən proseslər, Azərbaycanın sözügedən coğrafiyada artan rolu Ermənistanda narahatlıqla qarşılanır. “Armenianreport” portalı yazır ki, beynəlxalq ictimaiyyət müttəfiqlərinin birtərəfli hərəkətlərinə göz yummaqda davam edərsə, atəşkəs anlayışı saxtakarlığa çevriləcək:
“O zaman təkcə Qəzza deyil, həm də Cənubi Qafqaz eyni ssenarilərin təkrarı ilə - ABŞ-də sülh bəyannaməsi ilə əldə edilmiş "razılaşmaların ləğvi" ilə üzləşə bilər. Müvafiq olaraq, biz bir daha yalnız özümüzə arxalanmalıyıq, ABŞ-nin susqun razılığı ilə Azərbaycanın müəyyən addımlar ata biləcəyini istisna etməməliyik".
Bu mövzuda “Bakı-Xəbər” xatırladır ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Bu halda əsas məsələ odur ki, Ermənistan Azərbaycanla sülh şəraitində yaşamaq istəsin, o zaman ölkəmiz bu dövlətin də təhlükəsizliyini təmin edə bilər. Üstəlik, erməni mediası “sülh bəyannaməsi ilə əldə edilmiş "razılaşmaların ləğvi" riskini görür. Halbuki Azərbaycanın sülh anlaşmasını pozmaq niyyəti yoxdur. Bundan əlavə, “ABŞ-nin susqun razılığı ilə Azərbaycanın müəyyən addımlar ata biləcəyini istisna etməməliyik” deyərkən nə nəzərdə tutulur? Ermənilər Azərbaycanın sərhəddə yeni əməliyyatlarını gözləyirsə, bunu yalnız düşmən ölkənin mətbuatının blefi saymaq olar".
Beləliklə, Ermənistanda revanşist qüvvələr və onlara yaxın media son günlər “müharibə olacaq” vay-şivənini artırıblar. Hətta göründüyü kimi, “ABŞ-nin susqun razılığı ilə Azərbaycanın müəyyən addımlar ata biləcəyi istisna edilməməlidir” kimi iddialar irəli sürürlər. Bununla nə demək istəyirlər? Azərbaycanın guya ABŞ-nin razılığı ilə müharibə başlayacağını? Revanşist çevrələrdə müharibə xofu nə ilə bağlıdır?

İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda gərgin daxili siyasi vəziyyətdən istifadə edən qüvvələr yanan ocağa benzin tökməyə çalışırlar: “Belə bir vəziyyətdən həmin qüvvələr öz maraqları üçün istifadə etmək istəyirlər. Daxili siyasi gərgin duruma həm də Azərbaycan qorxusunu əlavə etmək niyyəti güdülür. Hesab edirlər ki, Azərbaycanın müharibəyə başlayacağını və Ermənistanın "qurbanlıq" olduğu təbliğatını aparmaqla seçkilər yaxınlaşdıqca əhalini Paşinyandan narazı sala bilərlər. Lakin bütün bu təbliğat əsassızdır, heç bir həqiqət payı yoxdur. Azərbaycan sülh istiqamətində daha israrlıdır, Azərbaycan sülh qurucusudur və müharibənin əleyhinədir. Bu mövqeyini Azərbaycan təkcə sözlə deyil, əməli addımları ilə də nümayiş etdirir. Azərbaycan çox tez bir zamanda Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Sülh sazişinin imzalanması, daimi sülhün yaranması üçün Azərbaycan tərəfi Ermənistana elə bu günlərdə çox böyük jest etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev Astanaya dövlət səfərində bəyan etdi ki, Qazaxıstandan gələn taxılın Azərbaycan üzərindən Gürcüstana, oradan isə Ermənistana nəqli barədə məlumat verdi. Bu, sülh üçün, qarşılıqlı etimadın güclənməsi üçün çox ciddi addımdır. Vaşinqton razılaşmalarından sonra etimadın güclənməsi və sülhün dayanıqlı olması üçün bu addım tarixi əhəmiyyətə malikdir. Belə bir vəziyyətdə müharibənin olacağı barədə iddialar irəli sürmək absurddur və qəsdən ortaya atılmış cəmiyyəti çaşdırmağa xidmətə edən fikirlərdir".
Ekspert vurğuladı ki, Azərbaycan-ABŞ münasibətlərinin yaxınlaşmasının sülhə qarşı olduğunu iddia etmək də gülüncdür: “Bu cür iddia yalnız revanşist qüvvələrin Ermənistanda xalq arasında ABŞ-yə olan etimadı zədələmək, Azərbaycana qarşı nifrət aşılamaq, Paşinyana qarşı narazılıq yaratmaq niyyətidir. Həmin revanşist qüvvələr müharibə xofu üzərində Ermənistanda bir zamanlar hakimiyyətə gəlmişdilər, uzun illər ölkəni müharibə xofu ilə idarə etdilər və ağır duruma saldılar. Ənənəvi taktikalarından əl çəkmək istəmirlər. Onlara ordu içərisində bağlı olan qüvvələr qalırsa, onların sifarişi ilə hansısa mərhələdə təxribatlar törətmək cəhdlərinin olması mümkündür. Bunu edib Bakının, Vaşinqtonun üzərinə atmaq planları da qura bilərlər.
Halbuki Vaşinqtonun Ermənistan-Azərbaycan müharibəsində maraqlı olduğunu, guya razılığı ilə Azərbaycanın müharibə istiqamətində addımlar atacağı iddialarını irəli sürmək tamamilə cəfəng fikirlərdir. Pezident Donald Tramp şıxışlarında fəxrlə bəyan edir ki, dünyada sülhə verdiyi ən böyük töhfələrdən biri də Azərbaycan-Ermənistan müharibəsini sülhlə bitirməyə nail olmasıdır. Tramp özünün də iştirakı ilə 8 avqust Vaşinqton razılaşmalarını nəzərdə tutaraq bunu deyir. Hətta Nobel sülh mükafatını alması üçün bu məqamı da qabardır. Erməni revanşistlərin iddialarını bu amil də puça çıxarır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Oktyabr 2025
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ