Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. O, səfərin dəqiq tarixini açıqlamasa da, bunun yaxın vaxtlarda baş tutacağını bildirib.
Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun da Ermənistana səfəri gözlənilirdi. Lakin ötən ilin dekabrından səfər gerçəkləşmir.
Bu arada isə Ermənistanın “Hraparak” nəşri spiker Alen Simonyanın Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşdüyünü, bundan sonra onun ritorikasının sərtləşdiyini yazıb. Spiker brifinqdə anti-Rusiya bəyanatı verib və bildirib ki, Ermənistana qarşı hibrid müharibə aparılır.
O, keçmiş prezident Robert Köçəryanı da rus casusu adlandırıb. Erməni qəzeti yazıb ki, parlamentin sədri bu bəyanatı məhz rus səfirlə görüşdən dərhal sonra verib.
Maraqlıdır, Kopırkin Simonyana nə çatdırıb ki, onun son vaxtlar yumşalan anti-Rusiya ritorikası yenidən sərtləşib? Rusiya rəsmilərinin Ermənistana gözlənilən səfərləri hansı məramı daşıyır? Lavrovun qovluğunda nələr var?
“Hraparak” bildirib ki, Simonyanla Kopırkin Matvienkonun gözlənilən rəsmi səfərini də müzakirə ediblər.
“Əslində Sergey Lavrovun qovluğunda bir çox məsələlər ola bilər. Amma hesab edirəm ki, həmin qovluqda olan bütün məsələlərin sonu suallı ola bilər. Çünki Nikol Paşinyan hakimiyyətinin Qərblə münasibətlərə dair atdığı bəzi addımlar Rusiyada narahatlıq və narazılıqla qarşılanıb”.
Bunu “Yeni Müsavat”a millət vəkili Vüqar İskəndərov deyib.
O qeyd edib ki, rəsmi Moskva Ermənistanın ikili oyununa son qoyulmasını, yəni Qərb, yoxsa Rusiya seçimini etməsini istəyir: “Ermənistan hakimiyyəti bir tərəfdən guya Rusiya ilə dost olduğunu nümayiş etdirsə də, reallıq tamamilə başqa mətləblərdən xəbər verir. Hazırda Ermənistan getdikcə daha çox Qərbin çətiri altına girir. Bu, azmış kimi, sərhədə nəzarət bəhanəsi ilə NATO generalları, Avropa hərbçiləri regiona gətirilir. Xüsusilə də Fransanın Cənubi Qafqazda peyda olması və buna məhz Paşinyan komandasının vasitəçilik etməsi arzuolunan hal deyil. Təbii ki, bütün bunlar Kremli narahat edir və qəzəbləndirir”.
V.İskəndərov əlavə edib ki, görünür, Rusiya artıq Ermənistandan konkret suallara dəqiq cavab istəyir: “Hesab edirəm ki, Alen Simonyanın Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşündən sonra anti-Rusiya bəyanatı verməsinin kökündə də bu amil dayanır. Çox güman ki, rəsmi Moskva səfirin dili ilə Paşinyan komandasına "ağıllı olmağı", əks təqdirdə, ölkədə siyasi gərginliklərin pik həddə çata biləcəyinə dair xəbərdarlıq çatdırıb. Həmin görüşdən sonra Alen Simonyanın Ermənistana qarşı hibrid müharibə aparıldığını deməsi və keçmiş prezident Robert Köçəryanı da rus casusu adlandırması bu ehtimalları gücləndirir".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, ümumiyyətlə götürdükdə Simonyanı davamlı şəkildə anti-Rusiya mövqeyi ilə seçilən biri kimi xarakterizə etmək olar: “Rusiyanın ünvanına olan məlum açıqlamalar, Rusiyanın Ermənistanda vəziyyəti qarışdırmağa cəhd etməsi kimi bəyanatlar Simonyan tərəfindən bundan əvvəl də səsləndirilib və Rusiya rəsmiləri tərəfindən də cavablandırılıb.
Simonyanın indi səsləndirdiyi iddiaların səfir Kopirkinlə görüşdən sonraya təsadüf etməsi isə onu göstərir ki, Simonyan Rusiya səfiri ilə görüşdə ondan istədiklərini ala bilməyib və ya Rusiya tərəfinin istəkləri Ermənistan hakimiyyətinin maraqlarına cavab verməyib. Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə start verməsi, məlum layihənin parlamentdə qəbulu və Prezident tərəfindən də təsdiq olunması təbii olaraq Rusiyanın maraqlarına cavab vermir və rəsmi Kreml bununla bağlı mövqeyini də gizlətmir. Odur ki, indi səfir vasitəsilə bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin Ermənistan üçün ağır nəticələrə səbəb olacağına dair xəbərdarlıq edilməsi ehtimalı kifayət qədər yüksəkdir. Elə Rusiya xarici işlər naziri Lavrovun Ermənistana səfər etməsində də əsas məqam bununla bağlı olacaq. Ukrayna cəbhəsində müəyyən arxayınlıq əldə edən Rusiya mövqeləri zəifləmiş regionlarda öz ənənəvi mövqeyini bərpa etmək üçün hərəkətə keçməyi planlaşdırır. Burada ilk yerdə məhz Ermənistan dayanır. Odur ki, Rusiya rəsmilərinin Ermənistana səfərinin rəsmi İrəvana təzyiq xarakterli olacağı ehtimalı kifayət qədər yüksəkdir.
Rusiyanın əlində isə təzyiq üçün kifayət qədər rıçaqlar mövcuddur. Rusiya hələ ki, ancaq özünün “beşinci kolon”u, yəni Köçəryan-Sərkisyan cütlüyü və kilsə vasitəsilə təzyiqi davam etdirir və hələ ki iqtisadi təzyiq rıçaqlarını işə salmır. Amma Ermənistanın davamlı şəkildə Rusiya maraqlarının ziddinə fəaliyyəti bu istiqamətdə təzyiq ediləcəyini də deməyə əsas verir. Çox güman ki, Rusiya artıq səfir vasitəsilə etdiyi xəbərdarlığı, yüksək səviyyədə Lavrov vasitəsilə də Ermənistan rəhbərliyinin diqqətinə çatdıracaq. İstənilən halda qarşıdakı seçki dönəmində Ermənistanın yenidən Rusiya ilə Qərb arasında mübarizə meydanına çevriləcəyi şübhəsizdir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ