Onlayn ictimai-siyasi qəzet
Ermənistanda həbsdə saxlanılan milyarder Samvel Karapetyan Baş nazir Nikol Paşinayna əlcək atıb, faktiki meydan oxuyub. İlon Maskın ardınca rusiyalı oliqarx da yeni partiya yaratdığını bəyan edib.
Məlumata görə, Karapetyan “köklü dəyişikliklərə əsaslanan yeni siyasi qüvvənin formalaşdırılması” prosesinə start verib. Rusiyaya bağlı iş adamının vəkilləri vasitəsilə göndərdiyi bəyanatında həmçinin açıq mətnlə bildirilir ki, “hakimiyyətə qarşı çıxanlara dərin hörmət bəsləsə də, öz yolunu seçir və başçılıq edəcəyi yeni komanda ilə mübarizəyə qoşulacaq”.
Bununla belə, o, digər “ideoloji yaxın qüvvələrlə” əməkdaşlığa açıq olduğunu vurğulayıb. Qeyd edib ki, “hətta hakimiyyətdə də narazı olan, ancaq mövcud vəziyyətdən çıxış yolunu görməyən peşəkarlar var”. Yəni oliqarx paralel surətdə Paşinyan komandasına “qarmaq” ataraq, onun daxilində ziddiyyət və parçalanma yaratmağı hədəfləyib...
Əlbəttə, bu, sırf onun beyninin “məhsulu” deyil. Təlimat çox uzaqdan – Moskvadan, bəlkə də elə İrəvandakı Rusiya səfirliyindən gəlib.
Bu yerdə yada salaq ki, Ermənistana ayaq basar-basmaz hakimiyyət əleyhinə radikal bəyanat, çevriliş hazırlayan kilsəyə isə dəstək ifadə edən Karapetyanın həbsinə Kreml dərhal reaksiya verib, hətta Paşinyan hökumətini üstüörtülü şəkildə hədələyib, öz vətəndaşını axıradək qoruyacağını bildirib. Necə?
Görəcəyik. Daha doğrusu, artıq görürük. Karapetyan partiya yaradıb tərəfdarlarını onun ətrafına toplamağı düşünür. Nəzərə alsaq ki, onun üçün maddiyyət problemi yoxdur, o zaman yoxsul bir ölkədə yeni partiyaya babat sayda üzv yığıla bilər. O ayrı məsələ ki, rəy sorğularına görə əhalinin 60-70%-ni təşkil edən apatik (inamsız) kütləyə təzə “lider” fərqli nə təklif edəcək? Azərbaycan və Türkiyə ilə sülh prosesinə davam edəcək, yoxsa radikal-revanşistlər kimi müharibəni seçəcək? Karapetyan əsas sual haqda təbii ki, susur.
Pulun gücünə gəlincə, əlbəttə ki, Paşinyan da bunun yaxşı fərqindədir. Odur ki, oliqarxın maliyyə kanallarını bağlamağa çalışır. Ötə yandan hökumət Rusiya vətəndaşı olan bir şəxsin partiyasını qeydə alarmı? Ağla batmır...
Baş verənlərin fonunda son vaxtlar Rusiyaya aid hərbi yük təyyarələrinin Ermənistana intensiv uçuşlar etməsi diqqət çəkir. Məlumata görə, axır 10 gündə 12 belə reys olub. Onların 10-u Gümrüyə, 2-si isə İrəvana edilib. Kreml mövzuya münasibət bildirməkdən yayınıb. Sitat: “Biz belə xəbərləri şərh etmirik. Məsələ barədə Müdafiə Nazirliyinə müraciət etməyiniz məsləhətdir”.
Keçən həftə Ukrayna kəşfiyyatı Rusiyanın Gümrüdəki hərbi qüvvələrinin sayını artırdığı haqda sensasion məlumat yaymışdı. Xəbərdarlıq edilirdi ki, əsas hədəflərdən biri Ermənistanda daxili vəziyyəti qarışdırmaq və bu fonda onu Azərbaycana qarşı hərbi toqquşmağa vadar etməkdir. Rəsmi İrəvan isə açıqlamaya münasibətdə bəyan eləmişdi ki, Ermənistan öz ərazisindən üçüncü dövlətə qarşı hücuma heç bir halda izn verməyəcək.
Göründüyü kimi, Moskvanın məkrli oyunları davam edir. Karapetyanın partiya yaratması da şəksiz ki, eyni planın və ya Paşinyanı zorla yıxıb Bakı ilə danışıqları dayandırmaq, Zəngəzur dəhlizini əngəlləmək ssenarisinin tərkib hissəsi kimi görünür. Alınacaqmı?
Dəqiq olan odur ki, nə Karapetyan Maskdır, nə də Paşinayn Tramp!..
Z. SƏFƏROĞLU
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ