İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Avropa Birliyi arasında gizli danışıqlar gedir - ŞOK PROQNOZ

Qulamhüseyn Əlibəyli: “Rusiya danışıqlara səlahiyyətsiz adamları göndərməklə vaxt qazanmağa çalışır”

Hazırda dünyanın diqqəti İstanbuldadır. Bu gün Rusiya və Ukrayna nümayəndə heyəti arasında görüş gözlənilir. Artıq Ukrayna lideri Volodimir Zelenski Türkiyədədir və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Kremlin sahibi Vladimir Putin isə İstanbula gəlməyib.

Putin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin və ekspert qrupunun tərkibini təsdiqləyib.

Nümayəndə heyətinin rəhbəri prezidentin köməkçisi Vladimir Medinski təyin edilib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahı Baş idarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildirlər.

Ekspert qrupunu Baş Qərargahın İnformasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezidentin Humanitar siyasət idarəsinin rəis müavini Yelena Podobreevskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci Departamentinin direktoru Aleksey Polişuk və Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq Baş idarəsinin rəis müavini Vitali Şevtsov təmsil edirlər.

Bu və ya digər məsələləri Musavat.com-a sabiq millət vəkili, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli şərh edib.

QULAM.jpg (43 KB)

O, Putinin bəyanatlarının formal olduğunu qeyd edib:

“Ankarada Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunması pozitiv məqam olsa da, ilk mərhələdə ümidverici razılaşmaların olacağına inam demək olar ki, yoxdur. Rusiya nümayəndə heyətinin tərkibi, danışıqların başlanması ərəfəsində qarşılıqlı ittihamlar, xüsusən də Ukrayna prezidenti Volodimir Zelenskinin ünvanına Rusiya rəsmilərinin aşağılayıcı ifadələri bu nəticəyə gəlmək üçün kifayət qədər əsas verir.

Rusiya nümayəndə heyətinin tərkibinə daxil olan rəsmi şəxslərin heç biri öz sahəsinə aid hər hansı bir məsələyə, xüsusən də atəşkəs və sülh prosesi ilə əlaqədar məsələlərə dair müstəqil qərarlar qəbul etmək səlahiyyətində deyil. Bu isə o deməkdir ki, həmin şəxslər yalnız texniki xarakterli məsələlərdən danışa bilərlər. Yəni birbaşa danışıqların bərpası haqqında Putinin bir neçə gün əvvəlki bəyanatları formal xarakter daşıyır.

Yaxın Şərq turnesi çərçivəsində ABŞ prezidenti Trampın verdiyi dolaşıq və ikibaşlı açıqlamalar Avropa Birliyi ilə Rusiya arasında gizli danışıqların getdiyini güman etmək üçün kifayət qədər əsas verən amil hesab oluna bilər. Danışıqların predmetinin təkcə Ukraynanın bölüşdürülməsi deyil, bütövlükdə dünyanın iki dövlətin təsir məkanlarına ayrılması təşkil edə bilər.

Görünür, bu proses hələ qəti şəkildə başa çatmadığından Rusiya danışıqlara səlahiyyətsiz adamları göndərməklə vaxt qazanmağa çalışır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR