Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Bryansk və Kursk vilayətlərində son saatlarda baş verən dəmir yolu faciələri ölkədə sarsıntı yaratmağa davam edir.
Musavat.com bildirir ki, hadisələrin qəsdən törədildiyi iddia olunur və rəsmi qurumlar artıq baş verənləri terror aktı kimi qiymətləndiriblər.
Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, Klimov–Moskva marşrutu ilə hərəkət edən 86 saylı sərnişin qatarı ötən gecə saat 22:44-də relsdən çıxıb. Qəzanın nəqliyyat infrastrukturuna qanunsuz müdaxilə nəticəsində baş verdiyi bildirilir. Paralel olaraq, Bryansk və Kursk bölgələrindəki iki körpünün partladıldığı təsdiqlənib.
Rəsmi rəqəmlər ağır nəticəni ortaya qoyur:
• 7 nəfər həlak olub
• 3-ü uşaq olmaqla 66 nəfər yaralanıb
• 47 nəfər xəstəxanaya yerləşdirilib
• 8 aylıq körpənin vəziyyəti kritik olaraq qiymətləndirilir
Rusiya Səhiyyə Nazirliyi bildirir ki, hazırda Bryansk yaxınlığındakı tibb müəssisələrində 4-ü uşaq olmaqla 39 nəfər müalicə alır, onlardan 3 nəfərin, o cümlədən bir körpənin vəziyyəti ağırdır.
Rusiya İstintaq Komitəsi bəyan edib ki, Bryansk və Kursk bölgələrində dəmir yollarında baş verən partlayışlar terror aktı kimi təsnif edilir. Hadisələrin bütün detalları ilə araşdırılması üçün təcili istintaq başladılıb.
Sosial şəbəkələrdə hadisənin şahidlərinin lentə aldığı ilk videolar yayılıb. Xüsusilə Bryansk bölgəsində qatarın üzərinə çökən körpü ilə bağlı görüntülər böyük rezonans doğurub.
Hazırda ərazilərdə fövqəladə xidmətlərin əməliyyatları davam edir. Yaralıların təxliyəsi və dağıntılar altında qalanların axtarışı istiqamətində tədbirlər gücləndirilib.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ