İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı?

“SP”: “Region ölkə liderlərinin Rusiya ilə gərginlik fonunda Xankəndidə iştirakı Azərbaycana dəstək nümayişi oldu”

İyunun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Rusiya mediası da diqqətlə izləyib. Moskva-Bakı gərginliyi fonunda Rusiya mediasının bu diqqəti təsadüfi deyil. Musavat.com xəbər verir ki, Türkiyə, İran, Tacikistan, Özbəkistan, Qırğızıstan prezidentlərinin, eləcə də BƏƏ, Türkmənistan və Əfqanıstandan ali qonaqların iştirak etdiyi tədbir haqda “Svobodnaya pressa” da geniş təhlil yazıb.

Nəşr bu sammiti “Bakının Cənubi Qafqazda və “postsovet İslam Avrasiyasında” güclü rolu kimi dəyərləndirib. “Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki böhran fonunda onun belə yüksək səviyyədə keçirilməsi Moskvaya Azərbaycanın regionda güclü mövqeyi ilə bağlı siqnal kimi qiymətləndirilə bilər” deyə nəşr yazır. Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi imkanları barədə dedikləri də diqqət çəkilir. Azərbaycanda çox müsbət investisiya mühiti yaradılıb. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəricidə ölkə dünya liderləri sırasındadır. Nəşr Azərbaycanın milli valyutası olan manatın uzunmüddətli sabit kursuna diqqət çəkir.

“Bu, daim təlatümdə olan rus rublu fonunda xüsusilə nəzərə çarpır. Manatın möhkəmlənməsi sabit iqtisadiyyatın nəticəsidir. Azərbaycan iqtisadiyyatı son illər kifayət qədər yaxşı göstəricilər nümayiş etdirir. Belə ki, ötən il ölkənin ÜDM-i 4,1% artaraq 74,3 milyard dollara çatıb. Bu, Rusiyadakı kimi faiz baxımından təxminən eynidir. Azərbaycanın neft və qaz gəlirləri heyranedicidir. Ötən il onlar respublika büdcəsinə 10 milyard 569 milyon dollar (bütün gəlirlərin 48,4 faizi) daxil olub. Ancaq bu hamısı deyil. Azərbaycan postsovet məkanında ən güclü ordulardan birinə malikdir. Sadəcə bir fakt: Azərbaycan Qarabağ uğrunda gedən döyüşlərdə Ermənistan ordusunu 44 gün ərzində məğlub edə bildi” deyə, “SP”yazır.

Politoloq, Dünya İqtisadiyyatı və Siyasəti fakültəsinin dekan müavini Andrey Suzdaltsev nəşrə deyib ki, region ölkə liderlərinin Rusiya ilə gərginlik fonunda tədbirdə ən yüksək səviyyədə təmsilçiliyi Azərbaycana dəstəyinin nümayişi oldu. Ekspert deyib ki, Azərbaycan ordusu indi Ukrayna ordusundan sonra postsovet məkanında ən güclü ordu roluna iddialı ola bilər. “Amma Şərq incə məsələdir. Regionda geosiyasi vəziyyət kifayət qədər mürəkkəbdir. Azərbaycanda keçirilən sammitdə İran prezidenti də olub. Bu, Rusiyanın strateji tərəfdaşımızla münasibətlərində müəyyən böhrandan xəbər verə bilər” Andrey Suzdaltsev deyib.

Ekspert deyib ki, Rusiya Bakı ilə böhranı diplomatiya yolu ilə həll etmək istəyir. “Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Rəcəb Ərdoğan tərəfindən qəbul edildiyi Türkiyə səfərinə diqqət yetirmək olar. Çoxları hesab edir ki, onların danışıqlarının əsas mövzusu Moskva ilə Bakı arasındakı münasibətlərdəki böhran olub.Türkiyə bu böhranın həllində vasitəçi rolunu oynaya bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamaları də böhranın tezliklə həllinə işarə kimi görünür. Görünür, bizim xarici siyasət idarəmiz Bakıya “strateji müttəfiqliyə” qayıtmağı təklif edib”.

Politoloq da deyib ki, Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətidir: “Amma onun iqtisadiyyatı böyük ölçüdə Rusiya ilə bağlıdır: Azərbaycan neftini Bakı-Novorossiysk neft kəməri ilə Rusiyadan keçməklə Avropaya ixrac edir. Bundan əlavə, Azərbaycan daha ucuz olduğu üçün əhəmiyyətli həcmdə Rusiya neftini alır, öz neftini isə xaricə çıxararaq dünya bazarında baha qiymətə satır”.

Maraqlıdır ki, ekspert sonda deyib ki, “Rusiyanın Azərbaycanda müxalifətlə əməkdaşlığı rəsmi Bakını narahat edə bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR