Onlayn ictimai-siyasi qəzet
“Düşənbə şəhərində MDB sammitində Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putinin görüşü Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər”.
Bu fikirləri Musavat.com-a sabiq deputat, siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. Onun fikrincə, zahirən bu gərginlik AZAL təyyarəsinin Rusiya səmalarında vurulması ilə başlansa da, məsələnin kökü bir qədər dərindir:
“Azərbaycanın Cənubi Qafqazda söz sahibi olan bir dövlətə çevrilməsi, rus qoşunlarının ölkəmizdən çıxarılması, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altına verilməməsi və nəhayət Türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasında Azərbaycanın oynadığı rol bu gərginliyin pərdəarxası səbəbləridir. Digər tərəfdən Rusiyada Azərbaycanla münasibətlərin daha gərginləşdirilməsində, Azərbaycanı Rusiyaya düşmən olan bir dövlət kimi qələmə verilməsində maraqlı olan dairələr var. Eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasında maraqlı olan qüvvələr də var. Bu görüş də məhz həmin qüvvələrin mövqeyinin üstünlük qazanmasının nəticəsidir. Yəni Rusiya tərəfi Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsini qəbul edir. Və Cənubi Qafqazda hər hansı bir formada qalmaq, Zəngəzur dəhlizindən iqtisadi cəhətdən yararlanmaq üçün Azərbaycanla qaba güc dilində danışmaq əvəzinə münasibətlərin normallaşmasına üstünlük verdiyini nümayiş etdirir. AZAL təyyarəsinin vurulması ilə əlaqədar Azərbaycanın kompensasiya tələbi ilə Rusiya tərəfinin razılaşması da məhz bu gərginliyin formal bəhanəsinin aradan qaldırılmasına xidmət edir.
Rusiya Azərbaycanın ən böyük qonşusudur və dövlətlərarası münasibətlərin hər hansı formada gərginləşməsi bir tərəfdən Azərbaycanın geosiyasi maraqlarına uyğun deyil, digər tərəfdən isə Rusiyada yaşayan həmvətənlərimizin həyatı və təhlükəsizliyinə təhdid yaradır. Ümid etmək istəyirəm ki, bu görüşdən sonra Rusiyadakı həmvətənlərimizə olan təhdidlər aradan qaldırılacaq”.
Cavanşir ABBASLI
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ