İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın TDT+ formatına qoşulmaq niyyəti

Ekspert: “Avropanın ən döyüşən ordusuna sahib olan ölkənin istəyi...”

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurası TDT+ formatının yaradılması barədə qərar qəbul edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bu formata dəstək verərək deyib ki, müxtəlif təhlükəsizlik təhdidləri olduğu indiki şəraitdə üçüncü tərəflərlə də dialoqun inkişafı mühümdür:

“Bu mənada TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı hazırkı qlobal geosiyasi vəziyyətin mürəkkəbliyini vurğulayaraq türk dövlətlərinin ortaq maraqlar çərçivəsində birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

“Bu gün dünya ictimaiyyəti bizi ciddi çağırışlara qarşı durmağa qadir olan güclü və vahid dövlətlər kimi tanıyır. Qazaxıstan üçün əsas məqsəd əməkdaşlığımızı daha da genişləndirmək olacaq. Bu baxımdan TDT+ formatı yaradılması ideyasını dəstəkləyirik”, - deyə Tokayev bildirib.

Qeyd edək ki, Naxçıvan müqaviləsinə görə, TDT yanında müşahidəçilər və tərəfdaşlar statusu dövlətlərə, beynəlxalq təşkilatlara və digər qurumlara verilə bilər. 2021-ci ildə Türkmənistan, 2022-ci ildə Şimali Kipr Türk Respublikası TDT-yə müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-də müşahidəçi statusu verilib. Ekspertlərə görə, məsələn, Ukrayna TDT-də müşahidəçi dövlət olmaq istəyini nümayiş etdirir. O, bunu əhalinin bir hissəsinin, xüsusən də Ukraynada yaşayan tatarların türk kökləri ilə əlaqələndirir. Türkdilli dövlət olmamasına baxmayaraq, xüsusilə Tacikistanın müşahidəçi statusu ala biləcəyi deyilir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə Gürcüstan, İran və Pakistanın adını çəkib.

“Bu dövlətlər Macarıstan kimi təşkilatın işində yaxından iştirak etsə bu, nəinki regional, hətta qlobal təhlükəsizliyə, iqtisadi inkişafa böyük xidmət etmiş olar”, - deputat TDT+ formatı haqda danışarkən deyib.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Ukraynanın TDT-də status qazanmaq şansının yüksək olduğunu söylədi:

“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş zirvə görüşündə türk dünyası ölkələrinin hərtərəfli əlaqələrinin və birliyin sıralarının genişləndirilməsi istiqamətində ciddi qərarlar qəbul olunub. Zirvə görüşündə iştirak edən dövlət başçıları strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, regionda sülh, təhlükəsizlik, siyasi-iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində niyyətlərini təsdiqləyiblər. TDT-də sədrlik səlahiyyətləri Qırğızıstandan Azərbaycana ötürülüb. Təşkilatın növbəti rəsmi zirvə toplantısının 2026-cı ilin payızında Türkiyədə keçirilməsi qərarı verilib. Eyni zamanda 2026-cı ildə TDT-nin qeyri-rəsmi zirvə toplantısına Qazaxıstan tərəfindən ev sahibliyi edəcəyi planlaşdırılıb.

Prezident İlham Əliyev toplantıdakı çıxışında gələcəkdə türk dövlətləri arasında birgə hərbi təlimlərin Azərbaycan ərazisində keçirilməsi təklifini irəli sürüb.

Bundan başqa, türk dövlətləri arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi, dövlətlər arasında logistika, nəqliyyat-marşrutları və tranzit imkanlarının böyüdülməsi strateji prioritet kimi qeyd olunub. Dünya düzəninin sürətlə dəyişdiyi indiki dönəmdə, türk dövlətlərinin biraraya gəlməsi sıradan bir məsələ deyil. Son onilliklər ərzində dünyada baş verən proseslər hər bir dövləti daha ciddi düşünməyə vadar edib. İndi yaranmış münaqişələrin beynəlxalq hüquqla deyil, güc hesabına həll edilməsi adi bir hala çevrilib. Buna dair çoxsaylı nümunələr gətirmək mümkündür. Gücün hər şeyi həll etdiyi indiki mərhələdə türk dünyası dövlətlərinə söz sahibi olmaq və bütün güclü tərəfləri özü ilə hesablaşmağın ən münasib yolu da onların bir araya gəlməsindən keçirdi. Türk Dövlətləri Təşkilatının yaradılması ideyasının müəllifləri uzaqgörən siyasətçilərdi.

Təşkilatın əsas təşəbbüskarları Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan rəhbərləri 2009-cu ilin oktyabr ayında Naxçıvanda bu təşkilatın yaradılması barədə qərar qəbul edərkən məhz bu reallıqları nəzərə alıblar. İndi TDT daha sanballı və daha güclü görünür. TDT+ formatında təşkilatın sıralarını daha da genişləndirmək kimi hədəflər ortaya qoyulub. TDT-nin siyasi çəkisini artırmaq yolunda bu addım olduqca əhəmiyyətlidir. Bu sıraya nüvə dövləti Pakistanın, dünyanın dəstəklədiyi və bu gün Avropanın ən döyüşən ordusuna sahib olan Ukraynanın qatılmaq istəyi təşkilatın gerçəkdən dünyanın ən böyük güc mərkəzlərindən birinə çevrilmək şanslarını yetərincə artırır. Avropa İttifaqının üzvü olan Macarıstanın TDT-nin sıralarına qatılması isə daha ciddi və türkü sevməyən bir çoxlarına tutarlı mesajdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR