Onlayn ictimai-siyasi qəzet
Regionlarda ixtisaslı həkimlərin çatışmazlığı problemi hələ də aktuallığını qoruyur. Xüsusilə dar ixtisaslar üzrə həkim tapılmaması bəzi bölgələrdə tibbi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, rayonlarda peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar. Gənc həkimlər isə bölgələrə getmək istəmirlər.
Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar. Tutaq ki, əvvəllər ölkədə kardioloq, ginekoloq çatışmazlığı olardısa, bu zaman ixtisasdəyişmə edilirdi. Artıq bu da yoxdur. Eyni zamanda həkimlərin normal əməkhaqqı təminatı da mövcud deyil. Çox təəssüf ki, müstəqillik illərində bu problem daha da dərinləşdi. Nəticədə digər ölkələr həkimlərimiz üçün daha cəlbedici oldu.
Vaqif Qarayev
İllərin təcrübəli həkimi, pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İcbari tibbi sığorta hələ işə düşməmişdən əvvəl mən onun ən çox təbliğatını aparan həkimlərdən biri idim. Çünki icbari tibbi sığorta tətbiq olunduqdan sonra həkimlər arasında rüşvət probleminin aradan qalxması, ikincisi isə rayonlardan Bakıya olan pasiyent axınının azalması gözlənilirdi. Rüşvət məsələsini bir kənara qoyuram. İndi isə görünür ki, pasiyent axını hələ də davam edir. Niyə? Məsələn, gənc ailəli bir xanım həkim peşəkardır, amma onun Lerikdə işləməsi üçün əvvəlcə o xəstəxananın maddi-texniki bazası normal olmalıdır ki, müayinə metodlarından istifadə etmək mümkün olsun. Bakıdakı qədər olmasa da, ilkin müayinə üçün əsas avadanlıqlar olmalıdır. Varmı? Yoxdur. İkinci məsələ: gənc ailə 24 saat xəstəxanada qala bilməz. Onun ailəsi, uşağı, xəstəxanadan kənar həyatı var. Harada yaşayacaq? Bu, ciddi problemdir. Uşağını qoymağa normal bağça və məktəb varmı? Bakıdakı qədər olmasa da, normal şəraiti olan məktəb və bağçalar mövcud deyil. Gənc insandır, onun istirahətə, əyləncəyə, sosial həyata ehtiyacı var. Bu da yoxdur. Bəli, həkim işləməlidir, amma onun da normal həyatı olmalıdır. Deməli, əsas iki səbəb var: birincisi, maddi-texniki bazanın olmaması, ikincisi - sosial şəraitin yetərli olmaması. Bu gün Bakının klinikalarına getsəniz, foyedə gözləyənlərin 50 faizi rayonlardan gələnlərdir. Onlar niyə gəlirlər? Ya həkim yoxdur, ya da həkim var, amma diaqnoz qoymaq üçün imkanı, avadanlığı yoxdur. Bu çox ciddi məsələdir. Ən çox şikayətlər cənub bölgəsindəki xəstəxanalarla bağlıdır. Bu xəstəxanalarda rəhbərlik tez-tez dəyişir - ya direktor, ya da baş həkim. Niyə dəyişir? İmkan verin işləsinlər də... Deməli, orada nə isə yolunda deyil. Ciddi təhlil aparılmalıdır”.
Ekspert qeyd edir ki, Azərbaycanda kifayət qədər peşəkar həkim var: “Onları bölgələrə yönəltmək üçün stimullaşdırıcı tədbirlər görülməlidir, onların yaşaması üçün şərait yaradılmalıdır. Bəzən bir yerdə kardioloji mərkəz açılır, amma başqa yerlərdə yoxdur. Bu, acınacaqlı haldır. Həkimlərin maaş məsələsi də insanlar arasında narazılıq doğurur. Sürücü, pinəçi pul söhbəti edə bilər, amma həkim edə bilməz? Bu, sovet dövründən qalma bir düşüncə tərzidir. Niyə etməməlidir axı? Bütün dünyada ən yüksək maaş alanlar kardiocərrahlar və neyrocərrahlardır. Tutaq ki, azərbaycanlı xaricdə təhsil alıb və orada bu ixtisas sahiblərinin nə qədər maaş aldığını görüb. Sonra gəlib Lənkərana, ona min manat maaş təklif olunur. Təbii ki, ora getməyəcək. Bir sözlə, həkimləri rayonlara yönəltmək üçün ilk növbədə maddi-texniki baza mövcud olmalı, maaşlar isə yüksək səviyyədə təmin edilməlidir”.
Azərbaycanla coğrafi və sosial cəhətdən yaxın olan bir sıra ölkələrdə bölgələrə həkim cəlb etmək üçün müxtəlif mexanizmlər tətbiq olunur. Məsələn, Türkiyədə tibb universitetini bitirən həkimlər dövlət tərəfindən təyin olunmuş bölgələrdə müəyyən müddət işləməyə məcburdurlar. Bu məcburi xidmət sistemi həkimlərin bölgələrə yönləndirilməsində effektiv mexanizmlərdən biridir. Eyni zamanda ucqar bölgələrdə çalışan həkimlərə əlavə maaş, mənzil və digər sosial dəstək təqdim olunur. Bundan başqa, bu həkimlərə gələcəkdə ixtisaslaşma və karyera yüksəlişi üçün müəyyən üstünlüklər də verilir.
Gürcüstanda isə hökumət könüllü şəkildə bölgələrdə işləməyə razı olan həkimlərə maddi müavinətlər və güzəştlər təqdim edir. Təhsil haqları bağışlanır, gənc həkimlərə əlavə maaş təyin olunur və gələcəkdə iri tibb mərkəzlərində işləmək üçün üstünlüklər verilir. Rusiya bu sahədə “Zemskiy Vrach” adlı xüsusi dövlət proqramı tətbiq edir. Bu proqram çərçivəsində kənd və ucqar bölgələrdə işləməyə razı olan gənc həkimlərə birdəfəlik olaraq 1 milyon rubla qədər vəsait ödənilir. Eyni zamanda mənzil, sığorta və istirahət imkanları da dövlət tərəfindən təmin edilir. Bölgələrdəki tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunur və həkimlərə texniki dəstək göstərilir.
İranda isə həkimlər üçün məcburi dövlət xidməti sistemi mövcuddur. Tibb universitetini bitirən məzunlar diplom almaq üçün əvvəlcə bölgələrdə müəyyən müddət işləməlidirlər. Eyni zamanda bölgələrdə çalışan həkimlərə telemedicina və mərkəzlə birbaşa əlaqə imkanı yaradılır, bu da onların peşəkar fəaliyyətini dəstəkləyir. Bu həkimlərə ixtisaslaşmaya keçid zamanı əlavə üstünlüklər də verilir.
Bu təcrübələrdən belə nəticə çıxarmaq olar ki, bölgələrə həkim cəlb etmək üçün yalnız maaş artımı ilə kifayətlənmək olmaz. Həm sosial şərait, həm də peşəkar inkişaf imkanları təmin edilməlidir. Məcburi xidmət modelləri, birdəfəlik yüksək ödənişlər, evlə təminat, vergi güzəştləri və gələcək karyera üstünlükləri həkimləri bölgələrə yönəltmək üçün effektiv vasitələrdir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ