İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türk dünyasından asılı vəziyyətə düşdü – Kreml Qazaxıstanın “xilas körpüsünə” möhtac qaldı

Rusiyanın enerji diplomatiyasında vəziyyət sürətlə dəyişir. Avropanın sanksiyalarından sonra ümidlərini Çinə və Asiyaya bağlayan Moskva indi də qaz ixracında türkdilli dövlətlərin dəhlizinə möhtac vəziyyətə düşüb.

Vladivostokda imzalanmış yeni saziş Rusiyanın qaz siyasətində təkcə iqtisadi deyil, həm də geosiyasi məcburiyyətlərin nəticəsi olduğunu göstərir. Çinin tərəddüdü, Monqolustanın sanksiya qorxusu və Avropanın tamamilə üz döndərməsi Kremlin bütün planlarını alt-üst edib. Nəticədə Moskva öz qazını Qazaxıstan vasitəsilə Çinə ötürməkdən başqa çıxış yolu tapmır. Bu isə Türk dünyasının enerji xəritəsində artan rolunun və Rusiyanın getdikcə sıxışdırılmasının bariz nümunəsidir.

OGUZ.jpeg (277 KB)

Musavat.com xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz mövzuya bu cür mövqe bildirib:

""Qazprom"un baş direktoru Aleksey Miller və Qazaxıstanın birinci vitse-naziri Roman Sklyar 2025 və 2026-cı illərdə Rusiya qazının Qazaxıstana tədarükünün artırılmasına dair Saziş imzalayıblar. Sənəd Vladivostokda EEF-2025 çərçivəsində imzalanıb.

"Sənəd işgüzar görüş zamanı imzalanıb. Tərəflər qaz təchizatı, nəqli və emalı sahəsində əməkdaşlığın gedişatı və inkişaf perspektivlərini də müzakirə ediblər", - şirkətdən bildiriblər.

2025-ci ilin ilk 6 ayında Rusiya Qazaxıstana 320,9 milyon dollar dəyərində qaz tədarük edib. Avropa ölkələri Rusiyadan qaz alışlarını dayandırdıqdan sonra Moskva bütün ümidlərini Uzaq Asiyaya dikmişdi.

"Bloomberg"in məlumatına görə, bu ilin may ayının ortalarında Vladimir Putinin Çin səfərində iki ölkə liderləri "Sibir gücü-2" qaz kəməri layihəsini də müzakirə etmişdilər.

Qeyd edək ki, "Sibir gücü 2" qaz kəməri Rusiyanın əlavə 50 milyard kubmetr qazını Çinə tədarük etməsini nəzərdə tutur. Rusiya tərəfi bu sazişi Çin ilə uzun müddət həyata keçirməyə çalışsa da, Pekin hələ də əvvəlcədən razılaşmadan çəkinirdi, halbuki Moskva bu müqavilənin qaçılmaz olduğunu dəfələrlə vurğulamışdı.

İddialara görə, bu məsələdə Rusiya üçün ən çox maneə yaradan dövlət Monqolustandır. Ulan-Batur ABŞ və Avropanın sanksiyalarından çəkindiyindən rus qazının öz torpaqlarından keçməsini istəmir. Müxtəlif bəhanələrlə Moskvaya bir növ, "xətanı məndən uzaq elə" mesajları verir".

Siyasi şərhçinin fikrincə, həm Çinin və Monqolustanın çəkingələrini ortadan qaldırmaq, həm də Rusiyanın arzularını reallaşdırmaq üçün ortaq yol tapılıb:

"Rusiya Çinə nəql etməyi planlaşdırdığı qazını Qazaxıstana, Qazaxıstan isə öz daxili tələbatının bir hissəsini Çinə göndərəcək. Beləcə, Çin də, Monqolustan da potensial beynəlxalq təzyiqlərdən xilas olacaq.

Qeyd edək ki, Qazaxıstanda illik təbii qaz istehlakı 2024-cü ildə 21,2 milyard kubmetr olmuşdu. Bu da əvvəlki dövrlə müqayisədə 9% artım demək idi və hökumətin proqnozlarını üstələyir. 2025-ci ilədək Qazaxıstanda evlərin sayının artması, avtomobillər üçün yanacaq kimi istifadə və istehsalatda qazın rolunun artması hesabına təbii qaz istehlakı həcminin böyüməsi gözlənilir.

Qazaxıstanın daxili istehlakı və hasilatı artırmaq üçün kifayət qədər imkanları mövcuddur. 2024-cü ildə 59 milyard kubmetr təbii qaz istehsal edən qardaş ölkə 2025-ci ildə bu rəqəmi 62,8 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2030-cu ilə qədər isə hasilatın 74 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.

Rusiyanın "Sibir gücü-2" layihəsi ilə Çinə ildə 50 milyard kubmetr qaz satmaq istədiyini nəzərə alsaq, belə çıxır ki, Qazaxıstanın bu il hasil edəcəyi 62,8 milyard kubmetr qazın daxili istehlaka gedən 21.2 kubmetri çıxarsaq, hardasa 40 milyard kubmetri Astana sayəsində həll olunacaq. Qalan 10 milyard kubmetr qazı isə yəqin ki, Türkmənistanla əvəzləməyə çalışacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR