Onlayn ictimai-siyasi qəzet
Liderlər və xarici işlər nazirləri gün ərzində bir-birilə intensiv şəkildə telefonla danışır, İsrail-İran müharibəsini müzakirə edirlər. Əksəriyyət müharibənin dayandırılması və məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Yaxşı niyyətdir, ancaq danışıqlar mərhələsi geridə qalıb. Müzakirələrdə nəticə olsaydı, müharibə başlamazdı. Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı – çoxsaylı danışıqlar və vasitəçilik cəhdləri nəticə verməmişdi.
Musavat.com xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, bu gün düyməyə basılıb və nəticə əldə olunmayınca İrana qarşı zərbələr davam edəcək:
“Düyməyə basanlar nəticə əldə etməyənə qədər İrana zərbələri dayandırmayacaqlar. Qərb dövlətləri Rusiyanı Ukraynaya qarşı işğalçı müharibəni dayandırmağa vadar edə bilmədilər. İndi də Rusiya eyni vəziyyətdədir. Strateji tərəfdaşı olan İrana qarşı müharibənin dayandırılmasına çalışsa da, Vaşinqton və Tel-Əviv Kremlin çağırışlarını qulaqardına vuracaqlar".
Elxan Şahinoğlunun fikrincə, Azərbaycanda bu müharibəyə münasibətdə müxtəlif və ziddiyyətli fikirlərin səslənməsi təbiidir:
“Bu normaldır, hamı eyni cür düşünə bilməz. İsrail-İran müharibəsinin nə ilə nəticələnəcəyini, qonşumuzdakı yanğının necə söndürüləcəyini proqnozlaşdırmaq çətindir. Ortada üst-üstə düşən və kəsişən maraqlar var. Ancaq bir məsələ aydındır: bölgəmiz artıq əvvəlki kimi olmayacaq” .
Afaq,
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ