Onlayn ictimai-siyasi qəzet
Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası Rusiyaya kartofun rüsumsuz idxalı üçün kvotanın hazırkı 150 min tondan 300 min tona qədər artırılmasını təsdiqləyib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qərar 31 iyul 2025-ci il tarixinədək qüvvədə olacaq.
AİK Şurası, həmçinin 30 iyun 2025-ci il tarixinədək pərakəndə satış şərti ilə 150 min tondan çox olmayan həcmdə kartofun Qazaxıstana rüsumsuz idxalı formasında tarifdən azad edilməsi barədə qərar qəbul edib.
Bildirilir ki, qəbul edilmiş gömrük-tarif tənzimləmə tədbiri Qazaxıstan və Rusiyada kartofun qiymətinin sabitləşməsinə yönəlib.
Qeyd edək ki, Qazaxıstan ölkədən kartof ixracına qadağa qoyduqdan sonra Rusiyada kartof çatışmazlığı hiss olunmağa başlayıb. Buna görə də rüsumsuz idxal həcminin artırılması qərara alınıb. Hesab olunur ki, yeni kvota 31 iyula qədər ölkədə kartofun qiymətini sabit saxlamağa imkan verəcək.
"Rosstat"ın məlumatına görə, 2024-cü ildə Rusiyada kartof yığımı 7 milyon 301 min 300 ton təşkil edib ki, əvvəlki ildəkindən 15,3 faiz azdır. Nəticədə 2024-cü ildə kartofla özünütəminetmə səviyyəsi 91,6 faiz təşkil edib ki, ərzaq təhlükəsizliyi doktrina göstəricisindən (95 faiz) bu da 3,4 faiz bəndi aşağıdır. 2023-cü ildə bu göstərici 101 faiz təşkil edib.
"Rosselxoznadzor"un məlumatına görə, ilin əvvəlindən mayın 7-dək Rusiya kartof idxalını 3,5 dəfə artıraraq 432,2 min tona çatdırıb.
Qeyd edək ki, Rusiyaya kartof ixrac edən ölkələrdən biri də Azərbaycandır. Bu ilin 3 ayında Rusiyaya 1009,36 ton kartof ixrac olunub ki, bu da 2024-cü ildəkindən (1 397,56 ton) 27,8 faiz azdır.
Musavat.com
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ