İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrant bəhanəsi ilə islamofobiya: Kabanov “sivilizasiya toqquşması”nı elan etdi

Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının üzvü Kirill Kabanov ölkədə yaşayan müsəlmanlara qarşı yönəlmiş narahatlıqları açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, Rusiyada miqrant problemi təkcə demoqrafik və sosial məsələ deyil, bu, artıq “sivilizasiya toqquşması”dır və bundan “qaçmaq mümkün deyil”.

Musavat.com xəbər verir ki, Kabanov konkret olaraq miqrantların “niqab geyinmək”, “şəhərlərdə heyvan qurban etmək” və “nəzərdə tutulmamış yerlərdə namaz qılmaq” kimi dini ayinlərindən şikayətlənib.

Onun sözlərinə görə, bu davranışlar artıq rus əhalisi tərəfindən təhlükə kimi qəbul olunur və gəlmələr “sıxışdırılmalı rəqiblər” kimi görülür.

Ekspertlər bildirirlər ki, Kabanovun bu ritorikası miqrantlara qarşı deyil, birbaşa müsəlmanlara qarşı yönəlib. Xüsusilə də Orta Asiya ölkələrindən gələn, həmçinin rus pasportu daşıyan müsəlman icmaları bu kontekstdə həm sosial, həm dini baxımdan təhlükəli element kimi təqdim olunur.

Bu kimi yanaşmalar Rusiyada islamofobik siyasətin və ümumi antisosial ritorikanın dərinləşdiyini göstərir. Son illər həm media, həm də hüquq-mühafizə sistemləri miqrantlara qarşı sərtləşdirilən yanaşmalarla diqqət çəkir. Lakin bu dəfə məsələ miqrasiya çərçivəsini aşaraq birbaşa dini həyat tərzinə və İslama qarşı çevrilmiş görünür.

Qeyd edək ki, Kirill Kabanov əvvəllər də sərt və radikal mövqeləri ilə tanınıb. Onun bu dəfəki çıxışı isə Rusiyada yaşayan milyonlarla müsəlman vətəndaşı narahat edəcək səviyyədə açıq diskriminasiya nümunəsidir.

Müşahidəçilər hesab edirlər ki, bu cür yanaşmalar təkcə sosial gərginliyi artırmır, həm də Rusiya daxilində etnik-dini qarşıdurmaları alovlandıra bilər. Ölkənin müxtəlif bölgələrində müsəlmanların namaz qılması və dini bayramlarda qurban kəsməsi adi haldır və bu, illərdir mövcud olan sosial dəyərlərin bir hissəsidir. Lakin Kabanovun bu çıxışı həmin normaları “qəbulolunmaz davranış” kimi təqdim etməklə, Rusiya dövlət strukturlarında dini ayrıseçkiliyin rəsmi səviyyədə təşviq olunduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR